Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:52

Fatimə Mövlamlı: ‘Mən evdəyəm…’


Fatimə Mövlamlı (Facebook)
Fatimə Mövlamlı (Facebook)

Aprelin 5-də axşam saatlarında siyasi fəal Fatimə Mövlamlı Facebook səhifəsində öz videomüraciətini paylaşıb

O bildirir ki, son 4-5 gündə şəxsi həyatında problemlər olduğundan telefonunu söndürüb və rəfiqəsi ilə birgə qalıb.

“Mən rəfiqəmlə qalırdım. Telefonu söndürmək məcburiyyətində oldum. Bir dəfə anama zəng etdim ki, məndən narahat olmamanız üçün məlumat versin”, o qeyd edir.

Fatimə Mövlamlı onun barəsində sosial şəbəkələrdə yayılan məlumatları əsassız sayır.

“Məni yaxından tanıyan insanlar bilir ki, haqqımda hər şey yazmaq olar. Amma əxlaqsızlıq, guya haradasa tutulmuşam kimi yazılan məlumatlara inanmayın. Mən tutulmamışam. Evimizdəyəm, hər şey qaydasındaıdr. Sizi narahat qoyduğuma görə üzürlü sayın ”, o, vurğulayıb.

Bundan əvvəl, aprelin 5-də Mövlamlının yoxa çıxmasına dair xəbərlər yayılmışdı.

***

Hüquq müdafiəçiləri, siyasi partiya təmsilçiləri, ictimai fəallar 17 yaşlı Fatimə Mövlamlı ilə bağlı kampaniyaya başlayıb. “Fatiməni tapın! Fatiməni azad edin!” adı altında keçirilən kampaniyanın məqsədi martın 31-dən bu yana harada saxlandığı bəlli olmayan gənc fəal Fatimə Mövlamlının tapılması, əgər həbsdədirsə, onun azadlığa buraxılmasına nail olmaqdır. Bu barədə aprelin 5-də ictimai-siyasi fəalların keçirdiyi toplantıda hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib.

“Fatimə Mövlamlı yoxa çıxsa da, əslində, onun ictimai-siyasi proseslərdə aktiv iştirakına görə müəyyən orqanlar tərəfindən oğurlandığı ehtimal edilir. Mən ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri ilə görüşdə də israrla xahiş etdim ki, onlar da öz əlaqələrindən istifadə edib bu məsələ ilə maraqlansınlar. 17 yaşlı yeniyetmənin, aktiv fəaliyyətinə - “Facebook”da çağırışlar etməsinə, mitinqlərdə iştirakına, müəyyən kampaniyalara dəstək verməsinə görə oğurlanıb cəzalandırılması çox pis haldır. Bu insanın taleyi ilə bağlı qeyri-müəyyənlik var”, – O.Gülalıyev bildirib.

“ARTIQ GƏNC QIZA DA EYNİ CÜR DAVRANIRLAR”

Hüquq müdafiəçisi yada salıb ki, polislər Fatimə Mövlamlının yetkinlik yaşına çatmamasını əsas gətirib, onu 2017-ci ilin sentyabrında Milli Şuranın “Məhsul” stadionunda keçirdiyi mitinqə buraxmamışdılar. Bu səbəbdən onun kənarda ağladığını əks etdirən video-görüntülər sosial şəbəkələrdə yayılmışdı: “Çoxları Fatiməni oradan tanıyırdı. İndi isə elə həmin azyaşlı qızı fəallığına görə oğurlayırlar”.

Oqtay Gülalıyev bildirib ki, kampaniya çərçivəsində müvafiq dövlət orqanlarına müraciətlər göndəriləcək, sosial şəbəkələrdə bu məsələ gündəmdə saxlanacaq.

Müsavat partiyasının üzvü Nigar Həzi bu kampaniyanın nəticə verməsi üçün əhatə dairəsinin genişləndirilməsi, daha çox adam qoşulmasının vacib olduğunu düşünür. Deyir ki, kampaniya güclü olanda hökumət də geri çəkilmək məcburiyyətində qalır: “Mən təsəvvür edirəm ki, Avropanın hansısa ölkəsində 17 yaşlı qız bu şəkildə yoxa çıxsa, cəmiyyət necə reaksiya verər? Hamılıqla hökumətdən izahat tələb edərlər”.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev məsələ ilə əlaqədar digər orqanlarla yanaşı, Prezident Administrasiyasına da müraciəti zəruri sayır. Bildirir ki, təcili şəkildə məktub göndərilməli, cavab istənilməlidir: “Bu, kifayət qədər faciəvi məsələdir. Bizdə gənc oğlanların oğurlanıb həbs olunması, yerinin bildirilməməsi ənənəsi vardı. Artıq gənc qıza qarşı da eyni cür davranırlar. Bu həm də son aylar şiddətlənən savaşın göstəricidir”.

Yaxınlarının sözlərinə görə, Mövlamlıdan martın 31-dən bəri xəbər yoxdur. Onun üzərində Prezident İlham Əliyevin şəkilləri olan plakatların yayılmasından ibarət “Diktatoru tanıdaq” adlı kampaniyaya qoşulduğu, yoxa çıxmamışdan bir gün öncə polis tərəfindən saxlandığı və sonradan azadlığa buraxıldığı bildirilir.

Daxili İşlər Nazirliyindən Mövlamlının durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.

Son həftələr Azərbaycandan mühacirət edən bəzi siyasi fəallar Avropa şəhərlərində prezident İlham Əliyevi hədəfləyən “diktatoru tanıdaq” adlı aksiyalar keçirirlər.

Ancaq hakimiyyət rəsmiləri də bildiriblər ki, prezident Əliyevin opponentlərinə Azərbaycanda sivil şəkildə mübarizə aparmağa hər cür şərait var. Rəsmilər ölkədə heç kəsin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını bildirirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG