Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 03:11

Ağ ev Federal Tədqiqatlar Bürosundan (FBI) xahiş edib ki, prezidentin müşavirlərinin ruslarla bağlılığı haqda yazıları təkzib etsin. Bu günlərdə nüfuzlu nəşrlərdən biri – «The New York Times» prezident Donald Trump-ın seçki kampaniyası müşavirlərinin rus kəşfiyyat orqanlarıyla bağlılığı haqda məqalə dərc edib.

FBI MÜRACİƏTİ RƏDD EDİB

ABŞ mətbuatının yazdığına görə, Ağ ev administrasiyasının rəhbəri Reince Priebus məqalələri inkar etməsi, jurnalistlərlə söhbət edərək, heç olmasa, yazılanları şübhə altına alması üçün FBI-a müraciət edib.

CNN FBI direktoru James Comey-in müraciəti rədd etdiyini, bunu Rusiyanın ABŞ-da seçkilərə müdaxiləsiylə bağlı araşdırmanın davam etməsiylə bağladığını yazır.

CNN, əslində, Ağ evin FBI-a müraciətinin qanuna uyğun olmadığını, bu iki orqan arasında belə birbaşa əlaqələrin qanunla məhdudlaşdırıldığını qeyd edir. Yəni Ağ evin araşdırmanı aparmaqda olan FBI-a təzyiqi prosedur qaydalarının pozulması deməkdir.

«TƏZYİQ ETMİRİK»

Ağ evin sözçüsü Sean Spicer CNN-nin müraciəti belə yozmasına etirazını bildirib, «Biz onlara təzyiq etmirik, sadəcə, doğru olanı dilə gətirməklərini istəmişik», – deyib.

Sean Spicer
Sean Spicer

FBI mətbuata məsələylə bağlı açıqlama vermir. Büronun Ağ evə rədd cavabı göndərdiyini də CNN-ə adının açıqlanmasını istəməyən bir hüquq-mühafizə orqanı rəsmisi verib. Onun dediyinə görə, «The New York Times»ın ruslarla bağlantılar haqda məqaləsi çıxandan bir gün sonra Ağ evdə, hansısa toplantı çərçivəsində R.Priebus-la FBI-ın direktor müavini Andrew McCabe-in görüşü olub. Sonra isə R.Priebus yenə A.McCabe-lə, həm də J.Comey-lə əlaqə saxlayıb.

Ağ ev əvvəl bu məlumatları təkzib etsə də, sonra təsdiqləyib.

«KONQRES DƏRİNƏ GEDİB»

FBI bir söz deməsə də, Ağ ev «The New York Times»ın məqaləsini «zir-zibil» adlandırıb.

««The New York Times»ın yazısı heç bir mənbəyə əsaslanmır, amma Trump kampaniyasının rus casuslarıyla əlaqəsindən bəhs edir… Bizdə indi bu məsələni araşdıranlar çoxdur. Amma sizi inandırıram ki, mənə bunu deməyə səlahiyyət də verilib, kəşfiyyat idarələri bizə bu yazılanların doğru olmadığını, tam səhv olduğunu bildiriblər». Ağ ev administrasiyasının rəhbəri R.Priebus «Fox News Sunday»ə müsahibəsində belə deyib.

R.Priebus-un dediklərinə baxmayaraq, CNN-nin Konqresin kəşfiyyat komitələrindən əldə etdiyi məlumata görə, D.Trump-ın kampaniya üzvlərinin ruslarla əlaqəsiylə bağlı şübhələr var və araşdırmalar davam edir.

«Komitənin nəyi tapacağı, nəyi aşkara çıxaracağı, hansısa informasiyanı ictimaiyyətə açıqlayıb-açıqlamayacağı bəlli deyil. Amma araşdırmaların davam etməsi Konqresin dərinə getdiyini və bu dərinlərin Ağ evi narahat etdiyini göstərir», – CNN belə yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG