Keçid linkləri

2025, 19 Fevral, çərşənbə, Bakı vaxtı 02:05

Daha bir türkiyəlinin Tacikistandan oğurlanaraq Türkiyəyə aparıldığı deyilir


Düşənbə beynəlxalq hava limanı
Düşənbə beynəlxalq hava limanı

Düşənbədəki “Dialoq” elmi-mədəni təşkilatının keçmiş rəhbəri Emsal Koç oğurlanaraq Tacikistandan Türkiyəyə aparılıb.

Bu barədə məlumatı AzadlıqRadiosunun Tacik xidməti Bold saytına və Stokholm Azadlıq Mərkəzinə istinadən verir.

Bold portalının yazdığına görə Emsal Koçu Türkiyədə terrorçu təşkilat sayılan Fethullah Gülen təşkilatı (FETÖ) ilə əlaqəsinə görə saxlayıblar.

Müsəlman vaiz Gülenin özü Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğana qarşı çevriliş cəhdində ittiham edilir.

Düşənbə hava limanında

Koçun həyat yoldşı Firuza Xudoydodova deyib ki, ərini iyunun 2-də Düşənbədə işlədiyi anbarda üç naməlum şəxs saxlayıb. Bundan sonra onu qara avtomobilə mindirərək naməlum istiqamətdə aparıblar.

Arvadının sözlərinə görə elə həmin gün Emsal Koçu Düşənbə hava limanında bir tacik milisi tərəfindən müşayiət edilərkən görüblər.

Xudoydodova deyib ki, o təhlükəsizlik kameralarındakı görüntüləri və başqa sübutları yerli hakimiyyət orqanlarına və BMT-nin Tacikistandakı nümayəndəliyinə təqdim edəcək.

Qadın Twitter-də bu barədə yazıb:

“Mənim ərimi qanunsuz olaraq Türkiyəyə aparıblar. Mən onun dərhal azad olunmasını tələb edirəm".

Ozodi Radiosu mediaya istinadla yazır ki, Koçu xüsusi xidmətlərin keçirdiyi əməliyyatla saxlayaraq Türkiyəyə aparıblar.

Stokholm Azadlıq Mərkəzinin məlumatına görə Düşənbədən yoxa çıxdıqdan sonra Emsal Koçu Ərzrumdakı təcridxanalardan birində görüblər. Tacikistan hökuməti hələ ki, bu hadisə ilə bağlı heç bir açıqlama verməyib.

Bold yazır ki, Emsal Koç 1994-cü ildən Tacikistanda yaşayırdı və 2017-ci ilədək Gülen təşkilatına məxsus məktəbdə dərs demişdi.

Bu tacik-türk liseyi Fethullah Gülen təşkilatının tərəfdarları tərəfindən maliyyələşdirilirdi.

İnandını da Qırğızıstandan belə aparmışdılar

Bundan əvvəl tacik-türk liseyləri istedadlı uşaqlar məktəblərinə çevrilmiş və o məktəbləri idarə edən Şalola – Türkiyə şirkəti 2016-cı ildə təsisçi statusundan məhrum edilmişdi.

Emsal Koçun başçılıq etdiyi “Dialoq” təşkilatı da 2016-cı ildə Tacikistan hakimiyyət orqanlarının sərəncamı ilə fəaliyyətini dayandırıb.

O vaxt yerli mediaya müsahibələrində Koç Dialoq təşkilatı ilə Türkiyə və ya Gülen arasında heç bir bağlılığın olmadığını demişdi.

Bundan əvvəl Türkiyə hakimiyyəti bildirmişdi ki, FETÖ-ya bağlı olduqları güman edilən 100-dən çox adam Türkiyəyə gətirilib.

2021-ci ilin iyulunda Bişkekdəki Sapat məktəblər şəbəkəsinin keçmiş prezidenti Orhan İnandı da Emsal Koç kimi Qırğızıstandan oğurlanaraq Türkiyəyə aparılmışdı.

Türkiyə hökuməti onu “FETÖ-nün Mərkəzi Asiya rəhbəri” adlandırırdı. İnandı silahlı terror təşkilatı yaratmaqda və ona başçılıq etməkdə ittiham olunurdu. Bu ilin iyun ayında Türkiyədə İnandıya 21 il iş kəsilib.

XS
SM
MD
LG