Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 03:42

Fransa müsəlmanları yeni qanundan hiddətlənib


Fransa - Parisdəki məscid önündə polis əməkdaşı. EPA

Fransa müsəlmanları prezident Macron-un təşəbbüsü ilə parlamentdə qəbul edilən qanundan hiddətləniblər.

Fransa parlamenti böyük səs çoxluğu ilə milli təhlükəsizlik haqda yeni qanunu qəbul edib.

Müsəlman icmasının etiraz etdiyi bu qanun "dövlətin terrorçuluqla mübarizədə səlahiyyətlərini genişləndirir".

Qanunu tənqid edənlər isə bildirir ki, bu, insan haqları və azadlıqlarını ciddi şəkildə məhdudlaşdırır.

Prezident Emmanuel Macron hesab edir ki, bu qanun Fransada islamçıların törətdiyi terror aktlarının qarşısının alınmasında mühüm addımdır.

Belə hücumlar 2015-ci ildən bəri Fransada 239 adamın həyatına son qoyub.

Elə ötən həftənin sonu bir terrorçu bıçaqla Marsel dəmiryol stansiyasında 2 qadını qətlə yetirib.

Buna da bax: QMİ: 'Ərəb turistlər nəzarətdə saxlanmalıdırlar ki, başqa işlər görməsinlər'

İslam dövləti terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bazar ertəsi isə Parisdə 5 nəfər bomba düzəltməyə cəhd ittihamı ilə saxlanıb.

2015-ci ilin noyabrında Parisdə 130 nəfərin ölümü ilə nəticələnmiş terror aktından sonra Fransada fövqəladə vəziyyət elan edilib və indiyəcən davam edir.

Bu "müvəqqəti rejim" zamanı hüquq-mühafizə orqanlarına səlahiyyət verilib ki, əgər kimdənsə şübhələnirlərsə, onu məhkəmə qərarı olmadan saxlasınlar.

Yeni qanundan sonra, müvəqqəti olaraq tətbiq edilmiş bu qaydaların bəziləri daimi olacaq.

Yeni qanuna görə, Fransa polisi məhkəmənin qərarını gözləmədən şübhəlilərin evlərində axtarış apara, onların hərəkətini məhdudlaşdıra, hətta ev dustağı edə bilər.

Yerli hakimiyyətlərə imkan veriləcək ki, zorakılığa çağırışların səsləndiyi, zorakı ideyaların, yazıların yayıldığı, müzakirə edildiyi ibadət yerlərini bağlaya bilsinlər.

Qanunun tənqidçiləri bütün bunları "daimi fövqəladə vəziyyət" adlandırırlar.

İnsan haqları fəalları Macron-un təşəbbüsü ilə qəbul edilən bu qanunu tənqid atəşinə tutublar.

BMT-nin iki rəsmisi isə Fransa rəhbərliyinə "təməl azadlıqlara çoxsaylı məhdudiyyətlər qoyan" qanunu sərt ifadələrlə tənqid edən məktub yollayıblar.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG