Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:58

Cəbhədə gərginlik: Ağdamda ölən var


-

Qarabağ cəbhəsində yenidən hərbi əməliyyatların başlaması nəticəsində mülki şəxslər arasında ölən və yaralananların olduğu bildirilir.

APA-nın xəbərinə görə, Ağdam rayonu Çəmənli kənd sakini Famil Mustafayev aldığı qəlpə yarasından həlak olub.

Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılan 67 yaşlı Əli Hüseynov və Zahid Rəhmanovun vəziyyəti ağırdır.

Xəstəxanadan verilən xəbərə görə, digər yaralılar Anar Abdullayevin, Elnur Məmmədovun, Elgiz Tağıyevin, Zahid Fərəcovun, Anar Məmmədovun və Sirdaş Kərimovun həyatına təhlükə yoxdur.

Qəlpə yarası alan sakinlərin 7-si Ağdamın Çəmənli kənd sakinidir.

Bu gecə həmçinin, Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində Ağdam rayonunda bir yaşayış evi yanıb. Rayonun Mahrızlı kənd sakini Bakir Qarayevin evinə top mərmisi düşüb. Ev qısa müddətdə əşyaları ilə birlikdə tamam yanıb. Ev sahibi evdə olmadığından xəsarət alan olmayıb. Qonşular yanan evi söndürə bilməsələr də, alovun həyətdəki digər tikiliyə keçməsinə imkan verməyiblər.

AĞDAMDA 50-YƏ YAXIN EVƏ ZİYAN DƏYİB

Ötən gecə Ermənistan hərbi birləşmələrinin artilleriya zərbələri nəticəsində Ağdam rayonunda 50-yə yaxın fərdi yaşayış evinə və obyektə ziyan dəyib.

«Trend»in xəbərinə görə, bunu Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.

İcra başçısı bildirib ki, Ermənistan hərbi birləşmələri rayonu ağır artilleriya atəşinə tutublar: «İlkin məlumata görə, rayonun Çəmənli kəndində 3 ev ciddi zədələnib, 1 ev tamam dağılıb, 1 avtomobil yararsız vəziyyətə düşüb, 1 at və bir inək ölüb. Bundan başqa, Qaradağlı kəndində 27 ev ciddi zədələnib, 5 ev tam dağılıb. Zəngişalı kəndində 8 ev zədələnib, 1 ev yanıb, 2 ev və 1 mağaza tamam dağılıb. Zəngişalı kəndindəki «Qara İnək» fermer təsərrüfatında 11 inək tələf olub, 19 inək xəsarət alıb. Hazırda rayon ərazisində mərmi zərbələrindən dağıdılan və zərər çəkən digər ev və obyektlərin sayı dəqiqləşdirilir».

XS
SM
MD
LG