Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:34

Ermənistanda IT sektoru sürətlə inkişaf edir


Prezident Serzh Sarkisian Yerevanda yeni IT şirkətinin ofisinə baş çəkir.
Prezident Serzh Sarkisian Yerevanda yeni IT şirkətinin ofisinə baş çəkir.

Ermənistanda informasiya texnologiyaları (IT) sektoru sürətlə inkişaf edir. Son rəsmi statistikaya görə, minlərlə mühəndisin çalışdığı bu sektorda 38.2 faiz artım qeydə alınıb.

Bundan öncəki onillik ərzində IT sahəsi orta hesabla ildə 20 faiz artımla Ermənistan iqtisadiyyatının ən sürətlə inkişaf edən sahəsi idi. Hökumətin hesablamalarına görə, 2015-ci ildə ölkənin 500-ə qədər kiçik- və ortamiqyaslı IT şirkətinin ümumi gəliri 550 milyon dollardan çox olub.

5 MİLYON DOLLARLIQ SƏRMAYƏ

IT sektorunda «Synopsys», «National Instruments», «Mentor Graphics» və «VMware» kimi ABŞ texnologiya nəhənglərinin Ermənistan bölmələri üstünlük təşkil edir. Ancaq sözügedən artım get-gedə daha çox yerli erməni şirkətlərinin hesabına baş verir.

Belə startaplardan ən uğurlusu aparıcı mobil foto redaktə və paylaşma «apps»lərindən biri olan «PicsArt»dır. Hazırda şirkətin Ermənistanda 350-dən çox işçisi və bütün dünyada 90 milyona qədər fəal aylıq istifadəçisi var.

2013-cü ildə yaradılmış başqa, daha kiçik bir startapsa bu ilin əvvəlində 2 ABŞ vençur şirkətindən (yeni başlayan startaplara sərmayə qoyan şirkətlər belə adlanır) ümumilikdə 5 milyon dollar sərmayə cəlb etməyə nail olub. «Teamable» adlanan bu şirkət bacarıqlı kadrları işə götürməkdə şirkətlərə kömək edən kompüter proqramı üzərində çalışır. «PicsArt» kimi, «Teamable»ın da təkcə Yerevanda yox, həm də San-Fransiskoda ofisləri var.

Uşaqlar TUMO Kreativ Texnologiyalar Mərkəzinin Gümrü filialında
Uşaqlar TUMO Kreativ Texnologiyalar Mərkəzinin Gümrü filialında

BUMDAN SONRA SƏVİYYƏNİ SAXLAMAQ

«SoloLearn» adlı başqa bir erməni şirkəti bu ay Facebook-un illik «İlin applikasiyası» (Apps of the Year) tədbirinin baş mükafatına layiq görülüb. Müsabiqəyə 87 ölkədən 900 applikasiya (əlavə) təqdim olunmuşdu. «SoloLearn» kompüter proqramlaşdırmasını öyrənməkdə maraqlı olan adamlar üçün pulsuz onlayn «apps» təqdim edir.

Ermənistan İnformasiya Texnologiyaları Şirkətləri Birliyinin (UITE) sədri Karen Vartanian buna bənzər startapların əhəmiyyətinin günü-gündən artdığını deyir.

«Bizim yerli məhsullar get-gedə daha çox beynəlxalq bazara çıxır və uğur qazanır», – deyə o, AzadlıqRadiosunun erməni xidmətinə bildirib.

Yerevanda yerləşən smartfon və tablet istehsalçısı – «Technology and Science Dynamics»in icraçı direktoru Vahan Shakarian IT sahəsinin belə sürətlə inkişafını onun ixracyönümlü olması ilə əlaqələndirir. Ancaq o, həm də xəbərdarlıq edir:

«İqtisadiyyatda bumlar olur. Ancaq əsas məsələ bum sona çatandan sonra ən azı həmin səviyyədə qalmaqdır. Bu isə xeyli çətindir».

2 MİN – 4 MİN VAKANSİYA

Vartanian-ın sözlərinə görə, ən çətin məsələ Ermənistanda hələ də bacarıqlı IT işçilərinin çatışmamasıdır.

Baş nazir Karen Karapetian «PicsArt» şirkətinin Yerevan ofisində
Baş nazir Karen Karapetian «PicsArt» şirkətinin Yerevan ofisində

«Hazırda bu sahədə artıma ciddi kadr çatışmazlığı mane olur. Təhsil sistemi bərbad haldadır», – o deyir.

Şirkətlər uzun zamandır ki, Ermənistan universitetlərinin IT fakültələrinin məzunlarının peşəkar səviyyəsinin aşağı olmasından gileylənirlər. Şirkətlərin hesablamalarına görə, 15 min mütəxəssisin çalışdığı IT sektorunda hazırda 2 mindən 4 minədək boş vakansiya var.

Ermənistanın bundan öncəki hökumətləri bu problemi aradan qaldırmağa söz vermişdilər. Ancaq Vartanian-ın sözlərinə görə, hazırda hələ də hökumətlə IT şirkətləri arasında bu məsələ ilə bağlı «hərtərəfli strateji əməkdaşlıq» mövcud deyil.

Bu ilin yanvarında baş nazir Karen Karapetian Ermənistanda mühəndislik təhsilində genişmiqyaslı islahat təklif edən bir qrup hökumət rəsmisi və IT təmsilçisi ilə görüşüb. Həmin görüşdə IT şirkətlərindən birinin rəhbəri bildirib ki, hər il Ermənistan universitetlərindən məzun olan 1300 IT tələbəsinin yalnız yarısı əlavə təlim keçmədən sektorda çalışmaq üçün yetərli bacarığa malikdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG