Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:31

«Azərbaycan Dəmir Yolları» QSC sərnişin qatarlarına bilet satışında yenilik etməyə hazırlaşır. Bu, nağdsız ödəmələrə keçid məqsədi güdür.

«Yeni ödəmə sistemi elektrik qatarları üçün nəzərdə tutulur. Sistemin işləmə mexanizmi Bakıda şəhərdaxili avtobuslarda və metropolitendə olduğu kimidir. Sərnişin elektron gediş kartı alacaq, balansı artıracaq və istifadə etdikcə, pul kartın balansından silinəcək. Başqa sözlə, hər dəfə kassadan bilet almağa ehtiyac olmayacaq», – ADY QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova AzadlıqRadiosu-na deyib.

Buna da bax:​ Azərbaycanda qatarların sürəti artacaq

Onun sözlərinə görə, elektron ödəmə sistemi birinci mərhələdə Bakı-Sumqayıt-Bakı marşrutunda, sonrakı mərhələdə isə Bakı-Sabunçu-Sumqayıt və digər marşrutlarda hərəkət edən elektrik qatarlarında tətbiq olunacaq.

Sistemin istifadəyə verilməsi tarixinə gəlincə, bu, elektrik qatarlarına bilet satışı sistemi üçün gərəkən avadanlıqların və elektron gediş kartlarının tətbiqi üçün avadanlıqların alınması üzrə elan edilmiş tenderin nəticələrindən asılı olacaq. Proses başa çatandan sonra elektron gediş kartları ləngimədən tətbiq olunacaq. Şirkətlərin təkliflərinin qiymətləndirilməsinə sentyabrın 29-da başlanacaq. ADY-nin sözçüsü belə deyib.

Hər gün Bakı-Sumqayıt-Bakı elektrik qatarının xidmətlərindən təxminən 5 min sərnişin istifadə edir. Bakıdan son təyinat məntəqəsinədək biletin qiyməti 1 manatdır. Biləcəri və Xırdalan aralıq stansiyalarına bilet daha aşağı qiymətədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG