Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:12

'Mən kobud deyiləm, sadəcə, fransızam'


Fransız. Foto arxiv
Fransız. Foto arxiv

Guillaume Rey adlı əməkdaş çalışdığı Kanada restoranını onu «aqressiv, kobud və nəzakətsiz» olduğu üçün işdən qovduğuna görə məhkəməyə verib.

Fransadan olan yeməkpaylayan deyir ki, davranışında qeyri-adi bir şey olmayıb, o, sadəcə, fransızdır.

Fransız mədəniyyəti «daha birbaşadır»

G.Rey Kanadanın Sakit okean sahilboyunda yerləşən Vankuver şəhərindəki restoranların birində çalışırmış. O, Britaniya Kolumbiyası əyalətinin İnsan hüquqları tribunalına müraciət edərək, «təmsil etdiyi mədəniyyətə qarşı ayrıseçkilik» iddiası qaldırıb.

İri restoran şəbəkələrinə sahib olan «Cara Operations» şirkətinin idarə etdiyi restoran Rey-i davranış kodeksini pozduğu üçün işdən çıxarıb. Restoran bildirib ki, keçmiş əməkdaş işinin müntəzəm yoxlanmasına, şifahi və yazılı tövsiyələrə baxmayaraq, israrlı belə davranışı davam etdirib.

Ayrıseçkiliyə məruz qaldığını iddia edən Rey-sə deyir ki, fransız mədəniyyəti, sadəcə, «daha birbaşa və ekspressivdir».

O daha sonra bildirib ki, işdən qovulması «birbaşa, səmimi və peşəkar şəxsiyyəti» ilə bağlıdır və o bu məziyyətləri Fransanın restoran industriyasında təlim alarkən qazanıb.

İşini yaxşı görüb

Bir məsələdə hər iki tərəf bir-biri ilə razılaşır: Rey arzuolunmaz olduğu iddia edilən davranışına rəğmən, öz işini yaxşı görüb.

Restoran və onun mənsub olduğu ana şirkət G.Rey-in şikayətinin ləğvinə cəhd göstərsələr də, tribunalın üzvü Devyn Cousineau onların müraciətini rədd edib və deməli, məhkəmə dinləməsi baş tutacaq. Hələlik, dinləmənin vaxtı təyin edilməyib.

Xanım Cousineau bildirib ki, müraciətin rədd edilməsi işin nəticəsinin göstəricisi kimi görülməməlidir. «Cənab Rey-in fransız irsi onun iş yerinin davranış standartlarını pozması kimi anlaşılan davranışına necə yol açıb? Cənab Rey bunu izah etməli olacaq», – deyə o, öz qərarında yazıb.

Restoran iddia edib ki, cənab Rey işdə baş qaldıran mübahisə zamanı başqa bir yeməkpaylayanı ağlamaq səviyyəsinə çatdırdıqdan sonra işdən qovulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG