Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:04

Fərəc Quliyev: “Debatda mütləq dava-dalaş olmalı, ya butulka atılmalı deyil ki...


Foto arxiv
Foto arxiv

“Buna teledebat demək olmazdı. Orda debata imkan yox idi. Orda hər bir məsələylə bağlı tərəflər öz mövqelərini ortaya qoymalıydılar. Amma bu debat əvəzinə 8 nəfərin monoloqu oldu. Hərə öz fikrini ayrı-ayrılıqda ifadə etdi”, – prezidentliyə namizəd Sərdar Cəlaloğlu İctimai televiziyadakı debatlardan danışarkən belə deyir.

Prezidentliyə namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin qatıldığı bu debatlar ödənişsiz idi. Bu zaman hər bir namizədə konkret mövzuda mövqeyini açıqlamağa 7 dəqiqə 30 saniyə vaxt ayrılmışdı.

Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu

“Bir-iki dəfə hökumətin nümayəndəsi ilə mənim aramda debata cəhd oldu. O da vaxt məhdudiyyətinə görə davam etdirmədim”, – Sərdar Cəlaloğlu əlavə edir.

“Debat elə belə olar da...”

Prezidentliyə namizədlərdən biri Fərəc Quliyevsə, əksinə, rəqibi ilə razılaşmır, televiziyada “monoloq” söyləmədiklərini, “debat elə belə olar” deyə bildirir.

“O, subyektiv fikirdir. Mövzu qoyulub. Hər kəs də həmin mövzuda öz fikrini açıqlayıb. Məsələn, ölkənin təhlükəsizliyi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər namizəd öz baxışını ortaya qoydu. Biri Rusiya ilə müttəfiqlikdə maraqlı olduğunu bildirir, mən məsələn, NATO ilə, Qərblə müttəfiqlikdə maraqlıyam. Bu tipli normal mükalimələr və müzakirələr getdi. Debat elə belə olar. Mütləq dava-dalaş olmalı, ya butılka atılmalı deyil ki...”

Fərəc Quliyev
Fərəc Quliyev

Buna da bax:Sərdar Cəlaloğlu: 'Ancaq 'İlham, İlham' deyəndə...'

“Mitinq keçirməyə özümüzün həvəsi olmadı”

21 günlük təbliğat təşviqat kampaniyası aprelin 9-da başa çatacaq.

Fərəc Quliyev kampaniyanın gedişindən razıdır, deyir ki, təbliğat-təşviqat dövründə onlara heç bir əngəl yaradılmayıb:

“Portretlərimizi, şüarlarımızı reklam edəndə mane olmayıblar. Proqramımızın təbliği məqsədilə 50 minə qədər kitabça hazırlamışıq, hər yerdə yaymışıq.

Prezidentliyə namizəd Fərəc Quliyev
Prezidentliyə namizəd Fərəc Quliyev

Görüşlər keçirmişik. Mitinq keçirməyə özümüzün həvəsi olmadı. Düşündük ki, açıq havada görüş keçirməkdənsə, elə qapalı zallarda görüşmək daha uyğundur. Düzdür, maliyyə məsələləri də rol oynadı, maddi imkanlar məhduddur. Başqalarını deyə bilmərəm, amma bu görüşlər məni qane etdi”.

“Kimə bəs etməyibsə özü bilər...”

Sərdar Cəlaloğlu da yerlərdə keçirdikləri görüşlərdən, apardığı təbliğat-təşviqat kampaniyasından məmnun qaldığını gizlətmir. O, kampaniya üçün ayrılan üç həftənin az olması haqda tənqidləri isə qəbul etmir: “Başqalarını deyə bilmərəm, 21 gün mənə öz təbliğatımı qurmağa bəs etdi. Kiməsə bəs etməyibsə özü bilər”.

“Coşğulu kampaniya olmadı”

Seçki üzrə mütəxəssis, “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafız Həsənov budəfəki prezident seçkisini “sakit seçki” kimi xarakterizə edir:

“Təbliğat coşğulu olmadı. Həm televiziya debatları, həm də seçki qanunvericiliyində keçirilməsi nəzərdə tutulan tədbirlər sönük keçdi. Halbuki prezident seçkilərinin mahiyyəti geniş kampaniya aparılmasını tələb edir”.

Hafiz Həsənov
Hafiz Həsənov

Hafiz Həsənov bu “sönüklüyün, səssizliyin” kampaniya müddətinin az olması, ikincisi də “hüquqi və siyasi mühit”lə bağlı olduğunu düşünür. Eyni zamanda, cəmiyyətdə “böyük nüfuzu sahibi, ciddi” alternativlərin olmamasının da öz təsirini göstərdiyini əlavə edir.

“Əsas siyasi qüvvələrin bu seçkilərdə iştirak etməməsi də proseslərə təsirini göstərdi. Belə götürəndə hüquqi, siyasi baxımdan başqa səbəblər də gətirmək olar”, – Həsənov qeyd edir.

“Seçki İTV-də həftədə üç saat efir verməklə bitmir”

“Seçki sadəcə, səsvermə günü gedib qutuya bülleten atmaq demək deyil. Seçki özü bir prosesdir, o tam demokratik olmadıqca onun hansısa elementinin qiymətləndirilməsini düzgün saymıram”, – hüquqşünas Ələsgər Məmmədli seçki kampaniyası dövrünü qiymətləndirərkən söyləyir. O, Azərbaycan cəmiyyətinin seçki prosesində iştirak etmədiyi qənaətindədir:

“Ani bir qərarla seçkinin vaxtı elan olunub. Bu məqsədlə ictimai müzakirələr, debatlar keçirilməyib. Seçki İTV-də həftədə üç saat efir verməklə bitmir. Cəmiyyət bu prosesdə geniş şəkildə iştirak etməlidir, alternativ fikirlər səslənməlidir, debat olmalıdır”.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Ələsgər Məmmədli Azərbaycanda seçkilərin formal xarakter daşıdığını düşünür. O, prezidentliyə 8 namizəddən 7-nin, sadəcə, “görüntü xatirinə” seçkiyə qatıldığını, onların “prezident olmağa nə ümidi, nə də istəyi var” söyləyir.

Ə. Məmmədli istər televiziyalarda, istər mediada bir neçə gün sonra prezident seçkilərinin keçirləcəyinin duyulmadığını qeyd edir: “Eyni ilə küçələrdə də bunu görməzsiniz. Küçələrdə afişlərə, reklam lövhələrinə, 3 milyonluq şəhərdə seçkiyə qatılan namizədlərin mitinqini görməzsiniz”.

O ki qaldı seçkiöncəsi debatların olmamasına, Məmmədli bunu hakimiyyətin ictimai müzakirələrdən çəkinməsi ilə izah edir: “Öncədən müəyyən edilmiş namizədlər belə çərçivəni azacıq aşan kimi prezidentin köməkçisi Əli Həsənov izahat verdi ki, filankəsə zəng vurdum. O, namizəd Hafiz Hacıyevin çıxışından sonra açıqlama verməli oldu. Və ya seçki öncəsi Xəzər Tv ödənişli efir vaxtının bir dəqiqəsini 7 min manatdan yuxarı müəyyən etmişdi. Bu o deməkdi ki, mənə yaxın durmayın”.

“Hakimiyyət... arzularına nail ola bilib”

“2005-ci ildən sonrakı seçkilərdə nəinki nəticələr saxtalaşdırılır, hətta seçki prosesi mövcud deyil”, – prezident seçkisini boykot edən Müsavat Partiyasının başqanı Arif Hacılı deyir.

Arif Hacılı
Arif Hacılı

O, 2000, 2003, 2005-ci illərdə seçki prosesinin, ab-havasının, az qala, hər addımda hiss olunduğunu, yalnız sonda seçkilərin saxtalaşdırıldığını qeyd edir. Partiya başqanının fikrincə, Azərbaycan hakimiyyəti son 13 ildə elə bir vəziyyət yaratmağa çalışıb ki, vətəndaşlar seçki prosesinin onlara dəxli olmadığı qənaətinə gəlsinlər. Məhz bu məqsədlə seçki kampaniyası dövrünün qısaldıldığını, seçkilərdə “normal rəqabət şəraitinin olmadığını” bildirir:

“Guya indi ölkədə prezident seçkiləri keçirilir. Prezident seçkiləri həlledici seçkidir. Ancaq xalq bu seçkilərdən təcrid edilib. Təəssüflə deyirəm ki, hakimiyyət cəmiyyəti seçki prosesindən kənarlaşdırmaq istiqamətindəki arzularına nail ola bilib”.

Buna da bax:Hafiz Hacıyev: 'Hafiz artistlik də etsə, xalqını bu zülmdən azad edəcək'

“Normal şərait yaradılıb”

Bugünlərdə ATƏT-in Azərbaycandakı Müşahidə Missiyası apreldə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb. Həmin hesabatda deyilir ki, seçki kampaniyası “zəif” hiss olunmaqdadır və onlar seçkilərin “rəqabətli əsasda keçiriləcəyini gözləmirlər”.

Buna da bax: ATƏT seçki ilə bağlı aralıq hesabatını açıqlayıb

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzadlıqRadiosu-nun “seçki ab-havası niyə “zəifdir” sualına birbaşa cavablandırmasa da deyib ki, beynəlxalq təşkilatlar bu gün Azərbaycanda açıq şəkildə həm iqtidarın, həm də müxalifətin fəaliyyətini müşahidə edirlər, hesabatlarını hazırlayırlar, “onlara iş görmək üçün normal şərait yaradılıb”.

“Bizim işimiz də elə bir şərait yaratmaqdır ki, bütün qüvvələr öz mövqelərini səsləndirə bilsinlər. Bir-iki gün qabaq mitinq keçirildi, müxalifət də fikirlərini orda azad şəkildə ifadə etdir”, – Seyidov deyib.

Səməd Seyidov
Səməd Seyidov

Prezident və eləcə də prezidentliyə namizəd İlham Əliyev seçkilərin azad, şəffaf, ədalətli və qanunlara uyğun keçiriləcəyini bəyan edib. O bu seçkilərin xalqın iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib.

Bu il aprelin 11-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilər altı ay irəli çəkilib. Əsas müxalifət partiyaları ölkədə demokratik seçkidən ötrü şərait olmadığını bildirərək seçkini boykot edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG