Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 12:22

Google şirkətinə 2.7 miyard dollar cərimə elan edilib. Niyə?


google

Jurnalist Karen Gilchrist CNBC-nin saytında yazır ki, Avropa İttifaqının (Aİ) antiinhisar nəzarətçiləri iyunun 27-də texnologiya nəhəngi Google şirkətinin inhisar qaydalarını pozduğu barədə qərar çıxarıblar. Qərarda deyilir ki, Google özünün bazardakı hegemonluğundan sui-istifadə edərək daha kiçik rəqiblərini və Avropa müştərilərini əlverişsiz vəziyyətə salıb.

Google nə edib?

Avropa Komissiyasının gəldiyi nəticəyə görə, Google 2008-ci ildən bəri axtarış mühərrikini elə qurub ki, axtarış nəticələrində onun özünün əvvəllər “Froogle”, sonralar isə Google shopping xidmətində olan şirkətlər başqa rəqib ticarət bizneslərindən əvvəl görünsün.

Başqa sözlərlə, bu o deməkdir ki, siz internetdən almaq üçün nəyi isə axtaranda Google şirkətinin lazım bildiyi satıcılar axtarışın lap əvvəlində çıxır.

Bu da qeyd olunur ki, Google Shopping xidmətinə daha yüksək reytinq verməklə, Google şirkəti əvvəllər zəif olan xidmətinə trafiki əhəmiyyətli şəkildə artırıb. Beləliklə, onun xidmətinə daha çox giriş daha çox da gəlir gətirib.

Axtarış zamanı başqa rəqib şirkətlər nəticə sırasının quyruğunda çıxırlar və beləliklə onların saytlarına trafik və giriş də daha az olur.

Bizneslərin öz populyarlığından fayda götürmək haqqı olsa da, Avropa Komissiyası belə qərara gəlib ki, Google bu proses zamanı Aİ-nin bazarların müdafiəsinə xidmət edən qaydalarını pozub.

Avropa İttifaqının rəqabət məsələləri komissarı Margrethe Vestager deyib ki, Goiogle-un etdiyi Aİ-nin antiinhisar qaydalarına ziddir.

Xanım Vestager bildirib ki, Google rəqib şirkətləri rəqabət imkanından məhrum edib.

Nəzarətçilər bunu necə aşkar ediblər?

Aİ tənzimləyiciləri əvvəlcə Google-dan şikayətlərdən narahat olublar. Bu şikayətləri həm Avropa, həm də ABŞ-dakı şirkətlər edirdilər.

Bu iddialardan sonra 7 ildir davam edən araşdırma başlanıb. Məhz bu vaxt təhqiqatçılar görüblər ki, Google sistematik olaraq öz məhsullarını “daha yaxşı yerdə” yerləşdirir.

Cərimə niyə belə böyükdür?

Vestager deyib ki, cərimə Google şirkətinin Aİ qaydalarını “ciddi və davamlı” şəkildə pozmasını əks etdirir.

Avropa İttifaqının antiinhisar komissarı Margrethe Vestager
Avropa İttifaqının antiinhisar komissarı Margrethe Vestager

Aİ qaydalarına görə belə hallarda qaydaları pozan şirkət qlobal dövriyyəsinin 10 faizi həcmində cərimə ödəməlidir. Bu baxımdan Google şirkətinə qoyulan cərimə 9 milyard dollar da ola bilərdi, çünki Google şirkətinin daxil olduğu Alphabet qrupunun 2016-cı il üçün ticarət dövriyyəsindən məhz belə rəqəm alınırdı.

Bundan başqa Google şirkətinə, deyilən qayda pozuntularını düzəltmək üçün 90 gün vaxt verilib. Bu baş verməsə, yenə də cərimələr elan edilə bilər.

Bütün bunlar Google üçün nə deməkdir?

Google iyunun 27-də bildirib ki, barəsində çıxarılan qərarla “ehtiramlı bir şəkildə razılaşmır” və cərimənin ləğv olunması üçün Avropa Ədalət Məhkəməsinə müraciət edəcək.

Belə bir apellyasiya işi 2020-ci ilədək uzada bilər.

Google şirkətinin vise-prezidenti Kent Walker öz bloqunda yazıb ki, şirkət istifadəçiləri minlərlə reklamçılarla birləşdirən reklamlar verir və belə əlaqələndirmədən hər iki tərəf mənfəət götürür.

Google şirkətinin apellyasiya cəhdinin uğurlu olub-olmayacğı bəlli deyil, lakin Avropa Komisssiyası ona qarşı iki başqa təhqiqat da başlayıb. Bir şeyi dəqiq demək olar ki, bu proses çox uzun çəkə bilər.

Lakin hər halda bütün hüquqi çəkişmələr başa çatdıqdan sonra Google başqa şirkətlərə kompensasiyalar ödəməli ola bilər.

Google şirkəti barədə başqa təhqiqatlar hansılardır?

Avropa Komissiyası habelə Google şirkətinin Android əməliyyat sistemini necə işlətdiyini araşdırır. İddialara görə Google burada da alternativ sistemlərin yaradılmasına əngəl törədir.

Bəzi şərhçilər bu qənaətdədirlər ki, Aİ tənzimləyiciləri ABŞ şirkətlərinin üstünə düşüblər və Google şirkətinə qarşı cəriməyə də bu bucaqdan baxılmalıdır. Amma Aİ tənzimləyiciləri deyirlər ki, onların məqsədi Google kimi “yaxşı bir şirkətə” ziyan vurmaq deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG