Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 14:48

Azərbaycan və Ermənistanın dini liderləri Moskvada görüşüb


Bütün ermənilərin katolikosu 2-ci Qaregin (solda), şeyxülislam Allahşükür Paşazadə və patriarx Kirill

Bu gün, sentyabrın 8-i Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qareginin görüşü keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, Rusiyanın patriarxı Kirillin vasitəçiliyi ilə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və digər məsələlər müzakirə edilib.

Görüşdən sonra Rusiyanın patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qareginin müşayiəti ilə jurnalistlər qarşısına çıxıb.

Patriarx qeyd edib ki, fikir ayrılığını yalnız mehriban qonşuluq prinsiplərinə və mənəvi dəyərlərə əsaslanaraq aradan qaldırmaq olar. Azərbaycan və Ermənistan xalqları daim yanaşı yaşamalıdırlar:

“Biz münaqişə ilə bağlı bütün humanitar problemlərin tezliklə sülh yolu ilə həll edilməsi üçün dua edirik və xalqlarımızın siyasi, ictimai xadimlərini buna səsləyirik”, - deyə o, vurğulayıb.

Kirill müharibə zonasındakı məbədlərin, məscidlərin və digər müqəddəs yerlərin qorunmasının vacibliyini vurğulayıb.

Görüşün yekunlarına dair birgə bəyanat imzalanıb.

Bəyanatda qeyd edilib ki, tərəflər münaqişənin hərtərəfli həllinə yönəlmiş sülh dialoqunun inkişafına, beynəlxalq birliyin danışıqların davam etdirilməsinə dair vasitəçilik missiyasına xüsusi əhəmiyyət veririrlər.

“ Azərbaycan və Ermənistan xalqları daim yanaşı yaşamalıdırlar. Buna görə də sülh və əməkdaşlıqdan başqa heç bir perspektiv yoxdur. Çoxsaylı çağırışlar qarşısında biz, dini liderlər ümumi razılığa gəlməliyik. Biz münaqişə ilə bağlı bütün humanitar problemlərin tezliklə sülh yolu ilə həll edilməsi üçün dua edirik və xalqlarımızın siyasi, ictimai xadimlərini buna dəvət edirik” bəyanatda bildirilir.

Bəyanatda vurğulanır ki, hərbi əməliyyatlarda iştirak etməyən və əsir düşmüş dinc sakinlərin azad edilməsinə cavabdeh şəxslər yardım göstərməlidirlər.

Son illər Moskvada bu formatda görüş tez-tez keçirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG