Keçid linkləri

2017, 29 İyun, Cümə axşamı, Bakı vaxtı 11:22

Ermənistan seçki kampaniyasında yenə də 'silahlı insident' olub


ORO seçki blokunun rəhbərləri Seyran Ohanyan, Vardan Oskanyan, Raffi Hovhannisyan

Ermənistanda ORO (Ohanyan-Raffi-Oskanyan) seçki blokunun nümayəndəsi, İrs partiyasının sədr müavini Armen Martirosyan AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna deyib ki, martın 15-də Armavir vilayətinin Crarat kəndində onların blokuna qarşı silahlı hücum olub.

Bundan bir qədər əvvəl həmin blokdan bildirmişdilər ki, üç nəfər odlu silahdan yaralandıqdan sonra Yerevanın Erebuni tibb mərkəzinə gətirilib.

Lakin Ermənistan polisi mətbuat xidmətinin rəhbəri Aşot Aqoranyan məlumatı dəqiqləşdirib: xəstəxanaya gətirilən üç nəfərdən biri dabanından güllə yarası alıb, ikinci şəxsin qolu sınıb, üçüncü şəxs isə iti alətlə yaralanıb.

Aqoranyan bunu da deyib ki, odlu silahdan atəş açan 1982-ci il təvllüdlü Crarat sakini Tiqran Sarkisyan Vaqarşapat polis şöbəsinə gətirilib.

Erebuni tibb mərkəzinin direktoru Mikael Manukyanın verdiyi məlumata görə yaralılar Araik, Ayk və Melk Melkonyanların vəziyyətləri qənaətbəxşdir. Onların ikisi ata və oğul, üçüncüsü isə “əmioğludur”.

Yerevan polisi bildirir ki, hazırda hadisənin baş verdiyi bölgədə vəziyyət nəzarət altındadır.

İrs partiyasının sədr müavini Armen Martirosyan baş vermiş hadisəni müxalifət üzərinə hücum kimi qiymətləndirib.

O deyib ki, “bir qanunsuzluğun qarşısı alınmayanda, növbəti cinayətlər baş verir”.

Sonradan Ermənistan İstintaq Komitəsindən Azatutyun radiosuna bildiriblər Crarat insidentinin seçki kampaniyası ilə əlaqəsi yoxdur və hadisə "azyaşlıların söyüş söyməsinə görə" başlanıb.

Fevralın 12-də Crarat kəndində daha bir silahlı insident qeydə alınmışdı.

O vaxt ORO bloku bildirirdi ki, kənd icra hakimiyyətinin başçısı, hakim Respublikaçı Partiyanın nümayəndəsi Samvel Qalstyan müxalif blokun ünvanına hədələr səsləndirib.

Sputnik Armenia agentliyinin seçkilərə həsr olunmuş mətbuat xülasəsi isə “Seçkiqabağı Ermənistan Siciliyaya çevrilir” adlanır.

Joxovurt qəzeti yazır ki, seçkiqabağı kampaniyanın əvvəllərində hakim partiyanın nümayəndələri siyahı yerləri uğrunda bir-birləri ilə çəkişirdilər, indi isə onlar “yumruq və silahlarını opponentlərinə tərəf çeviriblər”.

Jamanak qəzeti yazır ki, erməni diasporasından olan tanınmış şəxslər – Serj Tankyan, Arsine Xancyan və Atom Eqoyan müşahidəçi qismində seçkiləri monqitorinq etmək niyyətlərini bildiriblər.

Qəzetin yazdığına görə bu adamlar əslində ORO blokunun dəstəkçilərdirlər və hakim partiyaya qarşı təbliğat aparırlar.

Past qəzeti isə yazır ki, martın 15-də Geqarkunik vilayətinin Sevan şəhərində də, seçkiqabağı kampaniya insdentsiz ötüşməyib.

Orada hakim partiyanın iki namizədi – reytinq siyahısı üzrə namizəd Karen Botoyan və Sevan çörək zavodunun direktoru Aşot Avetisyanın tərəfdarları arasında dava-dalaş olub.

Şahidlər deyirlər ki, “dalaşanlar bir-birlərini al qana boyayıblar. Hadisə yerinə gələn polislər sakinlərə baş vermiş hadisə barədə danışmamağı və onu unutmağı tapşırıblar”.

Qəzet yazır ki, Karen Botoyanın özü Sevanda hər hansı dava-dalaşın olmadığını deyib.

Erməni mediası martın əvvəllərində də namizədlərlə bağlı bir çox başqa insidentlərdən yazmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG