Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 21:22

Erdoğanla şəkil çəkdirən futbolçular sərt tənqid olunurlar


Türkiyə prezidentinin rəsmi saytında yerləşdirilmiş foto

Türkiyənin Futbol Federasiyası (TTF) Almaniya Futbol Assosiasiyası - DFB-nin ötən bazar prezident Recep Tayyip Erdoğanla futbolçular Mesut Ozil və İlkay Gündoğanın görüşünü tənqid etməsinə sərt reaksiya verib.

Evening Standard qəzeti yazır ki, Arsenal klubundan Ozil, Manchester City-dən Gundoğan, habelə Everton klubunun hücumçusu Cenk Tosun Türkiyə prezidenti ilə onun Birləşmiş Krallığa səfəri zamanı görüşmüş və ona avtoqraflı futbol köynəklərini hədiyyə etmişlər.

Bu görüş zamanı futbolçular Erdoğanla şəkil də çəkdiriblər. Britaniya qəzetlərinin birinci səhifələrini bəzəyən bu fotoları tənqidi yazılar müşayiət edir. Fotolar əvvəlcə AKP-nin Tvitter saytında dərc olunmuşdu.

DFB-nin prezidenti Reinhard Grindel Almaniya vətəndaşı olan Ozil və Gündoğanın Erdoğanla görüşməsini kəskin tənqid edib və bildirib ki, buTürkiyə prezidentinin iyunun 24-də keçiriləcək seçki kampaniyasının fəndidir.

TFF prezidenti Yıldrım Demirören isə öz növbəsində Almaniya futbol rəhbərini Türkiyə prezidenti haqqında xioşagəlməz sosial media postları yazmaqda ittiham edib.

“DFB prezidentinin şərhləri qeyri-məqbuldur. Bu geniş məlum olan faktdır ki, prezident cənab Recep Tayyip Erdoğan keçmiş futbolçudur, azarkeşdir və bu oyunun Türkiyədə inkişaf etdirilməsinə böyük töhfə verib. Bu mənada üçü də Almaniya doğumlu türk əsilli Mesut Ozil və İlkay Gündoğanın, habelə Türkiyə yığmasının üzvü Cenk Tosunun prezidentimizlə görüşməsi çox təbiidir”.

DFB-nin tənqidlərinə Erdoğanın müşavirlərindən Yasin Aktay da qoşulub.

O bu fotolara Almaniyanın münasibətini “islamofobiyanın çiçəkləndiyi bir ölkədə “Erdoğanofobiya” adlandırıb.

Müşavir deyib ki, Almaniya rəhbərləri də Türkiyədə axtarışda olanlarla şəkil çəkdirirlər. Müxbirlərin yazdığına görə Aktay ötən il Almaniya prezidenti Joachim Gauck-un Türkiyədə ittiham edilən jurnalist Can Dündarla şəkil çəkdirməsinə işarə edib.

Gündoğan ayrıca verdiyi bəyanatda özünün Erdoğanla görüşünü müdafiə edib. Hərçənd onun Erdoğana bağışladığı futbol köynəyində “prezidentimə böyük hörmətlə” sözləri yazılmışdı:

“Biz ailələrimizin ana vətəni Türkiyənin prezidentinə hörmətsizlikmi göstərməliydik? Bizim bu foto ilə hər hansı siyasi bəyanat vermək niyyətimiz olmayıb, o ki olsun Erdoğan üçün kampaniya aparmaq niyyətimiz. Almaniya vətəndaşları kimi biz DFB-nin dəyərlərinə sadiqik və məsuliyyətimizi dərk edirik. Futbol bizim həyatımızdır. Siyasət deyil”.

Joachim Low
Joachim Low

Almaniya yığmasının baş məşqçisi Joachim Low futbolçular Ozil and Gündoğanın Dünya Kuboku yarışına qatılacaqlarını ötən həftə elan etmişdi və o idmançıların Türkiyə prezidenti ilə görüşünə daha yumşaq münasibət bildirib:

“Biz onlara başa saldıq ki, bu heç də ən yaxşı ideya deyildi. Lakin mən onların hər ikisinə rəğbət bəsləyirəm. Mühacir əsilli futbolçuların sinəsində bəzən iki ürək döyünür. Bu asan məsələ deyil və onların hər ikisi siyasi bəyanat vermək istəmədiklərini bildiriblər. Onların hər ikisi Almaniyada inteqrasiya üçün çox iş görüb. Bu onlar üçün dərs olacaq”.

Lakin Almaniyanın Türkiyə əsilli siyasətçiləri futbolçuları daha sərt tənqid edirlər.

Almaniya Sol Partiyasının sədr müavini Sevim Dağdelen deyib ki, yığmanın bütün oyunçuları təkcə meydançada yox, həyatın bütün aspektlərində nümunə olmalıdırlar.

Siyasətçi bildirib ki, "onların öz ölkəsinin demokratlarını və jurnalistlərini təqib edən Erdoğanla yaxınlıq etməsi tamamilə qeyri-məqbuldur”.

Yaşıl Partiyanın həmsədri Cem Özdemir Tweeter-də yazıb: "Futbol milyonerlərinin Erdoğanın seçki kampaniyasına qonaqpərvərlik göstərməsi rüsvayçı hərəkətdir”.

Ölkənin aparıcı qəzeti Bild futbolçuları “siyasətin ipləmələri, amma futboluin dahiləri” adlandırıb:

“Əgər sizin mənəvi mövqeyiniz varsa, Erdoğanla eyni fotokameraya gülümsəməkdən utanmalısınız”.

Hadisəyə İngiltərə azarkeşləri də tənqidi yanaşıblar. Onlardan biri yazıb ki, Ozilin hərəkəti Arsenal klubuna baş ucalığı gətirmir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG