Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:58

Əhməd bəy Ağaoğlu İstanbulda məzarıbaşında anıldı (fotolar


Əhmədbəy Ağaoğlunun İstanbuldakı məzarı
Əhmədbəy Ağaoğlunun İstanbuldakı məzarı

“Arzu edirəm ki, Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçiriləcək tədbirlər planına Feriköydə təmirə ehtiyacı olan məzarların bərpası da daxil edilsin”

Bu sözləri mayın 19-da Azərbaycan və Türkiyənin tanınmış fikir adamı, siyasətçisi Əhməd bəy Ağaoğlunun İstanbuldakı məzarı başındaaraşdırmaçı jurnalist Dilqəm Əhməd səsləndirib.

Dilqəm Əhmədin AzadlıqRadiosuna verdiyi xəbərə görə, İstanbul Azərbaycan Kültür Evinin (İAKE) təşkilatçılığıyla baş tutan anım tədbirinə İstanbulda yaşayan azərbaycanlılar, burada çalışan müəllimlər və tələbələr qatılıblar.

İAKE başqanı Hikmət Elp anım gününə gələn insanlara təşəkkür edib, İstanbulda dəfn olunan tarixi şəxsiyyətlərin hər birinin həyatının ayrıca öyrənilməsinin önəmini vurğulayıb.

Tədbir iştirakçılarını məzarlıqla tanış edənDilqəm Əhməd Əhməd bəy Ağaoğlunun fəaliyyətindən bəhs edib:

“İstanbuldakı Feriköy məzarlığını Azərbaycanın Fəxri Xiyabanı adlandırıram. Çünki burada Əhməd bəy Ağaoğlu və ailə üzvləri, 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyətinin nazirləri, üzvləri olan Xəlil bəy Xasməhəmmədlinin, Xosrov bəy Sultanzadənin, Nağı bəy Şeyxzamanlının, Əbdüləli bəy Əmircanın, Məhəmmədsadıq Aranın, Miryaqub bəy Mirmehdiyevin, Şəfi bəy Rüstəmbəylinin, Hüseynqulu xan Xoyskinin, Valiyyə Kazımbəylinin, Kərim Odərin və başqalarının məzarları var.

Bu şəxslər Azərbaycan tarixində çox önəmli rol oynayıblar. Əhməd bəy Ağaoğlu1939-cu il mayın 19-da İstanbulda vəfat edib. Əhməd bəy Şuşada doğulub, Fransada təhsil alıb. 1905-ci ildə ermənilərin Azərbaycan türklərinə qarşı qırğınlarını dayandırmaq məqsədilə Difai hərəkatını yaradıb. 1909-cu ildə təzyiqlərdən xilas olmaq üçün Türkiyəyə gedib. 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın müşaviri olaraq ölkəyə qayıdıb. Daha sonra İstanbul işğal edildiyi zaman Malta adasına sürgün edilib. Atatürk tərəfindən xilas edildikdən sonra onun yanında yer alıb. Əhməd bəy nadir adamlardan olub ki, Atatürkə yaltaqlanmayıb, fikrini ona açıq deyə bilib, təsisçisi olduğu qəzetlərdə hökuməti tənqid edə bilib. Atatürkə olan vəfa borcuna görə, onun yaratdığı Sərbəst Cümhuriyyət Firqəsində ikinci adam olub. Atatürk ölərkən çox kədərlənib”.

D. Əhməd Ağaoğlu məzarlığında uyuyan ailə üzvləri, eləcə də məzarları ziyarət edilən Cümhuriyyət qurucuları haqqında da tədbir iştirakçılarına bilgi verib.

Tədbirə qatılan Türkiyənin Kırklareli Universtetinin dosenti Gülarə Yenisey bu məzarlıqda uyuyan Cümhuriyyət parlamentinin üzvü Məhəmmədsadıq Aranın Türkiyədəki, Finlandiyadakı fəaliyyətinə toxunub: “Aran Finlandiyada ikən məktəb açıb, Turan Ocağı qurub, türk dilində qəzetlər çap edib. “Ergenekon yolları” adlı şeir kitabının müəllifidir. Mən İstanbulda onun yaşadığı evi də ziyarət etmişəm”.

Üsküdar Universitetinin əməkdaşı Əbülfət Süleymanlı Feriköy məzarlığında dəfn olunan şəxslərin hər birinin həyatının yazılması, bu məzarlığın tanıdılmasının vacibliyini bildirib.

Dilqəm Əhməd
Dilqəm Əhməd

Tədbirin yekununda D. Əhməd bu məzarlıqla bağlı kitab hazırladığını açıqlayıb: “Mən ilk dəfə bu məzarlığa gələndə Miryaqub Mirmehdiyevin məzarının yerə düşmüş başdaşını görmüşdüm. Çox təsirlənmişdim. Sağ olsun, rejissor Tahir Əliyev bu yaxınlarda xeyirxah bir insanın dəstəyi ilə bu məzarı təmir etdirdi. Gələn il Azərbaycan Cümhuriyyətinin elanının 100-cü ildönümüdür. Bir neçə gün əvvəl cənab Prezident bununla bağlı sərəncam imzaladı. Arzu edirəm ki, tədbirlər planına bu məzarlıqdakı təmirə ehtiyacı olan məzarların bərpası da daxil edilsin. Ən azından girişə xüsusi bir lövhə vurulsun. Mən özüm bununa bağlı müvafiq qurumlara müraciət edəcəyəm. “Son mənzil Feriköy” adlı kitab üzərində də çalışıram. Bu kitab daha öncə çap olunan “Fərqlilər”, “Mühacirlərin dönüşü” kitablarımın davamıolacaq”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG