Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 15:46

Trump 'Moskvada ona qarşı kompromat var' xəbərlərini rədd edir


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump

Prezident seçilmiş Donald Trump iddia edildiyinə görə Rusiya tərəfindən toplanmış kompromat materiallarin təfərrüatlarını açıqlayan hesabatı “xəstə adamların” quraşdırdığı “saxta xəbərlər” və “qondarma məlumatlar” adlandırıb.

Trump bu bəyanatını yanvarın 11-də özünün Manhattandakı ofisində keçirdiyi mətbuat konfransında səsləndirib.

Bundan əvvəl Rusiyanın ABŞ-ın prezident seçkisinin təsirləndirilməsində oynadığı rola diqqət çəkən bir neçə hadisələr baş vermişdi.

Bu hadisələr özünün kulminasiya nöqtəsinə yanvarın 10-da çatıb. Həmin gün yayılan xəbərlərdə deyilirdi ki, ötən həftə prezident Barack Obamaya təqdim olunmuş məxfi kəşfiyyat dosyesində potensial baxımdan Trump-a qarşı kompromat ola biləcək şəxsi və maliyyə məlumatları var.

Moskva ilə daha yaxşı münasibətlərə çalışacağını vəd etmiş Trump bu ehtimalları yanvarın 11-də yazdığı tvitlərdə rədd edib və ABŞ-ın kəşfiyyat agentliklərini bu sızmaya “yol verdiklərinə” görə tənqid edib və bunu “mənə tərəf atılan son atəş” adlandırıb.

"Məgər biz nasist Almaniyasında yaşayırıq?” – yazıb Trump.

Kəşfiyyatın yüksək vəzifəli rəsmiləri yoxlanmamış iddiaları brifinqə daxil ediləcək qədər inandırcı hesab ediblər və çoxsaylı xəbərlərə görə FTB bu iddiaların etibarlığını araşdırır.

Bu iddialar Rusiyanın ABŞ prezident seçkisinə iddia edilən müdaxiləsi barədə hesabatın iki səhifəlik qısa icmalında verilmilşdi. CNN-nin məlumatına görə bu qoşma sənəd o qədər həssas idi ki, onunla ötən həftə yalnız Obamanı, Trump-ı və Konqresin 8 vəzifəlisini tanış etmişdilər.

New York Times, Reuters, AP və başqa xəbər qurumları adlarının çəkilməməsi şərti ilə danışan ABŞ rəsmilərinə istinadən buna bənzər məlumat yaymışdılar.

Trump bunlara yanvarın 10-da ilk dəfə Tvitterdə cavab vermişdi: "SAXTA XƏBƏR – TAMAMİLƏ SİYASİ CADUGƏR OVU!”

Yanvarın 11-də o tvitlərindıən birində yazmışdı: “Rusiya heç vaxt mənə təzyiq göstərməyə çalışmayıb. MƏNİM RUSİYA İLƏ HEÇ BİR ƏLAQƏM YOXDUR – NƏ SAZİŞLƏR, NƏ KREDİTLƏR, NƏ DƏ HEÇ NƏ!”

Başqa bir tvitdə isə Trump, Kremlin məlumatı inkar etməsinə istinad etmişdi. Həmin gün bir qədər əvvəl Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov demişdi ki, “Kremlin Trump-a dair kompromatı yoxdur” və bunun əksini deyən iddialar “tam bir fantaziyadır”.

CNN-nin brifinq barədə birbaşa məlumata malik çoxsaylı ABŞ rəsmilərinə istinad edən xəbərinə görə potensial baxımdan “partlayışlı” iddiaları ilk dəfə Britaniya Mİ6 kəşfiyyat xidmətinin əməliyyatçısı tərtib edib.

ABŞ kəşfiyyat rəsmiləri bu əməliyyatçının keçmişdəki işini etibarlı hesab edirlər. Həmin şəxs 1990-cı illərdə Rusiyaya göndərilmişdi və hazırda kəşfiyyat məlumatları toplayan özəl firması var.

CNN-nin məlumatına görə bu əməliyyatçının təhqiqatını 2016-ci ildə Respublikaçı Partiyanın praymeriləri zamanı Trump-ın respublikaçı opponentlərini dəstəkləyən qrup və donorlar maliyyələşdiriblər.

CNN əlavə edib ki, Trump respublikaçı namizədliyi qazanan kimi əməliyyatçının sonrakı təhqiqatlarını demokrat namizəd Hillary Clinton-u dəstəkləyən qrup və donorlar maliyyələşdiriblər.

Hesabatda bildirilir ki, Rusiyanın Federal Təhlükəsizlik Xiidməti (FTX) “Trump-ı şantaj etmək üçün kifayət olacaq qədər kompromatı onun Moskvadakı fəaliyyəti ilə bağlı toplayıb”.

Hesabatda təsvir edilən açıq seksual xarakterli videoda Trump-ın 2013-cü ildə Moskvaya səfəri zamanı fahişələrlə birlikdə görüntüləndiyi iddia edilidir.

Sənəddə həmçinin Trump-ın müvəkkilləri və Rusiyanın hökumət rəsmiləri arasında müntəzəm kommuniskasiyanın olduğu iddia edilir. Keçirildiyi iddia olunan bəzi görüşlərdə Demokratik Partiyanın e-maillərinə haker müdaxiləsi və başqa məsələlərin müzakirə olunduğu iddia edilir.

Sənəddə iqtibas edilən naməlum Rusiya rəsmisinə istinadən iddia olunur ki, e-maillər Trump-ın komandasına “tam dəstək məqsədilə” bilərəkdən sızdırılıb və bunun müqabilində Trump özünün seçki kampaniyasında Rusiyanın Ukrayanaya müdaxiləsi məsələsinə toxunmamağa razılaşıb.

İddia olunur ki, bu görüşlərdən birində Trump-ın müvəkkili Michael Cohen iştirak edib və bu görüş avqust və ya sentyabrda Praqada baş tutub. Cohen Tvitterdə yazır ki, Praqada heç vaxt olmayıb.

Hesabatda belə bir ehtimal irəli sürülür ki, Putin hökuməti Trump-a təsir göstərmək yollarını illərlə axtarıb. Trump orada mülkiyyət sövdələşmələri imkanlarını araşdırmaq və bir müddət sahibi olduğu Miss Universe gözəllik yarışına rəhbərlik etmək üçün dəfələrlə Moskvaya səfərlər edib.

CNN bildirir ki, onun məlumatına görə hesabata daxil olan memoları FTB-nin rəhbəri James Comey-ə ötən dekabr ayında respublikaçı senator McCain təqdim edib.

ABŞ kəşfiyyat agentliklərinin Putinin Trump-a kömək etmək və seçkini təsirləndirmək məqsədilə müdaxilə kampaniyasına əmr verdiyi barədə nəticəni elan etməsindən dörd gün sonra yayılmış iddialarla bağlı FTX-dən heç bir şərh olmayıb.

Rusiya Dövlət Duması spikerinin müavini, FTX-nin keçmiş direktoru Nikolay Kovalyov deyib ki, Trump-a qarşı “heç bir komromat materialı yoxdur”.

"Bura gözəllik yarışı keçirmək üçün gələn adamdan kompromat toplamaqda kim maraqlı idi ki? – deyib Kovalyov İnterfax agentliyinə, - Mən sizə öz peşə təcrübəmdən deyə bilərəm ki, Rusiya belə işlərlə məşğul olmur”.

Açıq seksual xarakterli videolar Rusiyada rəsmiləri və siyasətçiləri diskreditasiya etmək məqsədilə əvvəllər də sızdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG