Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:17

Əlil: Otağa təmizlikçi gətirən əlilləri polislə hədələyirlər


Əfqan Quliyev, birinci qrup əlil, 20092017
Əfqan Quliyev, birinci qrup əlil, 20092017

Və əlil soruşur: Bəs özünü idarə edə bilməyən əlillər neyləsinlər?

"Özümü zorla fiziki idarə edirəm. Ev işləri görmək, yemək hazırlamaq imkanım yoxdur. Ona görə də evə təmizlikçi çağırmağa məcburam. Həm otağı yığışdırır, həm də yeməyimi, çayımı hazırlayır. 3-5 manat verirəm, gedir".

50 yaşlı Əfqan Quliyev birinci qrup əlildir. Hökumət onu Bilgəhdəki "Qocalar evi"nin nəzdində tikilmiş və əlillərin istifadəsinə verilmiş binada məskunlaşdırıb. AzadlıqRadiosu-na danışır ki, bir neçə gün əvvəl "Qocalar evi"nin rəhbərliyi onun barəsində ərazi polisinə müraciət edib.

“ƏLİLLƏR BİR-BİRİNƏ KÖMƏK EDİRLƏR”

Qocalar evi, Makedoniya, 2016
Qocalar evi, Makedoniya, 2016


Məsələ belədir ki, əlillər qaldıqları otaqlara təmizlikçi çağırırlar. Qocalar evinin müdiriyyəti isə bunun əleyhinədir. Elə müdiriyyət əlil Əfqan Quliyevdən də Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinə eyni səbəbdən şikayət edib. Əlilsə bunu düzgün saymır:

"Əllərim şikəstdir. Otağımı yığışdıra, özümə yemək hazırlaya bilmirəm. Əlillərlə yığışıb dəfələrlə müdiriyyətə müraciət etmişik ki, bizə təmizlikçi, yemək hazırlamağa köməkçi ayrılsın. Ancaq bildirilib ki, bu işləri özümüz görməliyik. Burda əlil arabasına təhkim olunmuş əlillər var, hansı ki, heç tualetə də gedə bilmirlər. Əlillər yığışıb bir-birinə çimməyə, tualetə getməyə kömək edirlər".

Əlillərin çoxu buraya Mərdəkandakı Müalicə Pansionatından köçürülüb. Deyirlər, pansionatda yaşadıqları müddətdə həftədə, ya iki həftədə bir dəfə 3-5 manat verib təmizlikçi tutur, otaqlarını yığışdırtdırır, çimmək üçün su daşıtdırır, yemək bişirtdirirlərmiş. Burada o imkanlar yoxdur. Daha doğrusu, şəxsi təmizlikçi dəvət etməyi yasaqlayan müdiriyyət əlillərə dövlət hesabına təmizlikçi vermir.

“YA OTAĞINIZA GƏLƏN QADINLARI ALIN...”

Əfqan Quliyev: "Müdiriyyət deyir, ‘ya otağınıza gələn qadınları alın, ya da bir də bura gəlməsinlər, yoxsa bura gələn qadınları da, onları çağıran əlilləri də tutduracam’. Ay başına dönüm, bu qadın ailəlidir, bu otağa da həftədə bir dəfə təmizlik işləri görməyə gəlir, müdiriyyət camaatın qadınına da, əlilə də şər-böhtan atır, üstəlik də polisə verir. Biz əlillər neyləməliyik, hər dəfə otağa çağırdığımız təmizlikçilərlə nikah bağlatdırmalıyıq? Belə götürəndə, o təmizlikçi gəlir, yığışdırır, 3-4 manat verirəm, cibimdən pul gedir, mənə sərf edəni odur ki, dövlət özü təmizlikçi ayırsın, axı, bura dövlətin müəssisəsidir. Necə ki, ‘Qocalar evi’ndə xidmətçilər var, elə də burda olmalıdır".

Əlilin sözlərinə görə, ruhi xəstələr də əlillərlə eyni binaya yerləşdirilib:

"Burada otaqlar ortadan bölünüb və iki əlilin istifadəsinə verilib, hamam, tualet və mətbəx eynidir. Məni ruhi xəstəylə eyni evə salıblar. O da mənə tualetdən, hamamdan istifadə etməyə imkan vermir. Tualetin qapısını qıfıllayır, özü evin ortasını nəcislə, sidiklə bulayır. Adam xəstədir, üstümə cumur, ölümlə hədələyir, dəfələrlə müraciət etmişəm ki, bunu mənim yanımdan götürsünlər. Əvəzində müdiriyyət məni hədələyir, ‘bir az da çox danışsan, sənin özünü dəlixanaya göndərəcəm’ deyir".

Sabunçu rayonu, 14-cü polis şöbəsindən AzadlıqRadiosu-na bildirilib ki, qeyd olunan məsələ barədə şöbədə məlumat yoxdur və şöbəyə belə bir müraciət daxil olmayıb.

POLİS ZƏNG VURUB Kİ, PROTOKOL YAZMALIDIR


"Azad İstehlakçılar" İctimai Birliyi nəzdində yaradılmış "Tibbi müayinə, müalicə, eləcə də profilaktik və bərpa iştirakçı hüquqların müdafiəsi komissiyası"nın rəhbəri Əhməd Rəhmanov deyir, əlil Əfqan Quliyev təşkilata da şikayət edib:

"Pansionat müdiriyyətinin əlil barədə polisə şikayətindən sonra həmin əlil bizə müraciət edib. Biz də öz xəttimizlə məsələni araşdırır və diqqətdə saxlayırıq. Bir neçə gün əvvəl 14-cü polis şöbəsinin əməkdaşı mənə zəng vurub bildirdi ki, əlildən izahat almağa gələrkən otaqda bir qadının təmizlik işləri apardığını görüb və protokol yazmaq məcburiyyətindədir. Mən də xahiş etdim ki, yazdığı protokolun surətini əlilə versin. Ondan sonra polis ‘müdiriyyətlə danışıb məsələni yoluna qoyarıq’ deyib, protokol yazmaq fikrindən daşındı. Ümumiyyətlə, biz bununla bağlı nazir Səlim Müslümova da müraciət etmişik. Dövlət hesabına götürülən əlil niyə aldığı pensiyadan kəsib kənardan təmizlikçi gətirməlidir? Qanunla, bunu dövlət təmin etməlidir".


Müharibə və Əmək Əlilləri üçün Pansionatdan ("Qocalar evi") sualları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlamağımızı bildiriblər. Nazirlikdənsə hələlik, məsələyə münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG