Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:38

'Xəbərlərdə prezidentin təqdimatı 1 dəqiqə çəkəcək'


Emomali Rahmon
Emomali Rahmon

Tacikistanın dövlət KİV-ləri bundan sonra ölkə prezidenti Emomali Rahmon-un haqqında hazırladıqları materiallarda onun titulunu tam göstərməlidirlər: «Sülh və milli birliyin banisi - millətin lideri».

Dövlət nəşrlərindən birinin müxbiri AzadlıqRadiosunun tacik xidmətinə bildirib ki, bundan öncə prezidentin adı ilə bağlı materiallarda «cənobi ali» («zati-aliləri» - tərc.) və «millətin lideri» ifadələri işlənirdisə, ötən həftə yeni qaydalar qüvvəyə minib. «Bu norma mütləqdir. Əvvəllər uzun «Sülh və milli birliyin banisi - millətin lideri» ifadəsinin yerinə «millətin lideri» yazmağa icazə verilirdi», – deyə o bildirib.

BÜTÜN TİTULLAR GÖSTƏRİLMƏLİDİR

Jurnalistin sözlərinə görə, artıq rəsmi KİV-lər əvvəllər çox populyar olmuş «cənobi ali» ifadəsindən daha az istifadə edirlər. Ancaq «möhtərəm» sözü hələ də geniş yayılıb.

Tacikistanın dövlət radiosunun direktoru Farrukh Ziyoev AzadlıqRadiosunun tacik xidmətinə müsahibəsində bildirib ki, rəsmi məlumatlara Emomali Rahmon-un «Sülh və milli birliyin banisi - millətin lideri» titulunun salınması tələbdir, buna görə də jurnalistlər ona əməl etməlidirlər. «Ancaq elə hallar olur ki, jurnalistlər sinonimlərdən, sadəcə, «dövlət başçısı» və ya «millət lideri» ifadələrindən yararlanırlar. Rəsmi məlumatlarda isə bütün titulları göstərmək vacibdir. Jurnalistlərdən, sadəcə, normalara əməl etmək tələb olunur, başqa heç nə», – deyə o bildirib.

Shokirjon Hakimov
Shokirjon Hakimov

QANUNDA MƏSULİYYƏT NƏZƏRDƏ TUTULMAYIB

«Sülh və milli birliyin banisi – millətin lideri» haqqında qanunun qəbulundan sonra ölkənin Cinayət Məcəlləsində də bu titulun sahibinin təhqir edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Tacikistanlı hüquqşünas Shokirjon Hakimov AzadlıqRadiosuna bildirib ki, ölkə qanunvericiliyində Tacikistan prezidentinin tam titulunun göstərilməməsi, yaxud ixtisarına görə məsuliyyət nəzərdə tutulmayıb.

«İndi prezidenti xəbərlərdə təqdim etməyə bir dəqiqədən çox vaxt lazım olur və əlbəttə ki, bu fonda xəbərin özü «itir». Doğrudan da, KİV-lərin fəaliyyətini nizamlayan qanunların heç birində prezidentin titullarının göstərilməməsi, yaxud da ixtisarına görə məsuliyyət nəzərdə tutulmayıb. Demokratik dəyərlər nöqteyi-nəzərindən, bu, məntiqlə doğrudur, ancaq bəzən dövlət başçısına sədaqətini və loyallığını sərgiləmək istəyənlər öz çıxışlarında bu titullardan istifadə edirlər», – Hakimov deyir.

Tacikistanın bəzi sakinləri Emomali Rahmon-un əhali ilə görüşləri zamanı ona «padşah», «şah», «sultan» və «sərvər» (lider, başçı) kimi sözlərlə müraciət edirlər. Belə müraciətlərin tərəfdarları hesab edirlər ki, bu, hörmət ifadəsindən başqa bir şey deyil. Əleyhdarlarsa belə davranışı şəxsiyyətə pərəstişin bir növü sayır, demokratik normaları pozduğunu qeyd edirlər.

Prezidentə yarınma mənzərələri
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

DİGƏR LİDERLƏR

Rahmon Orta Asiyada «millət lideri» statusuna malik olan yeganə prezident deyil. Qazaxıstan prezidenti Nursultan Nazarbaev-in «millət lideri» statusu ölkədə 2010-cu ildən qüvvəyə minmiş qanunda təsbit olunub. Qazaxıstanda Nazarbaev Muzeyi, Nazarbaev adına Universitet var. Prezident haqqında onlarla film çəkilib və kitablar çap edilib. Deputatlar dəfələrlə ölkə paytaxtının adının dəyişdirilərək Nazarbaev-in şərəfinə adlandırılmasını təklif ediblər.

Özbəkistanın keçmiş prezidenti Islam Karimov da tez-tez öz məmurlarından «otamiz» (atamız) xitabını eşidirdi. Onun xələfi Shavkat Mirziyaev-sə, hələlik, titulsuz ötüşür.

Türkmənistan rəhbəri Gurbanguly Berdymukhammedov-a isə «Arkadaq» (türkmənlərin dayağı) deyə müraciət olunur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG