Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:41

Trump Mahmoud Abbas-a acıqlanıb


D.Trump və M.Abbas
D.Trump və M.Abbas

ABŞ prezidenti Donald Trump Fələstin Muxtariyyətinin rəhbəri Mahmoud Abbas-a acıqlanıbmış. Media bunun ötən çərşənbə axşamı, Beytləhm şəhərindəki görüşdə baş verdiyini yazır. «Newsweek» dərgisində Jack Moore yazır ki, Trump Abbas-a deyib:

«Məni Vaşinqtonda aldatmısan! Mənə sülhə sadiqliyindən danışdın, ancaq israillilər mənə İsrailə qarşı qızışdırıcılıqda iştirakını göstəriblər».

İsrailin «Channel 2» televiziyası həmin görüşdə iştirak etmiş bir ABŞ rəsmisinə istinadla xəbər verib ki, Fələstin nümayəndə heyəti Trump-ın bu hərəkətindən şoka düşüb.

ABBAS-A İTTİHAMLAR

İsrail hökuməti Fələstin rəhbərliyini və Abbas-ın FƏTH fraksiyasını gənc fələstinlilər arasında zorakılığı qızışdırmaqda suçlayır. 2015-ci ilin sentyabrından Qüdsdə və İordan çayının Qərb sahildə bıçaqla, tapançayla, maşınlara qoyulmuş bombalarla gerçəkləşdirilən hücumlar çoxalıb. Zorakılıq ötən ilin ortalarında nisbətən səngiyib.

Mayın 3-də Vaşinqtonda keçirilən görüşdə Trump Abbas-ı qızışdırma siyasətinə son qoymağa çağırıb. Ondan İsrail qanunlarıyla terrorda suçlanan fələstinlilərin ailələrinə pul ödəmək siyasətini «həll etməyi» istəyib.

Abbas-sa deyib ki, «biz gənclərimizi, övladlarımızı və nəvələrimizi sülh mədəniyyətiylə böyüdürük».

M.Abbas və B.Netanyahu
M.Abbas və B.Netanyahu

İsrailin baş naziri Benjamin Netanyahu Abbas-ın dediklərinin həqiqət olmadığını bildirir. Onun sözlərinə görə, Fələstin Muxtariyyəti məktəbləri yəhudilərin kütləvi qırğınının şərəfinə adlandırır.

TURNBULL-UN DA ÜSTÜNƏ QIŞQIRMIŞDI

«Newsweek» yazır ki, Trump dünya liderlərinə dərs verməkdə ad çıxarır. Məlumatlara görə, o, fevralda Avstraliyanın baş naziri Malcolm Turnbull-ın üstünə qışqırıb, səbəb sələfi Barack Obama ilə bağladığı qaçqınların yerləşdirilməsinə dair sazişdir.

D.Trump Beytləhmdəki görüşlərdən öncə Netahyahu ilə görüşüb və deyib ki, «qətiyyət, kompromis və sülhə inamla» israillilər və fələstinlilər arasında anlaşma mümkündür.

Ancaq maraqlıdır ki, fələstinli həmkarıyla açıq görüşdə Trump daha mülayim münasibət sərgiləyib, onun sülhə həvəsli tərəfdaş olduğunu deyib.

«Abbas məni əmin edir ki, bu məqsədə doğru işləməyə hazırdır. Netanyahu da eyni vədi verib. Davamlı sülh naminə bu liderlərlə işləməyi səbirsizliklə gözləyirəm», – Trump söyləyib.

M.Abbas fələstinlilərin sülh naminə çalışacağını dilə gətirib. Ancaq onu da vurğulayıb ki, onların fundamental problemi işğal və yaşayış məntəqələri, İsrailin Fələstin dövlətini tanımamasıdır. Abbas-ın deməsinə görə, problem iudaizmlə bağlı deyil.

Ağ ev və Abbas-ın prezident komandasının üzvü «Newsweek»in elektron məktublarına cavab verməyiblər.

XS
SM
MD
LG