Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 07:05

Gənc avropalıların yarısı demokratiyanı rədd edir


Gənclər

Gənc avropalıların yarısı düşünür ki, demokratiya idarəçiliyin ən yaxşı formasıdır. Fransa, Polşa və İtaliyada isə daha az gənc bu fikirdədir. «Newsweek» dərgisinin yazdığına görə, bunu yeni sorğu üzə çıxarıb.

Almaniyanın TUI Fondunun sifarişiylə YouGov sorğu mərkəzinin keçirdiyi rəy sorğusunda Avropa Birliyinin 7 ölkəsində 16-26 yaşlı 6 min gəncin fikri soruşulub. Həmin ölkələr Fransa, Almaniya, Yunanıstan, İtaliya, Polşa, İspaniya və Böyük Britaniyadır.

3 ÖLKƏDƏ GÖSTƏRİCİLƏR YARIDAN DA AZDIR

Üzə çıxan odur ki, gənc avropalıların 52 faizi demokratiyanı ölkəni idarə etməyin ən yaxşı yolu sayır. Ancaq Fransada 42, İtaliyada 45, Polşada 42 faiz belə düşünür. Almaniya (62%) və Yunanıstan (66%) demokratiyanın beşiyi sayıldıqları kimi, bu ölkələrin gəncləri də demokratiyanı daha çox dəstəkləyir.

Gənclərin çoxu gələcəklərinə bədbin yanaşır, yalnız 26 faiz valideynlərindən daha yüksək yaşayış standartı əldə edə biləcəyinə inanır. 52 faizdən çoxu inanır ki, əvvəlki nəsillərdən də pis yaşayacaqlar.

Marine Le Pen və Emmanuel Macron.
Marine Le Pen və Emmanuel Macron.

Narahatlıq yaradan odur ki, daha öncə keçirilən sorğu da Qərb dünyasındakı gənclərin demokratiyadan üz çevirdiyini ortaya qoymuşdu.

57 VƏ 42 FAİZ

2005-14-cü illərdə aparılmış Dünyada Dəyərlər Sorğusu (World Value Survey) üzə çıxarmışdı ki, 1980-ci illərdə doğulmuş ABŞ vətəndaşlarından yalnız 57.1 faizi demokratik idarə olunan ölkədə yaşamağı vacib sayıblar.

Avstraliyada isə 18-29 yaşlıların yalnız 42 faizi düşünürdü ki, demokratiya idarəçiliyin ən üstün formasıdır. Bu sorğunu isə 2016-cı ildə Sidneydəki Beynəlxalq Siyasət üzrə Loui İnstitutu aparmışdı.

«Newsweek» yazır ki, bu araşdırmalar liberal siyasətçilərin üzləşdiyi çətinlikləri göstərir. Həm də seçicilərin çoxunun ifrat namizədlərə və partiyalara üz tutduğu bir məqamda.

Bu bazar – mayın 7-də Fransada prezident seçkisində liberal mərkəzçi Emmanuel Macron-un qələbə qazanacağı gözlənilir. Amma onun rəqibi, ifrat sağçı Marine Le Pen də səslərin 40 faizini topalaya bilər ki, bu, onun «Milli cəbhə» partiyası üçün tarixi qələbə olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG