Ermənistanın müdafiə naziri Vigen Sargsian «Hərbi xidmət haqqında» yeni qanun layihəsinin emiqrasiyanı daha da artıracağı fikriylə razı deyil.
Parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasında bu məsələnin müzakirəsi zamanı nazir deyib ki, hərbi xidmətdən möhlət hüququnun olmaması emiqrasiyanı önləməlidir. O əlavə edib ki, onsuz da hazırda bu hüquqdan əhalinin çox az hissəsi yararlana bilir.
14 YAŞINDA RUSİYA VƏTƏNDAŞIDIR
Əvvəllər bir sıra yüksək vəzifələr tutmuş, o cümlədən Milli Təhlükəsizlik Xidmətinin rəisi olmuş, hakim Ermənistan Respublika Partiyasından olan deputat Feliks Tsolakian qeyd edib ki, bu gün artıq belə bir tendensiya var: ailələr oğullarını Ermənistandan çıxarmağa başlayıblar. O əlavə edib ki, səhv buraxmamaqdan ötrü bu problemi dərindən öyrənmək lazımdır.
Müdafiə naziri ona belə cavab verib:
«...Mən qanunvericiliyin bu şəkildə dəyişməsinin emiqrasiyanı daha da stimullaşdıracağını düşünmürəm. Ümumiyyətlə, hesab edirəm ki, emiqrasiya ilə mübarizə daha uzunmüddətli və ardıcıl siyasətlə aparılmalıdır».
Tsolakian-sa bu fikirlə razılaşmayıb:
«Mən deyirəm ki, bugünkü proseslər araşdırılmalıdır. Çünki bu proseslər var. Uşağın 14 yaşı var və o, artıq Rusiya vətəndaşıdır. Niyə? Əgər əvvəllər o, möhlət alacağına ümid edirdisə, indi bu ümid yoxa çıxır».
Müxalif «Yelk» fraksiyasından deputatlar qanun layihəsinin komissiya müzakirəsinə qatılmayıblar. Hakim Respublika Partiyasının deputatları isə fəallıq göstəriblər. Deputat Feliks Tsolakian daha sonra yeni qanuna görə ordudakı idman rotasının ləğviylə maraqlanıb. Bu rotada idmançılar xidmət edirdi.
«Bu, idmana ciddi ziyan vurmayacaq ki?» - deyə o soruşub.
NƏTİCƏNİ TƏKRARLAMAQ LAZIMDIR
Vigen Sargsian-sa bildirib ki, dövlət idman rotasının saxlanmasına əsassız olaraq çox böyük vəsait xərcləyirdi. Nazirin sözlərinə görə, indi bu məsələnin daha ədalətli həlli tapılıb və bundan sonra idmançılar «daha sürətlə qaça və daha yüksəyə tullana» biləcəklər.
«Hökumətin müəyyən etdiyi şkalaya görə, nəticə göstərmiş şəxslər, yəni Olimpiya oyunlarında, Avropa çempionatında, dünya çempionatında, yeniyetmə çempionatlarında 1-4-cü yerləri tutmuş şəxslər 3, yaxud 4 illik möhlət alırlar. Bu müddət ərzində nəticələrini təkrarlasalar, yenidən möhlət alırlar. Nəticəni təkrarlaya bilməsələr, təcili xidmətə çağırılacaqlar. Çox ədalətli, normal qərardır. Ümid edək ki, bu, idmançılarımıza daha sürətlə qaçmağa və daha yüksəyə tullanmağa kömək edəcək», - Vigen Sargsian deyib.
Qeyd edək ki, yeni qanun layihəsində deyilir ki, təhsilə görə hərbi xidmətdən möhlət almaq istəyənlər Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq, təhsillərini bitirdikdən sonra orduda xidmət edəcəkləri haqda öhdəlik götürməlidirlər. Özü də bu halda onlar iki yox, üç il xidmət etməli olacaqlar. Vətəndaş belə bir müqavilə bağlamasa, 18 yaşı tamam olan kimi orduya çağrılacaq və 2 il xidmət edəcək.
NARAZILIQ
Yeni qanun layihəsi artıq gəncləri narazı salıb. Ötən həftə bir qrup tələbə və gənc müəllim Yerevanda etiraz aksiyası və yürüş keçirib. Onlar iddia ediblər ki, bu qanun təhsilin yarımçıq qalmasına yol açacaq.
Nazirsə bu fikirlə razı deyil:
«Biz möhlət hüququnu ləğv etmirik. Deyirik ki, yaxşı təhsil almaq istəyirsənsə, sənin üçün təhsilinin davamlı olması vacibdirsə və orduya bakalavr dərəcəsi ilə, diplomlu mütəxəssis kimi getmək istəyirsənsə, biz sənə sıravi əsgər kimi yox, zabit kimi getməyi təklif edirik. Buna görə sənə maaş ödəyəcəyik, bakalavr təhsilinin xərclərini kompensasiya edəcəyik, sonra magistraturaya girmək istəsən, onun da xərclərini çəkəcəyik».
Vigen Sargsian özünü nümunə göstərib:
«Özüm magistraturaya bakalavriatı bitirəndən bir neçə il sonra, 24 yaşımda ABŞ-da daxil olmuşam. Ən gənc magistratura tələbəsi idim, digərləri 26-27 yaşından başlayaraq magistraturaya gəlirdilər».
Qeyd edək ki, komissiya «Hərbi xidmət haqqında» yeni qanun layihəsinə müsbət rəy verib.