Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:19

Dollara çatan valyuta yoxdur – hələlik


Valyuta.
Valyuta.

Hal-hazırda çox az valyuta dolların etibarlı varisi sayıla bilər. «Stratfor» Araşdırmalar Mərkəzi bu haqda təhlilində bildirir ki, hətta ABŞ-ın potensial siyasi addımları dollara zərbə vursa belə, yaşıl əsginasın dünyanın ehtiyat valyutası statusu tezliklə bitən deyil.

Təhlildə vurğulanır ki, dolları əvəzləyəcək güclü namizəd yoxdur, çünki digər milli valyutaların hərəsinin bir əmması var. Məsələn, alternativ valyutalar sayılan SDR və bitkoynun sabitlik problemi mövcuddur, çünki funksionallığı tərəflərin əməkdaşlığından asılıdır ki, bu da davamlı olmaya bilər.

TRUMP DEDİYİNİ ELƏSƏ...

Təhlildə dolların 1944-cü ildə ingilis funt-sterlinqini dominant valyuta statusunda əvəzlədiyi və o vaxtdan qlobal ehtiyat valyutası rolunda qaldığı vurğulanır. Amma statusun saxlanması Birləşmiş Ştatların gücünün qalıcılığından və potensial varis valyutalardan asılıdır.

«Ağ ev rəhbərliyində son dəyişiklikdən sonra dolların qlobal ehtiyat valyutası rolunun davamlılığı suallar yaradır. Prezident Donald Trump-ın indiyədək verdiyi bəyanatlar reallaşsa, dolların etibarına zərbə vura bilər. Ötən ilin mayında Trump deyirdi ki, prezident seçilsə, dövlət borcunun (bu borc hazırda illik ÜDM-in 104 faizi qədərdir) ödənişlərində güzəştlər əldə edər. Axı, bu mexanizm ona özəl sektordan tanışdır», – təhlildə oxuyuruq.

Donald Trump
Donald Trump

Amma təhlil müəllifləri bu halda onun biznes təcrübəsinin dövlət səviyyəsində işə yaramadığını qeyd edir. Məsələn, borcu azaltmağın bir yolu inflyasiya ola bilər. Nəzəri baxımdan, Federal Rezerv Sistemi (FED) dolları dəyərsizləşdirməkdən ötrü yetərincə pul çap edə bilər. Trump borcun azaldılması metodu kimi bundan xüsusi danışmasa də, texniki baxımdan mümkündür. Üstəlik, administrasiyanın FED idarə heyəti üzərində nüfuzu bəzi təyinatlar hesabına artmaqdadır. Onda investorlar da bir neçə ilə dolların ehtiyat valyuta kimi etibarının azalacağına ciddi yanaşarlar.

AMMA DOLLARI NƏ ƏVƏZLƏYƏ BİLƏR?

Təhlildə bir neçə mümkün varis valyuta nəzərdən keçirilir. Avro dollardan sonra ikinci ehtiyat valyuta sayılsa da, investorlar ona bel bağlamağa meylli deyillər, çünki 1999-cu ildə yaradılmış avrozonanın istənilən an dağıla biləcəyindən ehtiyatlanırlar.

Yapon yeninə gəlincə, bu ölkədə davam edən iqtisadi böhran və əhalinin qocalması fonunda yenin tezliklə yuxarı mövqeyə keçəcəyi inandırıcı görünmür.

Dollar-Yuan
Dollar-Yuan

Çin yunana beynəlxalq status qazandırmaqdan ötrü çox çalışır. Amma indiyədək çox az investor onu qəbul edib. Xarici valyuta bazarında tranzaksiyaların 4 faizində yuan var. Dolların yeri 88 faizdir.

SDR (Beynəlxalq Valyuta Fondunun daxili pulu) və bitkoyn kimi kriptovalyutalara gəlincə, hər ikisinin problemi uyğun agentliyinin, orqanının olmamasıdır. Heç birinin arxası möhkəm deyil, onların arxasında supergüc ABŞ dayanmır, axı.

«Dünyanın maliyyə sistemləri yeni bir qeyri-müəyyənlik erasına daxil olur. İnvestorlar dollarla bağlı bəzi məsələlərə inanmaya, ona bel bağlamaya bilər, yəni «yaşıl əsginas» gələcəkdə etibarını bir az itirməsi mümkündür. Amma dolların mümkün əvəzedicilərinə baxanda aydın olur ki, heç biri ehtiyat valyuta kimi onun yerini tuta bilməz. Faktiki, çoxları yanlış düşünür. İndilik görünən odur ki, dollar hələ bir müddət dünyanın ehtiyat valyutası statusunu saxlayacaq», – «Stratfor» araşdırmalar mərkəzi belə yazır.

XS
SM
MD
LG