Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:08

Dağlıq Qarabağ münaqişəsi niyə alovlanır?


İlham Əliyev hərbi təlimləri izləyir.
İlham Əliyev hərbi təlimləri izləyir.

-

İran, Rusiya və İsrailin hiyləgər üçbucağı; İŞİD məğlub ediləndən sonra İraq uğrunda əsl savaş başlanacaq – 26 fevral Qərb mediasının icmalı.

«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin alovlanması illərdir sürən gərginliyin kulminasiya nöqtəsiydi. Regionda iqtisadi düşüş və Rusiya-Türkiyə ədavəti də münaqişəni körükləyir». Worldpoliticsreview.com saytında Michael Cecire belə yazır.

Müəllif Dağlıq Qarabağ münaqişəsinə təsir göstərən regional amilləri təhlil edir və vurğulayır ki, son toqquşmalardan sonra tərəflər nəinki davamlı sülh danışıqlarına zərbə vurublar, münaqişənin bərpası ehtimalını da gücləndiriblər. Üstəlik, regiondakı iqtisadi durum da ürəkaçan deyil. Rusiyadakı iqtisadi geriləmə və neftin ucuzlaşması, özəlliklə, Azərbaycanda sabitsizlik «tufan»ı yaradıb. «İqtisadi durğunluq və siyasi repressiya altında əzilən sıravi ermənilər və azərbaycanlılar itaətsizlik, elitanın korrupsiyasından dolayı dözümsüzlük göstərirlər. Görünür, müharibə hər iki tərəfdə vətənpərvərlik hisslərini alovlandırır və ölkəiçi problemlərdən diqqəti yayındırır», - müəllif yazır.

«Rusiya-Türkiyə ədavəti də döyüşlərin qızışması ehtimalını artırır. Bəzi hesablamalara görə, aprelin əvvəlində tərəflərin verdiyi itki 2008-ci il Rusiya-Gürcüstan müharibəsində olduğundan çoxdur. Ancaq bu arada Moskva tərəfləri davamlı atəşkəsə cəlb etməyə çalışır. Moskvanın tarixən manipulyasiya etdiyini, periferiyasında münaqişələr yaratdığını nəzərə alsaq, niyyətlərinə şübhəylə yanaşılmalıdır. Ancaq son toqquşmalardan sonra Dağlıq Qarabağda sabitliyin yaradılmasını hədəfləyən istənilən cəhdi həvəsləndirmək gərəkir», - müəllif qeyd edir.

Vladimir Putin Moskvada İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşür.
Vladimir Putin Moskvada İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşür.

HİYLƏGƏR ÜÇBUCAQ

Rusiyanın Suriyada İsraillə kəşfiyyat əməkdaşlığını gücləndirməsinə baxmayaraq, İran Moskvayla əlaqələrini yaxşılaşdırır. «The Guardian» qəzeti yazır ki, Rusiya İrandan ötrü Suriya prezidenti Bashar al-Assad-ı dəstəkləyən strateji müttəfiqdir. Rusiya həmçinin, qlobal qaz bazarına düzən verən potensial tərəfdaşdır. Bütün bunlara baxmayaraq, Moskvayla Tehranın ziddiyyətləri də yox deyil.

Məsələn, Tehranla Moskva Assad-a dəstək verir, Rusiyanın eyni zamanda İsraillə əlaqələri sıx ziddiyyət yaradır. Tehran isə İsraili heç vaxt tanımayacağını deyir.

Oxşar fərqlər Rusiya-İsrail münasibətlərində da üzə çıxır. Rusiya sentyabrda Assad-a qarşı çıxanları bombalayanda, İsraillə toqquşma təhlükəsi yarandı. İsrail də Assad-ın «Hizbullah» silahlı qruplaşması ilə alyansından narahatlığını əsas gətirərək, Suriyada hədəfləri vurmağa başladı.

İsrailin «Mossad» kəşfiyyat xidmətinin keçmiş təhlilçisi və əməliyyatçısı Yossi Alpher deyir ki, Rusiya və İsrail Suriyada uğurlu koordinasiya qurub və bu, Yaxın Şərqdə böyük strateji inkişaf sayıla bilər. Rusiya təyyarələri İsrailin nəzarətində olan Holan yüksəklikləri üzərindən uçanda, toqquşma potensialı vardı. Ancaq hər iki tərəf hazırlıqlı idi. «Holan üzərində Suriya təyyarələrini vurduq, Rusiyanınkını yox», - Alpher deyir.

Alpher ötən il çapdan çıxmış «Periferiya» kitabında İsrailin bir doktrinasına nəzər salır. Doktrina ölkənin Yaxın Şərqdə müttəfiq axtarışlarını əhatələyir. 1979-cu il inqilabından öncə İranla əməkdaşlıq da nəzərdən keçirilirdi. Alpher 1979-cu ildə «Mossad»da bir müzakirədə iştirakını yada salır. Ayətulla Ruhollah Khomeini-nin öldürülməsi məsələsi götür-qoy olunurmuş.

Kürd peşmərgələri.
Kürd peşmərgələri.

İŞİD-LƏ SAVAŞ İÇİNDƏ SAVAŞ

«Stratfor» Araşdırmalar Mərkəzinin proqnozuna görə, «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasıyla əməliyyatlarda əməkdaşlıq edən İraq yaraqlıları bir-birilə savaşı davam etdirəcəklər. Siyasi və etnik icmalar yaraqlıların uğurlarına söykənərək Bağdadda güc sahibi olmağa çalışacaqlar.

«İŞİD-lə mübarizədə İranın dəstəklədiyi şiə yaraqlıların rolu iranpərəst şiə icmasına daha çox siyasi nüfuz qazandıracaq. İran və Türkiyənin dəstəklədiyi yaraqlılar İraqda regional rəqabəti ortalığa qoyur», - təhlildə vurğulanır.

«Stratfor» yazır ki, İraqda İŞİD-lə mübarizə, əslində, ölkədəki parçalanmanı pərdələmiş olub. Cihadçı qrupun tutduğu torpaqları geri almağa çalışan kürd peşmərgələri, şiə yaraqlıları və sünni tayfalar hökumət qüvvələri ilə birgə əməliyyat keçirdilər.

«Ancaq bu qruplardan hər biri daha artıq iqtisadi resursa çıxış əldə etmək, ərazi və siyasi nüfuz qazanmaq istəyir ki, bu da onları münaqişəyə cəlb edəcək. Vahid düşməni dəf edəndən sonra onların mübarizəsi daha qabarıq üzə çıxacaq», - «Stratfor» yazır.

«Bu qruplaşmaların rəqabəti təkcə məzhəbçilik deyil, İraqda beynəlxalq nüfuz savaşıdır. Türkiyənin İraqın şimalında sünni qüvvələri və peşmərgə döyüşçülərinə yardım məqsədilə hərbi qüvvə yerləşdirməsi şiələrdə şübhələr oyadıb. Bağdadla Tehran Türkiyənin şimalda mövqeyini gücləndirməsindən narahatdır. İŞİD məğlub ediləndən sonra İraq uğrunda əsl savaş başlanacaq», - təhlildə deyilir.

Həmçinin bax - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG