Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:34

Ermənistan qaçqını: "30 ilə yaxındır sənədsiz yaşayıram"


Foto arxiv
Foto arxiv

Südabə Nəsibova Azərbaycana qaçqın kimi gələndə 25 yaşı olub, indi 55 yaşındadır. Ailə qurub, övladları olub, hətta nəvələri də var, ancaq hələ də şəxsiyyətini təsdiqləyən sənədi yoxdur.

"Ermənistandan qaçıb gələndə pasportumu itirdim. 30 ilə yaxındır ki, Azərbaycanda sənədsiz yaşayıram. Gələndə 25 yaşım vardı, subay idim, indi 55 yaşım var, nəvələrim var, mənsə hələ də sənədsiz yaşayıram".

Bunu AzadlıqRadiosu-na Bakıda yaşayan Ermənistan qaçqını Südabə Nəsibova deyir.

Buna da bax: Məcburi köçkün: 'Bir insan ola, gedə, dərdimizi prezidentə deyə...'

“BU GÜN-SABAH ÖLÜB GEDƏCƏM, SƏNƏDİM YOXDUR”

Südabə Nəsibova uzun illərdir Azərbaycanın dövlət qurumlarının qapılarını döyən qaçqın şəxsiyyətini təsdiqləyən sənədi heç cür əldə edə bilmir. O danışır ki, 1988-ci ildə Qərbi Azərbaycandan Bakıya köç edəndən sonra buradakı qurumlara müraciət edib. Ancaq qaçqının dövlət qurumları ilə uzun-uzadı yazışmalarının da köməyi olmayıb:

"Mən hələ də bilmirəm ki, Azərbaycan vətəndaşıyam, ya yox... Uzun illər ərzində Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi, yaşadığım ərazi üzrə icra hakimiyyəti və başqa qurumlarla yazışmalarım da problemimi həll etməyib. Əlimdə yüzlərlə məktubun, teleqramın qəbzləri var. 30 ildir ki, dövlət qurumları ilə yazışıram, ortada heç nə yoxdur".

Azərbaycan daxili işlər nazirliyi
Azərbaycan daxili işlər nazirliyi

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi xanımın yazdığı məktublara cavablarda qeyd edib ki, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanuna əsasən, o, Azərbaycan vətəndaşı hesab olunur. Yaşadığı ərazi polis orqanının uyğun şöbəsinə müraciət edə bilər:

"Polisdə Dövlət Miqrasiya İdarəsindən sənəd istəyirlər. Həmin Xidmət isə məndən qaçqınlıq haqqında sənəd tələb edir. Yoldaşım, oğlanlarım, qızlarım – hamısının sənədi var, yoldaşımla nikahım var. Bir qurum deyir, bunlar yetərlidir, bir qurum deyir, yox, yetərli deyil və məndən məndə olmayan sənədləri istəyir. Bu gün-sabah ölüb gedəcəm, hələ də şəxsiyyət vəsiqəm yoxdur".

Beləcə, ötən 30 ilə yaxın müddətdə qaçqın çoxsaylı yazışmalarla vaxt itkisindən başqa heç nə əldə etməyib. Qaçqın düşdüyü Ermənistanın, yoxsa sığındığı Azərbaycanın vətəndaşı olduğunu hələ də dəqiq bilmir.

Foto arxiv
Foto arxiv

“AZƏRBAYCAN VƏTƏNDAŞIDIR”

Hüquqşünas Vaqif Alıyev deyir, 1998-ci ilin oktyabrında “Azərbaycan Respublikasının Vətəndaşlığı Haqqında” qanun qüvvəyə minib. Qanunun 5-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndi ilə Azərbaycan ərazisində 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-nədək məskunlaşmış qaçqın Azərbaycan vətəndaşıdır. Hüquqşünas:

“Bu o deməkdir ki, həmin qaçqınlar naturalizasiya qaydasında Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş oldular. Südabə Nəsibova vaxtilə pasportunu itirdiyindən qaçqın sənədini vaxtında ala bilməyibsə, övladlarının doğum haqqında şəhadətnamələri, həyat yoldaşı ilə nikahını təsdiqləyən sənədi həmin quruma təqdim etməlidir. Bununla da xanıma qaçqın vəsiqəsi verilməli, həmin sənəd yaşadığı ərazi üzrə polisə təqdim edildikdən sonra ona şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Dövlət Miqrasiya Xidməti ona rəsmi imtina məktubu göndərəcək və o da həmin məktub əsasında 1 ay ərzində məhkəməyə müraciət etməlidir. Xanımın səhvi onda olub ki, məsələni vaxtında hüquq müstəvisinə çıxarmayıb. Dövlət qurumlarıyla mənasız yazışmalara vaxt itirməkdənsə, qeyd olunan sənədləri iddia ərizəsinə əlavə edib məhkəməyə təqdim etsin və məsələni məhkəmə yoluyla həll etsin".

Qeyri iş günləri olduğundan Dövlət Miqrasiya Xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Buna da bax:" Köçkün: "Başımıza sidik axıdılır"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG