Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:54

Ölən ananın qohumları şikayət edəcək


Abbas Səhhət adına 1 saylı Gəncə şəhər xəstəxanası təmirdən sonra,17 fevral 2016

Yanvarın 4-ü Gəncədəki Abbas Səhhət adına xəstəxanada doğuşdan sonra vəfat edən 23 yaşlı Tovuz rayon sakini Səkinə Əsgərova dəfn edilib. Dəfin mərasimi bu gün, yanvarın 5-də olub.

Bu haqda onun qohumu İntizam Məmmədov bildirib. O, S.Əsgərovanın ölümünün detalları haqda danışıb.

“Biz son anda bacım gəlinin üzünü gördük. Onda da, artıq, Səkinəni süni nəfəs aparatına qoşmuşdular və aydın idi ki, onun yaşama ehtimalı çox aşağıdır”, deyən İntizam Məmmədovun sözlərinə görə, öncə S.Əsgərovanı Tovuz Rayon Xəstəxanasına aparıblar. Amma orda həkimlər onu Gəncəyə aparmağı məsləhət görüblər.

Buna da bax: Gəncədə eyni xəstəxanada, eyni gündə daha bir ana ölüb

“Gah qanaxma, gah da böyrək çatışmazlığı dedilər”

Həkimlər əməliyyat zamanı
Həkimlər əməliyyat zamanı

“Biz də xəstəni ambulatorla yanvarın 4-də Gəncəyə gətirdik. Burada Abbas Səhhət adına xəstəxanaya yerləşdirildi. Bundan sonra onun üzünü görə bilmədik. Dəfələrlə həkimdən soruşsaq da vəziyyəti necədir, bizə cavab vermədilər”.

İ.Məmmədov deyir ki, qadın xəstəxanaya daxil olan kimi əməliyyata götürülüb, əməliyyatdan isə çıxmayıb. Yanvarın 4-də əməliyyatdan xeyli sonra cərrahiyyə otağında qadını görə biliblər. Onda da S.Əsgərovanın sağlıq durumu çox pis olub.

“Həkimlər ölümə səbəb kimi gah qanaxmanı, gah doğuşdan sonra böyrək çatışmazlığını göstərdilər. Amma bunların heç biri inandırıcı deyil. Bu sadəcə həkim bacarıqsızlığının və məsuliyyətsizliyinin nəticəsidir, qalan bütün dedikləri özlərinə bəraət qazandırmaq üçündür”, İ.Məmmədov deyib.

Xəstəxanaya polis çağırılıb

Polis, Post Patrul Maşını
Polis, Post Patrul Maşını

O, həkimlərdən ölüm olayının əsil səbəbini açıqlamağı tələb etdiklərini, amma bunun qarşılığında xəstəxana rəhbərliyinin polis çağırdığını bildirib. Onun deməsinə görə, polislər vəfat edən S.Əsgərovanın yaxınlarını həyətindən çıxarıblar.

“Cənazəni bizə yanvarın 5-i gecə saatlarında verdilər. Tovuza gələrək bacım gəlinini İbrahimhacılı kəndində dəfn etdik. Hələlik, şikayət etməmişik. Hüzr mərasimi başa çatsın, hüquq-mühafizə orqanlarına şikayət edəcəyik. Araşdırılsın görək ki, onun ölümünün səbəbi nədir? Əgər buna görə günahı olan aşkarlanarsa, qoy cəzalarını çəksinlər”.

Körpənin durumuna gəlincə, İ.Məmədov deyir ki, xəstəxanadan onlara deyilənə görə, uşağın durumu normaldır. Amma başları dəfnə qarışdığına görə, detallı bilgiləri yoxdur.

Buna da bax: Ana və uşaq ölümünə görə Azərbaycan öndədir

Xəstəxana şərh vermir

Hadisə ilə bağlı “Turan” Agentliyi-nin əməkdaşları Gəncədəki A.Səhhət adına xəstəxana ilə əlaqə saxlayıb. Xəstəxanadan sualları yalnız baş həkimin cavablandıra biləcəyini deyiblər.

Baş həkimin isə bir neçə dəfə iclasda olduğu, sonra da iş yerində olmadığı bildirilib. Dəfələrlə cəhd göstərilsə də, hələlik, onunla danışmaq mümkün olmayıb.

Həmin xəstəxanada yanvarın 4-ü başqa bir qadının da əməliyyat zamanı vəfat etdiyi söylənir.

XS
SM
MD
LG