Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 11:58

'BMT problemləri həll etmir, problem yaradır' – Trump


Donald Trump

Yeni seçilmiş ABŞ prezidenti Donald Trump yenə Birləşmiş Millətlər Təşkilatını (BMT) tənqid edib. Ötən gün – dekabrın 28-də jurnalistlərlə söhbətində D.Trump BMT-nin problemləri həll etmədiyini, əksinə, problem yaratdığını söyləyib. Qurumun öz potensialına uyğun fəaliyyət göstərmədiyini, vaxt və pul itkisindən başqa bir şeyə yaramadığını deyib.

Əvvəlki çıxışlarından birində də D.Trump BMT-ni bir yığın adamın vaxtını yaxşı keçirməsinə xidmət edən klub adlandırmışdı.

İSRAİLLƏ MÜNASİBƏTLƏR GƏRGİNLƏŞİB

«The Washington Post» qəzeti yazır ki, D.Trump BMT haqda keçən həftədən – qurum İsraili qınayan qətnamə layihəsini qəbul edəndən sonra belə sərt çıxışlar etməyə başlayıb. BMT Təhlükəsizlik Şurasının qətnaməsində İsrailin işğal olunmuş Fələstin ərazilərində qanunsuz yaşayış məskənlərinin inşasına son qoyması tələb edilir.

D.Trump qətnaməyə veto qoyulmasına tərəfdar olsa da, indiki ABŞ prezidenti Barack Obama ölkəsinin veto hüququndan imtina etməsini istəyib. ABŞ-ın bu yanaşması İsraillə münasibətləri gərginləşdirib.

BMT Təhlükəsizlik Şurası
BMT Təhlükəsizlik Şurası

Amma Birləşmiş Ştatların yeni prezidenti D.Trump İsrail hökumətini möhkəm dayanmağa çağırıb, o, Ağ evə keçəndən sonra çox şeyin dəyişəcəyini söyləyib. Twitter hesabında D.Trump İsrailin ABŞ-ın böyük dostu olduğunu, ölkəsinin İsrailə hörmətsizliyə imkan verməyəcəyini yazıb.

Dünən jurnalistlərlə söhbətində isə D.Trump ABŞ-ın BMT-yə ayırdığı maliyyə vasitələrindən yararlanaraq, qurumda ciddi dəyişikliklər edəcəyinə eyham vurub.

RUSİYA VƏ ÇİNƏ FÜRSƏT

Nyu-York Universitetində Beynəlxalq Əməkdaşlıq Mərkəzinin direktoru Richard Gowan «Politico» jurnalında çıxan məqaləsində D.Trump-ın bu mövqeyinin ABŞ-ın xeyrinə olmayacağını yazıb. Onun fikrincə, BMT-yə dəstəkdən imtina etməklə ABŞ Rusiya və Çinə böyük fürsət verər, onların qlobal siyasətdə nüfuzunu artırmasına şərait yaradar. Politoloq D.Trump-ın iş başına keçəndən sonra reallığı dərk edəcəyinə, Suriya kimi problemlərin öhdəsindən gəlməkdə BMT-yə ehtiyac olduğunu anlayacağına ümid edir.

Elə dünən BMT-nin yeni baş katibi Antonio Guterres D.Trump-la danışmaq, onunla konstruktiv dialoqa nail olmaq istədiyini bildirib. «Onunla mümkün qədər tez görüşmək istəyirəm», – deyən A. Guterres Birləşmiş Ştatların BMT-dən ötrü sadəcə əsas donor olmadığını, həm də təşkilatın fəaliyyətinin «fundamental elementi» sayıldığını söyləyib.

A.Guterres fəaliyyətinə yanvarın 1-dən başlayacaq. D.Trump isə Ağ evə yanvarın 20-də, inauqurasiya mərasimindən sonra köçəcək.

XS
SM
MD
LG