Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 07:00

'Erməni genosidi' haqda film ABŞ kinoteatrlarına çıxır


«Vəd» (Promise)

Birinci Dünya müharibəsində ermənilərin kütləvi qırğını vaxtı bir sevgi hekayətindən söz açan film aprelin 21-dən ABŞ-da kinoteatrlarda göstəriləcək.

«Vəd» (Promise) adlı filmdə Oscar Isaac tibb təhsili alan erməni tələbə, Christian Bale isə amerikalı müxbir rolunda çəkiliblər. Hər ikisi bir qadına aşiq olur.

«EYNİ HADİSƏLƏRİ GÖRÜRDÜK»

Filmin rejissoru 2004-cü ildə «Oscar»a nominasiyası verilmiş «Ruanda oteli»ni çəkmiş Terry George-dur. Onun sözlərinə görə, «Vəd» filminin çəkilişi zamanı İraqda yezidi kürdlərinin «İslam Dövləti» (İŞİD) yaraqlıları tərəfindən kütləvi öldürülməsi, Suriyadan qaçqınların kütləvi axını barədə xəbərlər gəlib.

«Filmin çəkilişləri gedərkən biz eyni məkanda eyni hadisələrin şahidi olurduq – adamlar dağlarda mühasirəyə alınır, Aralıq dənizində boğulurdular», – T.George söyləyib.

Variety.com saytı yazır ki, «Vəd» filminin çərşənbə günü keçirilən premyerasında haqqında ən çox danışılan 2015-ci ildə dünyasını dəyişmiş biznesmen Kirk Kerkorian olub. O, filmin ərsəyə gəlməsinə 100 milyon dollar ayırıb.

SİYASİ MÖVZU

Premyeraya Christian Bale, Charlotte Le Bon, Shohreh Aghdashloo, Angela Sarafyan, James Cromwell və Marwan Kenzari kimi məşhurlar qatılıblar.

Rejissor T.George deyir ki, filmin çəkiliş heyəti «genosid» məsələsinə ehtiyatlı yanaşıblar.

J.Cromwell-in sözlərinə görə, Hollivud 100 ildən çoxdur dartışılan siyasi mövzuda film çəkməyə tərəddüd edib. O, Birləşmiş Ştatların «erməni genosidi»ni tanımamasının «sistematik problem» yaratdığını söyləyib. ABŞ-ın əvvəlki prezidenti Barack Obama 2008-ci ildə seçki kampaniyası zamanı «soyqırımı»nı tanıyacağını vəd etsə də, bunu etmədi. İndi erməni lobbisi gözlərini prezident Donald Trump administrasiyasına dikib.

Ermənistan, bəzi Qərb tarixçiləri, xarici ölkə parlamentləri və alimlər 1915-ci ildə 1.5 milyon erməninin qətlini «genosid» adlandırır. Türkiyə isə bunu danır, ermənilərin döyüşlərdə həlak olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG