Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:20

'Facebook' 3 min əlavə işçi götürür


Facebook
Facebook

«Facebook» sosial şəbəkəsi zorakı kontentə nəzarət və yığışdırmağa 3 min əlavə işçi götürür. Bu haqda sosial şəbəkə mayın 3-də məlumat yayıb. Son vaxtlar «Facebook»da qətllər və intihar videolarının yayılması şəbəkəni bu addımı atmağa vadar edib.

7 MİNDƏN ÇOX ADAM MONİTORİNQ İŞİ GÖRƏCƏK

«Adamların «Facebook»da özlərinə əziyyət verdiyini görürük – bunu ya canlı edirlər, ya da videolar sonradan yerləşdirilir. Çox ağrılıdır və ... buna dərhal reaksiya verməliyik», – «Facebook»un rəhbəri Mark Zuckerberg deyib.

Cəmi bir həftə öncə bir tailandlı canlı yayımda körpə qızını öldürüb, daha sonra intihar edib. İki həftə qabaq isə «Facebook Qatili» adını almış bir nəfər axtarışa verildi, polisin əlinə keçmədən özünü öldürdü.

Bütün bu hadisələr dünyada sosial media platformalarıyla bağlı böyük müzakirələrə yol açıb. Bəzi videoların «Facebook»dan yığışdırılmasına bir gündən çox sərf olunub.

İndi həmin 3 min yeni əməkdaş sosial şəbəkənin 4 min 500 nəfərlik monitorinq komandasına qoşulur.

RÜBƏ 8 MİLYARD DOLLAR

«Facebook» mayın 3-də onu da bildirib ki, birinci rübün sonuna istifadəçilərin sayı 1.94 milyarda çatıb. Əvvəlki rübdə bu rəqəm 1.86 milyard, ötən ilin 1-ci rübündə isə 1.65 milyard idi. «CNN Money» yazır ki, indi hər gün «Facebook» xidmətlərindən 1.28 milyard nəfər istifadə edir.

Sosial şəbəkə bu ilin birinci rübündə 8 milyard dollar qazancı olduğunu bildirir. Ancaq satışda artım azalmağa başlayıb.

«Forbes» yazır ki, şirkət 2017-ci ildə xərclərin «mənalı» artacağı xəbərdarlığını da edib. O da qeyd olunub ki, «ad load» – şirkətin istifadəçilərə göstərə bildiyi reklamların həcmi bu il gəlir artımında daha az rol oynayacaq. Bundan sonra «Facebook»un səhmləri bir neçə saat ərzində 3% ucuzlaşıb.

«WhatsApp» və «Messenger»in hərəsinin hazırda bir milyarddan çox, «Instagram»ın isə 700 milyondan çox istifadəçisi var. «WhatsApp»ın «Snapchat»dən götürdüyü Status xidmətindən gündə 175 milyon nəfər istifadə edir. «Instagram Stories» isə «Snapchat»dən daha çox populyarlıq qazanmağa başlayıb.

XS
SM
MD
LG