Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:01

Azərbaycanın demokratiya balı düşür


Bakıda etiraz aksiyası, arxiv fotosu
Bakıda etiraz aksiyası, arxiv fotosu

Freedom House: “Azərbaycanın Keçid Ölkələri balı (NIT) son onildə demək olar hər il pisləşib, reytinqi hətta Rusiya, Tacikistan və Belarusdan da arxada qalıb”

-

Avropada və Avrasiyada demokratikləşdirmə cəhdləri avtoritar dövlətlərin və digər rəqiblərinin yeni, getdikcə aqressivləşən hücumlarına məruz qalır. Freedom House hüquq-müdafiə təşkilatının iyunun 23-də açıqladığı “Keçid Ölkələri 2015” hesabatında belə deyilir.

Qurum 2014-cü il üzrə 29 ölkədə demokratiyanın vəziyyətini dəyərləndirib. Onlardan 13-ü demokratik, 6-sı keçid rejimi, 10-u isə avtoritar rejim adlandırılıb.

Ümumilikdə, ötən 10 ildə olduğu kimi orta demokratiya göstəricisi azalıb. Avrasiyada ən pis reytinq alan ölkələrin sayı son 10 ildə 2 dəfə artıb.

Ötən il Rusiya reytinqi ən çox düşən ölkə sayılıb. Bu da Kremlin ölkədə narazıları susdurması, Ukraynada sabitliyi pozmaq cəhdləri ilə bağlıdır.

Ukraynanın reytinqi isə əksinə, yaxşılaşıb.

Azərbaycan da daxil olmaqla, daha bir neçə ölkənin demokratiya reytinqinə baxaq:

Gürcüstan – 4.64

Ermənistan ­– 5.36

Tacikistan – 6.39

Rusiya – 6.46

Qazaxıstan – 6.61

Belarus – 6.71

Azərbaycan – 6.75

Türkmənistan – 6.93

Özbəkistan – 6.93

Ölkələr 1– 7 balla qiymətləndirilib. 1 – demokratik inkişafın ən yüksək, 7– ən aşağı həddini göstərir.

İLDƏN-İLƏ PİSLƏŞƏN REYTİNQ

“Avrasiyanın avtoritar rejimləri yorulmadan öz xalqlarına xəbərdarlıq edirlər ki, Ukraynadakı kimi demokratiyaya doğru irəliləmək ancaq xaosa, zorakılığa və yoxsulluğa gətirib çıxara bilər,” hesabatın layihə direktoru Sylvana Habdank- Kołaczkowska deyir. “Onların səhv düşündüyünü göstərmək üçün AB və müttəfiqləri Ukraynada uğurlu demokratiyanın inkişafına daha artıq maliyyə və siyasi dəstək verməlidir”.

Hesabatda Azərbaycan, Qırğızıstan Rusiya, Tacikistan kimi ölkələrdə QHT-lərin hüquqi məhdudiyyətlər və hökumətin təqibinə məruz qaldığı qeyd olunur. Bütün bunlar da həmin 4 ölkədə vətəndaş cəmiyyəti üzrə reytinqin düşməsinə gətirib.

Avrasiyada demokratik irəliləyişin qeydə alındığı ölkələr Gürcüstan və Ukraynadır. Belarus, Türkmənistan və Özbəkistan isə ən aşağı göstəriciləri qazanıb.

“Azərbaycanda İlham Əliyev fəallara və rəsmi səviyyədə korrupsiyaya işıq salan jurnalistlərə çoxillik təzyiq kampaniyasına yeni dalğa gətirdi. Çoxu xuliqanlıq, qanunsuz silah və narkotik saxlama kimi saxta ittihamlarla həbs olundu. ABŞ-ın maliyyələşdirdiyi media və demokratiya təşkilatlarını bağlamasına baxmayaraq, Avropa Şurasına sədrlik etdi və hazırda Avropa Oyunlarına ev sahibliyi edir. Azərbaycanın Keçid Ölkələri balı (NIT) son onildə demək olar hər il pisləşib, reytinqi hətta Rusiya, Tacikistan və Belarusdan da arxada qalıb”.

BELARUSDAN GERİ

“Azərbaycanın demokratiya balı 6.75-dir, yəni ən aşağı hədd sayılan 7-yə yaxınlaşır. Vaxtilə “Avropanın sonuncu diktaturası” adlanan Belarus indi Azərbaycandan öndədir. Hər iki ölkə ötən il bir neçə siyasi məhbusu azad edib. Ancaq siyasətdə elə bir dəyişiklik baş verməyib, müstəqil siyasi fəaliyyətə daha böyük dözümlülük göstərilməyib. İlsonuna Azərbaycanda azı 90 siyasi məhbus olub,” hesabatda oxuyuruq.

“Rusiyanın avtoritar qonşularının çoxu demokratiya və insan haqlarına eyni dərəcədə düşməncəsinə yanaşır. Ancaq onlar Moskvanın imperialistik davranışından da narahatdırlar. Bu zaman həmin ölkələrin islahat yoluna çəkilməsi üçün güzəştlər qoparmaq imkanları yarana bilər. Qazaxıstan, Azərbaycan və ya Belarus yeni geosiyasi reallıqda balans mənbəyi kimi Avropa və ya Birləşmiş Ştatlara tərəf boylanır. Brüssel və Vaşinqton siyasi məhbusların buraxılması, müxalifət partiyaları və mediaya məhdudiyyətlərin yüngülləşdirilməsi şərtlərini irəli sürmək fürsətini qaçırmamalıdır”.

Hakimiyyət təmsilçiləri ölkədə demokratiyanın, fundamental azadlıqların tam bərqərar olduğunu bildirir. Freedom House kimi beynəlxalq hüquq-müdafiə təşkilatları isə ölkəyə qarşı qərəzli mövqe sərgiləməkdə, qarayaxma kampaniyası aparmaqda ittiham olunur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG