Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:17

Əfv Komissiyası hər gün toplanır


Bu gün, mayın 2-də Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti toplantısı keçirilib.

“Turan” agentliyinin xəbərinə görə, komissiyanın üzvü Rəşad Məcid bildirib ki, iclasda komissiyaya daxil olmuş əfv müraciətlərinin 100-ə qədərinə baxılıb.

Həmin müraciətlərin bir qisminə müsbət rəy verildiyi deyilir.

Komissiya üzvü bu həftə bir neçə dəfə toplantı keçiriləcəyini, iclasların həftə sonunadək yekunlaşmasının gözlənildiyini qeyd edib.

Komissiyaya əfv edilməsini istəyən 1000-dən artıq məhbusun müraciətinin daxil olduğu bildirilir. Bu il əfv komissiyasının ilk toplantısı yanvarın 30-da keçirilmişdi. İndiyədək keçirilmiş iclaslarda 800-dək müraciətə baxıldığı açıqlanıb.Komissiyanın sonuncu iclası dünən, mayın 1-də olmuşdu.

Xatırlatma

Prezident sonuncu dəfə əfv fərmanını 2017-ci il martın 16-da imzalayıb. Həmin əfv fərmanı 423 nəfərə şamil olunub. Onların içərisində bir neçə şəxs hüquq müdafiəçilərinin siyası məhbus siyahılarında yer alırdı.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubleyi (28 may) ərəfəsində yeni əfv fərmanının imzalanacağı gözlənir.

Hüquq müdafiə təşkilatları Azərbaycanda ümumilikdə 150 civarında siyasi məhbusun olduğunu bildirirlər.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Rəsmilər deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əməllərə görə məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG