ABŞ-ın Klivlend şəhərində 74 yaşlı kişini öldürüb videosunu Facebook-a yerləşdirmiş şəxs dünən – aprelin 18-də öz maşınında həyatına son qoyub.
37 yaşlı Steve Stephens Pensilvaniya ştatında «McDonald’s» parkinq yerində imiş. Bir sakin onu görərək polisə yığıb.
Pensilvaniya polisi Stephens-in sürdüyü «Ford Fusion»un arxasınca düşüb. Amma o, maşını saxlayıb və özünü partladıb. Məlumatı jurnalistlərə Klivlend polisinin rəhbəri Calvin Williams verib.
50 MİN DOLLAR MÜKAFAT QOYULMUŞDU
Williams deyib ki, məsələnin bitməsindən məmnundurlar, amma bu cür sona çatmasını istəməzdilər, çünki xeyli suallar açıq qalır.
Həmin şəxs 14 nəvəsi olan 74 yaşlı Robert Godwin-in qətlində şübhəli bilinirdi.
«The New York Post» yazır ki, Godwin-in qızı Brenda Haymon Stephen-in «açıq-aşkar» intiharı barədə atasının dəfn hazırlığını görərkən xəbər tutub.
Federal Təhqiqatlar Bürosu (FBI) Stephens-i axtarışda olanlar siyahısına salmış, rəsmilər onun barəsində informasiyaya 50 min dollar mükafat qoymuşdu.
Rəsmi məlumata görə, Stephens Godwin-i Klivlenddə, Pasxa günü nahardan evinə qayıdarkən güllələyib. Daha sonra qətlin videosunu Facebook sosial şəbəkəsinə yerləşdirib. Paylaşdığı daha bir videoda isə digərlərini də ölümlə hədələyir, 13 nəfəri öldürdüyünü deyir. Amma polis Godwin-in yeganə qurban kimi tanıdığını söyləyir.
Stephens-in həm maliyyə sıxıntıları, həm də sevgilisiylə problemlər yaşadığı bildirilir.
FACEBOOK BARƏDƏ MÜZAKİRƏLƏR
Bu insident Facebook-a yerləşdirilmiş sonuncu cinayət halıdır və sosial şəbəkədə yayılan dəhşətli videolar haqda sualları yenidən gündəmə gətirib. Facebook bildirir ki, insident barədə məlumat alandan 23 dəqiqə içində Stephens-in hesabını bağlayıb.
«France-Presse» agentliyi sosial şəbəkənin zərərli kontent barədə məlumat verilməsi prosesinə yenidən baxdığını yazır.
«The Wall Street Journal» qəzetinin yazdığına görə, yanvardan bəri Facebook-da, azı, 60 qətl, intihar videoları və digər həssas materiallar yerləşdirilib. Ən çox müzakirə olunanı da Çikaqoda bir gəncin döyülməsi, irqinə görə məsxərəyə qoyulmasını göstərən videodur.
Facebook-un qlobal əməliyyatlar üzrə vitse-prezidenti Justin Osofsky Klivlenddəki hadisəni «dəhşətli cinayət» adlandırıb: «Bu, bizim siyasətimiz, müdafiə etdiyimiz bütün dəyərlərə qarşıdır. Bu dəhşətli hadisələr nəticəsində məlumatın ötürülməsi prosesinə yenidən baxırıq, adamların standartlarımızı pozan videolar və digər materiallar barədə xəbər verməsini mümkün qədər asanlaşdırmaq, sürətləndirmək istəyirik».