Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 05:07

Daşnaklar hökumətdə postlarını qoruyub saxlayacaqlar


Serzh Sarkisian Daşnaksutyun lideri Hrant Markarian-ı medalla təltif edir.
Serzh Sarkisian Daşnaksutyun lideri Hrant Markarian-ı medalla təltif edir.

Ermənistanın hakim Respublika Partiyası (HHK) yeni parlamentdə mütləq çoxluğu qazanmasına baxmayaraq, ötən gün Erməni İnqilab Federasiyası – Daşnaksutyunla hakimiyyəti paylaşmağa dair sazişi uzatmaq niyyətində olduğunu bildirib. Bu barədə AzadlıqRadiosunun erməni xidməti yazır.

DAŞNAKSUTYUNLA ƏMƏKDAŞLIĞI MƏNTİQİ SAYIR

Ölkədə bazar günü keçirilmiş parlament seçkilərinin ilkin rəsmi nəticələrinə görə, hakim partiya Milli Məclisdəki 101 yerdən 55-ni qazana bilib. Bu isə o deməkdir ki, partiya başqa siyasi qüvvələrin dəstəyindən asılı olmayacaq. Daşnaksutyun Partiyası səslərin cəmi 6.6 faizini toplayıb və böyük ehtimalla 7 yerə sahib olacaq. Bir il öncə ölkə prezidenti Serzh Sarkisian-la bağlanmış sazişə görə, bu partiya mövcud hökumətdə üç nazirlə təmsil olunur.

«Biz, hələlik, mümkün koalisiyanın detallarını müzakirə etməmişik. Ancaq Daşnaksutyunla əməkdaşlığımızın davamını çox məntiqli sayıram», – deyə hakim Respublika Partiyasının sözçüsü Eduard Sharmazanov AzadlıqRadiosunun erməni xidmətinə bildirib.

«Əməkdaşlığımız strateji və uzunmüddətlidir, proqramlar üzərində qurulub. Sabit və gələcəyi öncədən görünən siyasi qüvvələrik, əməkdaşlığımıza hər hansı təhlükənin olduğunu düşünmürəm», – deyə sözçü qeyd edib.

Karen Karapetian səs verir.
Karen Karapetian səs verir.

KARAPETIAN VƏZİFƏSİNDƏ QALACAQ

Daşnaksutyuna gəlincə, o, hələlik seçkinin nəticələrinə və özünün seçkisonrası planlarına dair hər hansı bəyanat yaymayıb.

E.Sharmazanov Respublika Partiyasının həmçinin, Gagik Tsarukian-ın alyansı ilə koalisiya sazişi bağlamağa can atacağı barədə bir söz deməyib. Qeyd edək ki, G.Tsarukian-ın alyansı seçkidə ikinci ən yaxşı nəticəni göstərib. Alyansın özü də ötən gün yaydığı bəyanatda belə bir ehtimalın mövcudluğu barədə bir söz deməyib.

E.Sharmazanov qeyd edib ki, hakim partiyanın seçki kampaniyasına başçılıq etmiş baş nazir Karen Karapetian öz vəzifəsində qalacaq. O həmçinin bildirib ki, seçkidən sonra Karapetian-ın hökumətinin tərkibində ciddi dəyişikliklər gözlənilmir.

MÜXALİFƏT PARLAMENTDƏ TƏMSİL OLUNACAQ

Prezident Serzh Sarkisian-sa seçkinin nəticələrini alqışlayıb. «Biz daha güclü, daha möhkəm və daha sürətlə inkişaf edən dövlət qurmağa söz vermişik və onu quracağıq», – deyə o, bəyanatında bildirib.

Sarkisian bundan başqa vurğulayıb ki, Ermənistan müxalifəti yeni seçilmiş Milli Məclisdə «əhəmiyyətli dərəcədə təmsil olunacaq».

Müxalifət partiyaları və yerli seçki müşahidəçiləri seçkilərin ciddi pozuntularla keçdiyini bəyan ediblər. Onların sözlərinə görə, Respublika Partiyası səsləri satın almaq və inzibati resurslardan sui-istifadəylə tam qələbəsini təmin edib.

E.Sharmazanov bu iddiaları rədd edib. O deyib ki, səsvermə zamanı nəzərə çarpmış pozuntular öncəki seçkilərlə müqayisədə o qədər də ciddi və çoxsaylı olmayıb. O bu seçkiləri Ermənistanın demokratikləşməsi yolunda «irəliyə doğru ciddi addım» adlandırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG