Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:39

Orta əməkhaqqı artır, yığılan vergi azalır. Niyə?


Manat və dollar
Manat və dollar

Hökumət statistik göstəricilərə əsaslanıb deyir ki, sosial-iqtisadi çətinliklərə baxmayaraq, ölkədə orta aylıq əməkhaqqı artıb. Əgər belədirsə, o zaman əməkhaqqından dövlət büdcəsinə tutulan gəlir vergisi nəyə görə ilin 7 ayında 12,5 faiz azalıb? AzadlıqRadiosu iqtisadçılarla bu suala cavab tapmağa çalışıb

Maliyyə Nazirliyi dövlət büdcəsinin 7 aylıq icrasına dair məlumatı Dövlət Statistika Komitəsi vasitəsilə açıqlayıb. Məlumatda göstərilir ki, Vergilər Nazirliyi xəttilə yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 610,6 milyon manat cəlb olunub. Əvvəlki ilin eyni dövründə bu göstərici 697,6 milyon manat, yəni indikindən 80 milyon manat çox idi. 2016-cı ilin 7 ayında büdcə daxilolmalarının təxminən 10 faizi əməkhaqqından gəlir vergisi hesabına formalaşırdısa, bu il bu göstərici 6,5 faizə düşüb.

İqtisadçılar birbaşa əlaqə görmürlər

İqtisadçı Natiq Cəfərli deyir ki, ölkə üzrə orta aylıq əməkhaqqı arta bilər, amma paralel olaraq əməkhaqqına qulluq edənlərin sayının azalma ehtimalını da nəzərdən qaçırmaq olmaz. Nəticədə, əməkhaqqından tutulan vergilər də azalacaq.

Vüqar Bayramov
Vüqar Bayramov

Ekspert Vüqar Bayramov 2017-ci ilin geridə qalan 7 ayı üzrə orta aylıq əməkhaqqı məbləğinin artımı ilə fiziki şəxslərin gəlir vergisinin dəyişməsi arasında əlaqənin axtarılması doğru hesab etmir və fikrini belə izah edir:

«Bu müddətdə orta aylıq əməkhaqqının artması heç də sözügedən vergi mənbəyindən daxilolmaların eyni həcmdə və ya ümumiyyətlə artması anlamına gəlməməlidir. Belə ki, Vergi Məcəlləsinə əsasən, fiziki şəxslərin gəlir vergisi növbəti ayın 20-dək büdcəyə köçürülməlidir. Yəni, bu ay əməkhaqqının vergisi hesablanır və o, növbəti ayın 20-dək büdcəyə köçürülməlidir. Belə olan halda isə, bu ay üçün elan edilən orta aylıq əməkhaqqının vergisi həmin ayın statistikasında əks olunmur. Eləcə də demək olar, əksər sahibkarlıq subyektlərində fiziki şəxslərin gəlir vergisi rübün sonunda büdcəyə ödənilir. Bu isə təbii ki, seçilmiş dövr üçün vergi ödənişləri ilə əməkhaqqının məbləğinin dəyişməsi arasında əlaqəni görməyə imkan vermir». İqtisadçı V. Bayramovun sözləridir.

«Bu məsələdə paradoks var, amma...»

Maliyyəçi Əfsun Ələkbər isə əməkhaqqının artımı fonunda vergilərin azalmasını paradoks olaraq qəbul edir.

«Bu, əlbəttə ki, paradoksdur, bir istisna xaricində. Bilirik ki, əməkhaqqı 2 min 500 manatadək olanlara bir, bundan yüksək maaş alanlara isə başqa faiz dərəcəsi tətbiq olunur. Nəzəri baxımdan, maaşı 2,5 min manatdan çox olanların sayı azala, bundan aşağı əməkhaqqı gəlirləri olanların sayı isə arta bilər. Nəticədə həm orta əməkhaqqı artmış olar, həm də tutulan vergilər. Amma gerçəklikdə bunun başvermə ehtimalı çox aşağıdır», – Əfsun Ələkbər belə hesab edir.

İqtisadçı deyir, səbəbi kölgə iqtisadiyyatında axtarmaq lazımdır

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

İqtisadçı Nazim Bəydəmirli isə vergilərin yığım səviyyəsinin aşağı olması qənaətindədir.

«Orta aylıq əməkhaqqı deyilən məbləğdə olmuş olsaydı, təkcə 1 milyon yarım muzdla çalışan işçilərin ödədiyi gəlir vergisi indikindən, ən azı, 50%, sosial-sığorta ödəyicisi kimi qeydiyyata alınmış digər məşğul əhalinin hesabına isə 2 dəfə artıq toplanardı. Fiziki şəxslərdən gəlir vergisi və pensiya fondunun dövlət büdcəsindən asılılığı onu sübut edir ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi, ən azı, ÜDM-in 80%-i qədərdir».

N. Bəydəmirli əlavə edir ki, rəsmi işsizlik səviyyəsi 5% olan ölkədə kölgə iqtisadiyyatının azalması hesabına orta pensiya məbləğini iki dəfə artırmaq olar.

T. Maşallı: «Orta aylıq əməkhaqqı düzgün göstərici deyil»

İqtisadçı Toğrul Maşallı bu problemə fərqli bucaqdan yanaşır və ziddiyyətin səbəblərini orta aylıq əməkhaqqı anlayışının izahı üzərində açmağa çalışır:

«Orta aylıq əməkhaqqı gəlirləri əks etdirən dəqiq və düzgün göstərici deyil. Əgər əhalinin daha yüksək gəlir əldə edən hissəsinin maaşları artırsa, o zaman orta aylıq əməkhaqqı da artacaq. Daha korrekt müqayisə üçün median göstərici daha vacibdir. Çünki bu göstərici vasitəsilə əhalini ən azı iki bərabər qrupa bölmək olar».

İqtisadçı deyir ki, əmək haqlarının strukturuna nəzər saldıqda, əsasən daha aşağı maaş alan qruplarda daha çox insanın məşğul olduğunu görmək olar. O, örnək kimi təhsil sahəsində işləyənləri (muzdla işləyənlərin 22,1%-i) göstərir. Bu sektorda çalışanların orta aylıq nominal maaşı 2016-cı ildə 307 manat olub. Ən yüksək maaş mədənçıxarma və maliyyə sahələrində qeydə alınıb. Bu sahələrdə isə işçi qüvvəsinin cəmi 2,1%-i çalışır.

T. Maşallı xatırladır ki, 2016-ci ilin əvvəlindən gəlir vergisinin hesablanması qaydasında dəyişiklik edilib. 2500 manata kimi maaş alanlardan vergi bazası istehlak minimumu çıxarılması ilə hesablanırdı. Eyni zamanda 2016-ci ildə 136 manat olduğu halda, 2017-ci ildə artıq 155 manat təşkil edib. Bu səbəbdən birisi 500 manat maaş alırsa, verginin həcmi 5,2% azalacaq.

Statistika hesablayıb ki, indi daha çox maaş ödənilir

DSK-ya görə, bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal, yəni hesablanmış (vergi tutulmazdan, sosial sığorta ayırması etməzdən öncə) əməkhaqqısı 523 manat 10 qəpik olub. Bu, 2016-cı ilin eyni dövrünə nisbətən 6,9 faiz çoxdur. Orta əməkhaqqı neft sektorunda 3 min 30 manat, qeyri-neft sektorunda 464 manat 30 qəpik olub. Dövlət müəssisələrində çalışan işçilər orta hesabla 392,7 manat, özəl müəssisələrdə işləyənlər isə 708 manat maaş alıblar.

Bu il avqustun əvvəlinə muzdlu işçilərin sayı bir il öncəkinə nisbətən 3 min 800 nəfər artıb və təxminən 1 milyon 525 min nəfərə çatıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG