Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 14:25

Rusiyalı politoloq: Yerevan Moskvanı hirsləndirsə…


Dağlıq Qarabağda təmas xətti. (Foto 2016-cı ilin aprelində çəklib)

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, son günlər Dağlıq Qarabağdakı vəziyyətin kəskinləşməsi ilə bağlı Rusiya politoloqları da öz fikirlərini bildirirlər.

Rusiyalı politoloq Andrey Yepifantsev deyib ki, təmas xəttindəki gərginlik gözlənilən idi və daim təkrar olunması ehtimalı böyükdür.

“Yerevan və Bakı güzəştə getməyəcəklər və əksinə vəziyyəti daha da gərginləşdirəcəklər. Beynəlxalq icma isə bir tərəfdən bu münaqişəyə cəlb olunmaq istəmir, digər tərəfdən isə ona lazımi diqqət ayırmır. Belə bir vəziyyətdə Bakı daim situasiyanın kəskinləşdirilməsinə çalışacaq” – deyib politoloq Azatutyun radiosuna.

Bununla belə politoiloq bildirib ki, 2016-cı ilin “aprel müharibəsindən” bəri tammiqyaslı müharibənin ehtimalı artsa da, yaxın vaxtlarda qanlı toqquşmaların təkrar olunacağı gözlənilmir.

“Bu gün mənzərə tamam başqadır, - deyib Yepifantsev, - Əgər ortalıqda ciddi bir şey olsa idi, tərəflər özlərini tamam başqa cür aparardılar” – deyib politoloq.

Digər tərəfdən Qarabağ cəbhəsində vəziyyətin gərginləşməsi Ermənistan prezidenti Serj Sarkisyanın Brüsselə səfəri ilə eyni vaxta təsadüf edib.

Yepifantsevin fikrincə, Moskvanın Ermənistan-Avropa İttifaqı əlaqələrinə münasibəti “Yerevanın bu münasibətlərdə nə dərəcədə dərinə getməsindən asılı olacaq”.

“Əlbəttə, Moskva hirslənsə, o Dağlıq Qarabağ münaqişəsinə münasibətini dəyişə bilər” – deyibekspert.

“Bu gün Moskva Qarabağ məsələsində status quo-nu saxlamağa çalışır. Bu elə Ermənistana da xeyirdir. Lakin əgər Ermənistan özünün xarici siyasətini dəyişərək Rusiyadan uzaqlaşsa, Moskva da öz mövqeyini dəyişərərk daha çox azərbaycanyönlü mövqe tuta bilər. Məsələn, Azərbaycana başqa keyfiyyətdə olan silahlar sata, ATƏT-in Minsk qrupunun həmsədri kimi mövqeyini sərtləşdirə bilər. Məsələn Ermənistanın yadına Dağlıq Qarabağa dair BMT-nin dörd məlum qətnaməsini salar” – deyib rusiyalı təhlilçi.

Lakin erməni təhlilçilər Sarkisyanın Brüsselə səfəri ilə Ermənistanın xarici siyasətinin dəyişəcəyini düşünmürlər.

Politoloq Sergey Minasyan deyib ki, Sarkisyanın Brüsseldəki çıxışından onun xarici siyasət vektorunu dəyişəcəyi hiss olunmur.

Minasyanın fikirncə Ermənistan Moskvanın hansı təsir alətlərinə malik olduğunu çox yaxşı bilir.

Onun sözlərinə görə, “Ermənistan Avropa İttifaqı ilə münasibətlərinin hüdudlarını yaxşı müəyyənləşdirib və Yerevan Brüssellə yalnız Moskvanın maraqlarına toxunmayan sahələrdə əməkdaşlıq edəcək”.

“Odur ki, Moskva ilə yaxın gələcəkdə hansısa ciddi problemlərin olacağını düşünmürəm” – deyib Minasyan.

Ekspert həmçinin əlavə edib ki, Ermənistan Brüssellə münasibətlərini artıq Moskva ilə çoxdan müzakirə edib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG