Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:30

Erdoğan-ın ad günündə barəsində film göstərilib


«Reis» filmindən kadr.
«Reis» filmindən kadr.

Dünən – fevralın 26-da İstanbulda prezident Recep Tayyip Erdoğan haqqında film nümayiş etdirilib. «The Washington Times» qəzeti filmin göstərilməsinin prezidentin ad gününə, həm də referendumdan bir neçə həftə öncəyə düşdüyünü vurğulayır. Türkiyədə aprelin 16-da keçiriləcək referendumda konstitusiyaya düzəlişlər səsə qoyulacaq. Düzəlişlər prezidentin səlahiyyətinin, həm də fəaliyyət müddətinin artırılmasını nəzərdə tutur.

R.T.Erdoğan haqda film «Reis» (rəis) adlanır. Əsas rolu – prezidentin rolunu tanınmış türk aktyoru Reha Beyoğlu oynayır. Gənc Batuhan Işık Gürel isə prezidentin gəncliyini əks etdirib. R.Beyoğlu, eləcə də prezidentin xanımı Emine Erdoğan-ın obrazını yaradan Özlem Balcı «CNN Türk»ə müsahibələrində filmdə oynamaqdan qürur duyduqlarını bildiriblər.

Hüdaverdi Yavuz
Hüdaverdi Yavuz

«FİLMİ SİYASİ MƏQSƏDLƏ ÇƏKMƏMİŞİK»

R.T.Erdoğan-ın uşaqlığından 1999-cu ilə qədərki həyatından – bələdiyyə başçısı, həbsə düşdüyü illərdən bəhs edən filmin rejissoru Hüdaverdi Yavuz-dur. H.Yavuz filmin təbliğat xarakteri daşımadıığını, prezident R.T.Erdoğan-in çəkilişə qarışmadığını söyləyib. «Kimsə mənim filmimə siyasi məna verə bilər, kiminçünsə bu film ağır ola bilər. Bu mənim problemim deyil. Biz filmi siyasi məqsədlə çəkməmişik», – rejissor belə deyib. O, Erdoğan-ın həyatı həqiqətən də maraqlı olduğuna görə bu haqda film çəkmək qərarına gəldiyini bildirib. Filmin adını isə Erdoğan uzun müddət «rəis» çağrıldığından belə qoyduğunu söyləyib.

Filmdə bir gəncin (Erdoğan deyil) babasının döyülməsinə tamaşa etdiyini göstərən səhnə var. Baba guya ərəbcə azan oxuduğuna görə döyülübmüş. 1932-ci ildən 1950-ci ilədək Türkiyədə ərəbcə deyil, türk dilində azana icazə verilirdi.

Başqa bir səhnədə isə təxminən 7 yaşlı Erdoğan-ın hökumətə qarşı çıxan bir şəxsin evinə gələn hərbçilərə baxdığı göstərilir.

ZÜLMƏ QARŞI ÇIXACAQ QƏHRƏMAN

Sonuncu kadrda isə Erdoğan-ın itaətsiz baxışları görünür, hekayəçi «cəsarətli qəhrəman»ın bu zülmə qarşı çıxacağını bildirir.

Təxminən saatyarımlıq filmin çəkilişləri 3 ay çəkib.

«The Washington Times» filmin referendumdan təxminən 1 ay öncədən – martın 3-dən bütün Türkiyədə nümayiş etdirələcəyini yazır.

Dünən 63 yaşını qeyd edən R.T.Erdoğan, tənqidçilərinin fikrincə, referendumdan sonra öz hakimiyyətini gücləndirmək, onsuz da demokratiyadan uzaqlaşmaqda olan Türkiyədə avtoritar rejim qurmaq niyyətindədir. Tərəfdarları isə terrorla mübarizə aparan, beynəlxalq sınaqların öhdəsindən gəlməli olan Türkiyədə güclü prezident hakimiyyətinə ehtiyac olduğunu deyirlər.

XS
SM
MD
LG