Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:29

Rusiyalıların 'Facebook'da reklam alması araşdırılır


Rusiya kiber-hücumu

ABŞ-da ötənilki prezident seçkisi zamanı rusiyalıların "Facebook" sosial şəbəkəsində siyasi reklamlar alması barədə informasiya Birləşmiş Ştatların uyğun agentliyini hərəkətə gətirib.

Federal Seçki Komissiyası sentyabrın 14-də bildirib ki, sosial mediada həmin reklamları kimin yerləşdirməsi barədə daha çox informasiya istəməyi nəzərdən keçirəcək.

Qurum həmçinin mövcud məsuliyyət tələblərinə yenidən baxa biləcəyini açıqlayıb. Hazırkı qaydalar sosial media şirkətlərinə aid deyil.

Buna da bax:​ Rusiya ‘Facebook’da Trump-ı necə reklam edib

“TƏLƏBLƏRƏ YENİDƏN BAXMALIYIQ”

“Son günlər 2016-cı il prezident seçkisi zamanı xarici oyunçular tərəfindən internetdə minlərlə siyasi reklamın gizli alınması barədə məlumat yayılıb. Artıq məntiqi olaraq, heç bir şübhə qalmır ki, internetdə məsuliyyət tələblərimizə yenidən baxmalı və müasirləşdirməliyik”, – komissiyanın Demokratlar Partiyasından üzvü Ellen L. Weintraub deyib. Məsələni qurum qarşısında elə o qaldırıb.

“Bizim hərəkətə keçməyimiz günü-gündən daha vacib olur. 2018-ci il seçkilərinədək bu dəyişiklikləri gerçəkləşdirmək borcumuzdur”, – deyən Weintraub əlavə edib ki, komissiya “Facebook”, “Twitter” və “Google”dan ictimai şəkildə ifadə almalı, bu şəbəkələrdə siyasi reklamları kimin yerləşdirdiyini öyrənməlidir.

ABŞ qanunvericiliyi Rusiya kimi xarici hökumətlərə reklam almağa icazə verir. Ancaq onlar bu xərclərini açıqlamalıdırlar, seçkilərə müdaxilələri də qadağan olunub.

Buna da bax:​ Facebook deyir ki, rusiyalılar ABŞ seçicilərini hədəfləmək üçün ondan istifadə ediblər

Rusiya ötənilki seçkilərə müdaxilə etmədiyini vurğulayır.

"Facebook" ötən həftə bildirib ki, ABŞ-da immiqrantlar və geylər kimi siyasi mesajlar təbliğ edən minlərlə reklamın alınmasına Rusiyadan 100 min dollar xərclənib. Sosial şəbəkə uyğun informasiyanı Rusiyanın seçkiyə müdaxiləsini araşdıran ABŞ Ədliyyə Departamenti və Konqres komitələrinə verdiyini bəyan edib.

FİKİR AYRILIĞI

"Facebook" reklamların surətini açıqlamayıb, onların Rusiya təşkilatları tərəfindən yerləşdirildiyini aşkarlayan kimi sildiyini bildirib.

Ancaq "Daily Beas"t saytı ötən həftə bəzi pozulmuş reklamları bərpa edə bildiyini yazıb. Həmin reklamlarda ABŞ prezidenti Donald Trump-ın seçki platformasının əsas məqamları təbliğ olunurmuş. Məsələn, qanunsuz mühacirlərin deportasiyasına, Meksikayla sərhəddə hasar çəkilməsinə çağırırmış.

Buna da bax:​ ABŞ rus hakerlərindən heyfini çıxa bilər

Seçki komissiyasının üzvləri isə qayda dəyişikliyinin vacibliyi, Rusiyadan gələn Facebook reklamlarının problem yaratması fikriylə elə də razılaşmırlar.

“Bu reklamların məzmunu, onların bizim yurisdiksiyamıza daxil olması barədə heç bir qənaətə gəlməmişəm, çünki həmin reklamlarda nə yazıldığını bilmirəm”, – komissiyanın respublikaçı üzvü Lee Goodman deyib. Komissiyanın iclası sentyabrın 14-də internetlə yayımlanıb.

İFADƏ VERMƏK ÇAĞIRIŞLARI SƏSLƏNİR

Goodman-ın sözlərinə görə, bu məsələ ABŞ Ədliyyə Departamentinin yurisdiksiyasına aid ola bilər. Bu qurum ölkədə işləyən xarici agentlərlə bağlı qanunların tətbiqinə nəzarət edir.

Buna da bax: 'Facebook' və 'Google' qəzetləri necə öldürür

Komissiyanın müstəqil sədri Steven Walther isə vurğulayıb ki, qaydaların tərtibində qurumun texnologiya sektorunun yardımına ehtiyacı ola bilər.

Bu həftə Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin aparıcı demokrat üzvü deyib ki, “Facebook”, “Twitter” və digər sosial media rəhbərləri Konqresdə ifadə verməyə çağrılmalıdırlar, Rusiyanın ötənilki seçkidə rolundan danışmalıdırlar.

“Görünən odur ki, rusiyalıları sosial media, pullu reklam, pullu tədbirlər, saxta və mənfi məlumatların yayılması kimi kompleks yanaşma tutublar”, – respublikaçı Adam Schiff Vaşinqtonda jurnalistlərə deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG