Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:05

Hər iki həftədə dünyada bir dil ölür


Britaniyanın Şetland adasında Viking festivalı

Hər gün 200-dək bitki, həşərat, quş və məməli heyvanın kökü kəsilir. Lakin bu rəqəm nə qədər sarsıdıcı səslənsə də, təəccüblü deyil.

Ən təəccüblüsü budur ki, planetdə hər iki həftədə bir danışıq dili ölür.

BMT-nin bu yaxınlarda açıqlanmış statistikası dünya dillərinin necə bir sürətlə sıradan çıxdığını nümayiş etdirir.

Hesabatda deyilir ki, eramızdan əvvəl insanlar 20 min dil və dialektdə danışırdılar.

UNESCO-nun ən son məlumatına görə bu gün dünyada insanlar 6500 dildə danışırlar. Bunlardan 2 mini kökünün kəsilməsi təhlükəsi qarşısındadır.

Dünya əhalisinin 97 faizi dünya dillərinin yalnız 4 faizində danışır.

Planet əhalisinin 3 faizi isə qalan dillərin 96 faizində ünsiyyət qurur.

Bu o deməkdir ki, kiçicik bir insan icmasının öz ana dilində danışmağı dayandırması ilə bütöv bir dil ölür.

UNESCO bildirir ki, dillər bəşəriyyətin ideya, emosiya, bilik və xatirlərini özündə əks etdirən əvəzsiz alətdir.

Elə isə bəs dillər necə ölür? Bəzən buna səbəb bu dildə danışan insanların nəslinin kəsilməsi olur. Bu, təbii fəlakətlər, epidemiyalar və müharibələr nəticəsində baş verə bilər.

Bəzən isə hər hansı bir dildə danışan insanlar bu dildə danışmağı “tərgidirlər”.

Məsələn 1932-ci ildə Salvadorda aborigen hindu dilləri olan Lenka və Kakaopera dillərindən imtina etmişdilər. Buna səbəb Salavador qoşunlarının yerli hinduları qırması idi.

Ölən dillərin yerini bir qayda olaraq ingilis, ispan, fransız və mandarin dilləri tutur.

Bu yeddi dilin kökü kəsilmək üzrədir:

1. Yedek dili

Malay yarımadasında yalnız ötən il aşkar edilmiş bu dildə bir kəndin əhalisi olan 280 nəfər danışır.

Bu da qeyd edilməlidir ki, yedek dili cəngəllikdə vəhşi bir qəbilənin danışdığı dil deyil. Sözü gedən kənddə əvvəllər etnoqraf və antropoloqlar olmuşdular, lakin onları bu insanların danışdığı dil maraqlandırmamışdı. Qısası, elmi dildə deyilsə, yedek dili “sənədləşdirilməmişdi”.

Hazırda bu dillə Lund Universitetinin ümumi linqvistika professoru Niclas Burenhult məşğul olur.

O deyir ki, bu dildə peşə adları, almaq, satmaq, oğurlamaq kimi sözlər mövcud deyil.

Lakin yedek dilində paylaşma və mübadiləyə dair sözlər var.

2. Aka

Hindistan dillərindən olan aka dili ölkənin ən şimal ştatı olan Arunaxal Pradeşdə danışılır.

Bu dilin danışıldığı kəndə çəngəlliklərin arası ilə 5-6 saat maşınla hərəkət etmək lazımdır.

Lakin indi bu dil ölür. Kəndin cavanları ölkənin əsas dili olan hind dilində danışmağa üstünlük verirlər. Kənddəki televizor və radiolardan da bu dil səslənir.

Hazırda aka dilində yalnız 3 min nəfərin danışdığı təxmin edilir.

3. İsland dili

İsland dili bütöv bir ölkənin dövlət dili olsa da, tədricən tənəzzül etməkdədir.

13-cü əsrdən məlum olan bu dilin olduqca mürəkkəb qrammatik quruluşu var.

Məhz buna görə də internet və sosial media bu dilin “ölüm hökmünü” yazır.

İngilis dili tədricən island dilini sıxışdırıb sıradan çıxarır.

4. Marşall dili

Bəzi hallarda ətraf mühit və iqlim dəyişikliyi də dilin varlığına son qoya bilər. Marşall adalarında məhz bu baş verir. Avstraliya və Havay adaları arasında yerləşən bu mərcan rifi adalarında həyat şəraiti getdikcə çətinləşir.

Okean səviyyəsinin qalxması yerli sakinlərin bu adaları tərk etməsi ilə nəticələnib.

Maraqlıdır ki, onların əksəriyyəti ABŞ-ın Arkanzas ştatındakı Sprinqdeyl şəhərinə köçür.

Mühacir xalqlar isə gec-tez dogma dili unudurlar.

5. Vintu

Avropalılar Şimali Amerikaya gəlməzdən əvvəl vinti tayfasının sayı 14 min nəfər idi.

İndi bu rəqəm xəstəliklər və “zorakı yeni məskunların” təzyiqi altında 150-yə enib.

UNESCO bildirir ki, indi bu dildə mükəmməl danışan yalnız bir nəfər var.

6. Tofa dili

Bu dil Rusiyanın İrkutsk vilayətində yaşayan tofalar türkdilli tayfasının dilidir. UNESCO-nun məlumatına görə hazırda bu dildə danışan cəmi 40 nəfər var.

Bu dil vilayətin ən ucqar üç kəndində danışılır.

Maraqlıdır ki, indiyədək ucqalarda işlənməsi bu dili qoruyub saxlayırdı.

Amma indi bu üç kəndin uşaqları əsasən rusdilli internatlarda təhsil alırlar.

Beləliklə yeni nəsil tofa və ya tofalar dilini tanımır.

7. Elfdal dili

Elfdal dili qədim Nord və ya Vikinq dilinə qohumdur.

Bu dildə yalnız İsveçin ucqar Əlvdalen (Älvdalen) əyalətində danışırlar.

Qədim german dilləri ailəsinə daxil bu dildə Skandinaviyada cəmi 3 min nəfər danışır.

Bu dildə danışanların bir çoxu müasir isveç dilinə meyl edir.

Lakin dil həyat uğrunda əsl mübarizə aparır. 2016-cı ilin martında Əlvdalen şəhər şurası bütün uşaq bağçalarında bu dilin tədrisi barədə qərar qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG