Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 22:02

Fransada seçkidən sonra dünya rahat nəfəs aldı


Emmanuel Macron və Marine le Pen

Fransada aprelin 23-də keçirilmiş prezident seçkisinin birinci raundu Qərb mediasının aparıcı mövzusudur.

«The New York Times» qəzeti yazır ki, seçkinin birinci raundunun nəticələri açıqlanandan sonra Fransa və digər yerlərdəki liberal demokratiya tərəfdarları rahat nəfəs aldılar.

Mərkəzçi, Avropa Birliyi tərəfdarı, ötən il «En Marche!» (İrəli) partiyasını yaratmış Emmanuel Macron ifrat sağçı «Milli cəbhə» partiyasından namizəd Marine Le Pen-i qabaqladı. Mayın 7-də seçkinin yekun raundu olacaq. Rəy sorğuları Macron-un Le Pen-ə asanlıqla qalib gələcəyini göstərir. Di gəl, qəzet yazır ki, Fransa siyasi baxımdan dərindən parçalanmış və kövrək durumdadır.

AVROPANIN GƏLƏCƏYİ

«Cənab Macron 7 may seçkisini də udsa, bu, Avropadan ötrü yaxşı xəbər olacaq. Fransa da qurumdan çıxsaydı, Avropa Birliyi duruş gətirə bilməyəcəkdi. Le Pen bu məsələni referenduma çıxaracağını deyirdi və ona da güclü dəstəyin olması Avropada, bütün dünyada populist ifrat sağçıların təhlükəli yüksəlişinin əlamətidir. Görünən odur ki, Fransada işsizlik ikirəqəmli səviyyədə qaldıqca, onun immiqrasiyaya qarşı çıxan «Milli cəbhə» partiyası güclü mövqeyini itirməyəcək. Üstəlik, fransızların çoxu qlobal elitalar tərəfindən atıldıqlarını düşünür, başqa yerdə ümid görmürlər. Xanım Le Pen bazar günü seçkisindəki performansını «fransız qürurunun göstəricisi» adlandırıb», – məqalədə deyilir.

Qeyd edək ki, Macron səslərin 24, Le Pen isə 22 faizini toplayıb.

Marine Le Pen
Marine Le Pen

«Fransa, ola bilsin, yeni, kövrək bir siyasi eraya qədəm qoyur, amma bazar günü seçicilər Macron-un ümidverici mesajını aldıqlarını sərgilədilər. Buraya onun immiqrantlara və müxtəlifliyə açıqlığı da daxildir. Son terror hücumlarından sonra xanım Le Pen qara kampaniyaya girişmişdi. Macron bazar günü deyib ki, «millətçi təhlükəsinə qarşı patriotların prezidenti olmaq istəyir»... Fransa mayın 7-də kəskin seçim qarşısında qalacaq. Avropanın gələcəyi təkcə Macron-un qələbəsindən deyil, onun vədini necə yerinə yetirməsindən asılı olacaq», – qəzet baş məqaləsində yazır.

GÖZLƏNİLMƏZ QƏLƏBƏ

«The Washington Post» qəzetində Anne Applebaum da Fransa seçkisinin yeni siyasi bölgünü ortaya qoyduğunu qeyd edir.

«Fransa seçkisinin ikinci raundunun gündəmi aydındır: açıq vs. qapalı, inteqrasiyaçı vs. təcridçi, gələcək vs. keçmiş. 2002-ci ildə prezident seçkisinin ikinci raundunda 18 faiz səs toplamış atasından fərqli olaraq, Marine Le Pen-in mayın 7-də daha artıq seçicinin dəstəyini qazanacağı gözlənir. Hazırda Macron-dan geri qalsa da, gözlənilməz qələbə də qazanıla bilər. Jean-Luc Mélenchon-a səs vermiş köhnə solçuların bəziləri Lep Pen-in ticarət proteksionizmi, bankirlər, beynəlxalq bizneslə bağlı dediklərinə, François Fillon-a səs vermiş köhnə sağçıların bir hissəsi isə onun «ənənəvi dəyərlər»lə bağlı sərgilədiyi mövqeyə rəğbət bəsləyir», – müəllif yazır.

Femin hərəkatı fəalarının Parisdə etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

YENİ PREZİDENTİ NƏ GÖZLƏYİR

«The Times» qəzeti isə ikinci raundun qalibini ağır problemlərin gözlədiyini vurğulayır. Birincisi, parlamentdə çoxluğu tərəfinə çəkmək lazım gələcək ki, bu da asan olmayacaq. İyunda keçiriləcək parlament seçkisində 577 dairənin yarısında yeni namizədlər yarışacaq. Onlar da təklifləri qanunlara çevirə bilməsələr, prezidentə ölkəni idarə etmək xeyli çətinləşəcək.

Prezident seçkisinin qalibi 10 ildən çoxdur hökumətlərin yayındığı problemlərlə üzləşməli olacaq: nəhəng büdcə defisitini, işsizliyi azaltmaq, işəgötürənlərə işəgötürmə və işdənçıxarmada daha çox azadlıq vermək, yoxsulluqla, ekstremizmlə mübarizə və sairə.

Məqalədə vurğulanır ki, ikinci raundun qalibi Fransanın hər tərəfdən qloballaşma, terrorçuluq və miqrasiyanın təzyiqi altında çökməkdə olan dövlət olmadığını sübut etməlidir və bu da asan başa gəlməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG