Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:11

Ən iri broyler fabriklərindən biri 3 ildir zərərdədir


Broyler fabriki (arxiv fotosu)
Broyler fabriki (arxiv fotosu)

İstehsal həcmini 2 faiz artıran «SƏBA» ASC-yə məxsus Dəvəçi broyler fabrikinin zərəri ötən il 2015-ci ilə nisbətən 52 faiz çox olub.

2014-2016-cı illərdə şirkət toyuq əti istehsalından 7,4 milyon manatdan çox zərərə uğrayıb. Bu haqda onun audit yoxlamasından keçmiş maliyyə hesabatlarında deyilir.

Hesabata görə, 2016-cı ildə 16 min tondan çox məhsul satan «SƏBA» gəlirlərini 2,4 milyon manat artırsa da, son nəticədə 3 milyon 341 min manat ziyana düşüb. İl ərzində onun banklara borcu 9 milyon manat artıb və 21 milyon manatı keçib.

Buna da bax:​ 'SƏBA' iki müəssisəsini bağladı

Məsrəflər işçilərin ixtisarı hesabına azaldılıb

Son bir ildə fabrikdə çalışanların 265-i ixtisar edilib. Müəssisənin məsrəfləri azaltmaq istiqamətində ən nəzərəçarpan addımı elə bu olub.

Əməkhaqqı ödənişləri və sosial sığorta ayırmaları 2016-cı ildə 2,7 milyon manat azalıb. 2015-ci ildə fabrikdə 917, bu ilin əvvəlində isə 575 nəfər işləyirdi. İşçilərə hesablanan orta aylıq əməkhaqqı (622 manat) da qismən azalıb.

Buna da bax: Fermerlər narazıdı: 'Məhsula çox ucuz qiymət qoyurlar'

Dövlət səhmləri 10 dəfə bahasına almışdı

Səhmdar cəmiyyətinin səhmlərinin 25 faizi dövlətə («Azərbaycan İnvestisiya Şirkəti» ASC) məxsusdur. Səhmlərin nominal dəyərindən 10 dəfə baha alınmasına 2008-ci ildə 12 milyon manat ödənilmişdi. O zaman Dəvəçidəki broyler fabriki 60 milyon dəyərində qiymətləndirilmişdi. Hazırda 4 şirkətdən ibarət «SƏBA» ASC-nin Dəvəçi broyler fabrikinin xalis aktivləri 26 milyon manat (15,4 milyon ABŞ dolları) məbləğindədir.

Şirkətdə zərərlərin artımının səbəblərini izah etməyiblər. Amma maliyyə hesabatında bunun da cavabı var. Son bir ildə material xərcləri 7,4 milyon manat artıb.

Buna da bax:​ 80 sentlik toyuq ətinə 1 dollar vergi?

«SƏBA» bir holdinqdir

«SƏBA» ASC kənd təsərrüfatı və emal sənayesi sahələrində fəaliyyət göstərən holdinq şirkətidir. Onun tərkibinə ana şirkət, «Biləsuvar Aqro» MMC, «Qarabağ Taxıl» MMC və «Dəvəçi Broyler Dərin Emal» MMC daxildir. Broyler fabrikinin maliyyə auditi avqustun 8-də tamamlanıb. Holdinq hələlik, birləşdirilmiş maliyyə hesabatını açıqlamayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG