Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:31

«Əhali kəmərini daha çox sıxmalı olacaq»


Azərbaycan ordusu
Azərbaycan ordusu

-

Qarabağ problemi, növbəti devalvasiya gözləntiləri, inhisarçılıq və məmur özbaşınalığı bu gün medianın aparıcı mövzusudur.

AZƏRBAYCAN ÜSTÜN TƏRƏFDİR...

«Azərbaycan» qəzetində dərc edilən «Azərbaycanın hərbi-siyasi üstünlüyü sülh danışıqlarının əsas amilidir» sərlövhəli məqalədə Qarabağ münaqişəsindən bəhs olunur.

Müəllif yazır ki, indi cəbhədə aktiv qarşıdurma baş vermir. Amma bu o demək deyil ki, hər şey qaydasındadır. Müəllifin düşüncəsinə görə, Azərbaycan bu il aprelin 2-dən 5-nə kimi baş vermiş hərbi əməliyyatlarda üstünlük əldə edib. İndi həmin üstünlük də münaqişənin tənzimlənməsi prosesinə öz töhfəsini verir. Məqalədə daha sonra prezidentdən sitat da gətirilir: «Vaxt gəlib çatıb ki, konkret addımlar atılmalıdır. İşğalçıya çox ciddi təzyiqlər göstərilməlidir ki, bu məsələ sülh yolu ilə öz həllini tapsın... Hərbi gücümüzü bilirik və aprel ayında döyüşlər zamanı hərbi potensialımızın ancaq kiçik bir hissəsi nümayiş etdirildi. Bu, Ermənistan rəhbərliyi üçün yaxşı bir dərs oldu».

Məqalədə qeyd edilir ki, Azərbaycan Qarabağ münaqişəsində haqlı tərəfdir: «Rəsmi Bakı bu reallığın kontekstində Ermənistana və vasitəçilərə sonuncu dəfə seçim imkanı verib: ya Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün gerçək danışıqlara başlanılsın, yaxud bu vəzifə Azərbaycan əsgərinin öhdəsinə buraxılsın».

Nemət Əliyev
Nemət Əliyev

NÖVBƏTİ DEVALVASİYA GÖZLƏNİR

«Azadlıq» qəzeti iqtisadçı-ekspert Nemət Əliyevin ölkənin iqtisadi duruma dair məqaləsini dərc edib.

İqtisadçı yazır ki, dövlət büdcəsinin gəlirləri 43 faiz azalıb. Büdcədə gərginlik sürətlə böyüməkdədir. Nemət Əliyev qeyd edir ki, büdcəyə martda 1.296 milyard, apreldə 1.036 milyard, mayda isə cəmi 740 milyon manat vəsait daxil olub: «Göründüyü kimi, mart ayı ilə müqayisədə daxilolmalar aprel ayında 260 milyon, may ayında isə 555 milyon manat azalıb. Aylıq azalma həcmi iki aya 21 faizdən 43 faizə yüksəlib».

İqtisadçının gəldiyi nəticəyə görə, bu gedişlə 17-18 milyardlıq dövlət büdcəsinə ancaq 13 milyard toplamaq olar. Belə olan halda isə büdcəsinin xərc bölməsi üzrə nəzərdə tutulan hökumət öhdəliklərini yerinə yetirmək daha da çətinləşəcək: «Onsuz da ixtisar edilmiş xərclər daha da azalacaq. Büdcəyə əlavə pul vəsaiti cəlb etməyin asan yolu kimi növbəti devalvasiya qərarı verilə bilər».

Nemət Əliyev hökumətə vəziyyətdən çıxış yolu kimi öz təkliflərini də verir. Onun düşüncəsinə görə, indiki halda ilk növbədə vergi və gömrük orqanlarının sahibkarlara təzyiqləri dayandırılmalıdır. İqtisadiyyatı çökdürən inhisar durdurulmalı, korrupsiya mexanizmi təcili şəkildə söndürülməlidir.

Dollar
Dollar

HÖKUMƏTİN İQTİSADİ İSLAHATLAR RESEPTİ

«Novoye Vremya» qəzetində çıxan «Manat yenidən eniş kursu götürüb» sərlövhəli məqalədə də ölkənin iqtisadi vəziyyəti təhlil edilib. Müəllif yazır ki, bundan sonra ölkədə dollara tələbat artacaq: «Burada bazar iqtisadiyyatının «tələb təklifi doğurur» mexanizmi işə düşəcək. Bu isə o deməkdir ki, dolların məzənnəsi artmaqda davam edəcək. İndi manatı təhvil verərək yaşıl əskinaz almaq istəyənlərin sayı çoxdur».

Müəllifin ehtimallarına görə, Azərbaycanda dolların məzənnəsinin artması təkcə neftin qiymətinin kəskin enməsindən irəli gəlmir. Burada Milli Təhlükəsizlik Nazirliyi və Beynəlxalq Bank ətrafındakı qalmaqallar da öz təsirini göstərib.

«Novoye Vremya» qəzetinin yazarı da düşünür ki, mövcud iqtisadi böhranın nəticələrini aradan qaldıra bilməyin yalnız bir yolu var- islahatlar. Ancaq onun gəldiyi nəticəyə görə, hakimiyyət islahatlara hazır deyil: «Vergi, gömrük, iqtisadi siyasət elə qurulub ki, sahibkar rüşvət verməyə məcburdur».

Müəllif yazır ki, Azərbaycan iqtisadiyyatının əsas bəlası inhisar və məmur özbaşınalığıdır: «Köhnə düşüncə ilə bu islahatları icra etmək mümkün deyil. Onun həyata keçirilməməsi isə ölkə iqtisadiyyatının uzun müddət «yuxuya» getməsi demək olacaq. Hakimiyyət bu haqda düşünməlidir. Hökumət buna hazır deyilsə, deməli, inflyasiya və iqtisadi böhran əhalini kəmərləri daha da sıxmağa məcbur edəcək. Bəlkə də, bu özü hökumətin iqtisadi islahatlar reseptidir».

Natiq Cəfərli
Natiq Cəfərli

DOLLAR ÜZƏRİNDƏ İNZİBATİ METODLAR

«Bizim Yol» qəzeti isə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirovun «manatın öz fundamental dəyərini tapması» haqda açıqlamalarını ekspertlərlə dəyərləndirib.

İqtisadçılardan Natiq Cəfərli qəzetə deyib ki, manatın məzənnəsi inzibati yolla müəyyənləşdirilib. Onun fikrincə, manatın gerçək bazar dəyərinin hansı səviyyədə olmasını söyləmək çətindir: «Məzənnənin adı «üzən məzənnə» olsa da, ancaq Mərkəzi Bankın inzibati qaydada təyin etdiyi səviyyələrdə müəyyənləşir».

Maliyyə mütəxəssisi Cəfər İbrahimli isə deyib ki, Mərkəzi Bank həm üzən məzənnə prinsipindən, həm də inzibati metodlardan yararlanmağa çalışır: «Mərkəzi Bank hər iki üsuldan istifadə edərək bir dolları 1 manat 50 qəpik, 1 manat 60 qəpik civarında saxlamaq və bu prosesi ilin sonuna kimi izləmək istəyir».

İqtisadçılar qeyd edirlər ki, son aylar əhalinin gəlirləri bir xeyli azalıb. Əks halda, dollara tələbat daha çox olardı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG