Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 18:17

'İcazə verin Azərbaycan, Heydər Əliyev günəş kimi doğsun'


Ağacan Abıyev: "Bir adama vətəni sevməyi dövlət öyrədəcəksə, kül o adamın başına".

“Bu hesabat Afrikanın ən geridə qalmış ölkələrinə aiddir, bunun Azərbaycana heç dəxli yoxdur”. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Ağacan Abıyev AzadlıqRadiosu-na belə deyir, uşaqların hüquqlarını müdafiə edən beynəlxalq xeyriyyə təşkilatı “Save the Children”ın hesabatını şərh edərkən.

– Ağacan müəllim, hesabata görə, Cənubi Qafqaz ölkələri, eləcə də Azərbaycan uşaqların qismən uşaqlıqdan məhrum olduğu ölkələrin kateqoriyasındadır. Sizcə, azərbaycanlı uşaqlar, qismən də olsa, uşaqlıqdan məhrum olunmuş sayılmalıdırmı?

– Bu, bəlkə Afrikanın ən geridə qalmış ölkələrinə aiddir, Azərbaycana heç dəxli yoxdur. Heç dəxli yoxdur. Azərbaycanda uşaqları məktəbəqədər təhsil müəssisələrində, bağçalarda yüksək səviyyədə tərbiyə edirlər. Yox ey, bu, bizə aid deyil. Necə ki gənclərə münasibət var, onların inkişafı haqqında düşünürük, eləcə də uşaqlara. Uşaqların haqqında daha çox düşünürük. Uşaqların məktəbəqədər təhsil-tərbiyə məsələsində başqa ölkələr bizdən nümunə götürməlidirlər. Elə şey yoxdur. Onu kim yazıb?

Buna da bax:​ Ekspert: 'İslahatlar imitasiya edilir'

– Hesabatı və indeksi “Save the Children” təşkilatı hazırlayıb və indeksdə Cənubi Qafqaz üzrə ən pis göstərici Azərbaycandadır, 87-ci yerdədir, Gürcüstan 85-ci yerdədir. Amma Ermənistan 54-cü yerdədir.

– Ermənilərin işi belədir də... Bu hesabat bizə aid deyil. Bir söz var, sənə ad qoydum... Amma o demək deyil sən o adı qəbul edəsən. Çox axmaq yazıdır, axmaq, səviyyəsiz, Azərbaycanı tanımayan adamlar yazıblar bunu. Bizdə əgər uşaqlara diqqət yoxdursa, görəsən, bizim gənclərimiz haradan dünya çempionu olurlar? Uşaqlıqdan bunlara dəstək olmasa, hazırlanmasalar, çempion ola bilərlər?

Ağacan Abıyev: "Bir adama vətəni sevməyi dövlət öyrədəcəksə, kül o adamın başına"
Gözlə

No media source currently available

0:00 0:07:13 0:00
Direct-ə keçid

– Siz Azərbaycanda idmanın inkişafından danışırsınız, ancaq Azərbaycanı beynəlxalq yarışlarda təmsil edənlərin çoxu başqa xalqların, ölkələrin yetirmələridir, legionerlərdir. O zaman ölkədə idmanın böyük inkişafından danışmaq olarmı?

– Niyə belə söz danışırsınız? Bax, bizim boks komandamız var, bir nəfər kənardan gələn var, qalan 9 nəfər azərbaycanlıdır. Siz Ağacan müəllimə zəng edirsiz ey, professor Ağacan Əbiyevə, həm idmançı olub, həm məşqçi olub, həm də 2004-cü ildə olimpiya oyunlarında baş hakim olub. Götürün güləşçiləri, götürün boksçuları, neçə nəfər qıraqdan gəlib? Bir dənə kubalıdır, onu da trener özüylə gətirib. Bizim idmançıların 90-99 faizi Azərbaycan uşaqlarıdır. Bütün dünyada belədir ki, komandaya aparıcı ölkələrdən bir nəfər gətirilir, o da inkişaf üçün. Çox nahaq yerə bunu danışırlar. Siz də bunu təkrarlamayın, siz azərbaycanlısınız. Jurnalist oldun, kim oldun, birinci növbədə azərbaycanlı olmalısan. Kiminsə sözüylə Azərbaycanı pisləyirsinizsə, azərbaycanlılığınıza şübhə edirəm. Azərbaycan birinci Avropa Oyunlarında neçənci yeri götürdü? İkinci yeri. Birinci yeri 186 milyonluq Rusiya götürdü. İslam Həmrəyliyik Oyunlarında birinci yerə 10 milyonluq Azərbaycan çıxdı. Birinci növbədə azərbaycanlı olun.

Buna da bax: 'Əliyev Trump-ın sözləri ilə bağlı nəticə çıxartmaqda tələsib' [video]

– Boks, güləş üzrə Azərbaycanda əvvəldən müəyyən məktəb olub. Amma digər sahələrdə komandalara, oradakı qaliblərin adlarına baxanda hər şey aydın olur, xaricdən idmançıların dəvət olunmasını necə inkar etmək olar?

– Əcəb edirlər, düz edirlər. İnkişaf etmək istəyiriksə... Bəs niyə demirsiniz ki, Akademiyaya iki alim dəvət olunub, nüvə fizikası üzrə alimlərdir. İkincisi də, sovet vaxtında onluğa düşəndə sevinirdik, indi birinci, ikinci oluruq. Buna sevinmək lazımdır! Azərbaycanın bayrağı qalxır, himni oxunur, Azərbaycan tanınır. Vətəni hər halda ana kimi sevmək lazımdır. Vətəni sevməyən anasını da sevmir.

– Ağacan müəllim, hər kəsin vətəninə sevgisi fərdi məsələdir, bunu test etmək mümkün deyil və lazım da deyil yəqin. Söhbət ondan gedir ki, ölkənin uşaqları və ya idmanı ilə bağlı tənqidi fikirlər səslənirsə, bu haqda susmaq yox, danışmaq gərəkdir.

– Vətəni sevmək hökumətin işi deyil, şəxsiyyət işidir. Bir adama vətəni sevməyi dövlət öyrədəcəksə, kül o adamın başına.

Buna da bax:​ İlham Əliyev: ‘Görün, Azərbaycan nə qədər inkişaf edib...’

– Sizcə, vətəni az və ya çox sevməyi kim müəyyən edir? Bir də vətənini, ölkəsini sevmək o demək deyil ki, sən onu tənqid etməyəsən.

– Tənqid etməyə adamın gərək haqqı olsun. Sən bu vətən üçün neyləmisən?

– Uşaq mövzusuna qayıdaq. Söhbətə başlayanda uşaqlara qayğıdan, məktəbəqədər təhsildən danışdınız. Amma bu gün hüquq müdafiəçisi Yusif Bəkirov rəsmi rəqəmlərə istinadla deyir ki, Azərbaycanda uşaqların 18 faizinin bağçaya getmək imkanı var, özəl bağçalar çox bahadır. Bu durumda ölkədə normal məktəbəqədər təhsildən danışmaq olarmı?

– Özüm təhsil işçisiyəm. 80 yaşım var. Onun 73 ili təhsildə keçib. Bir söz deyim, deməyə haqqım da var ki, bizim ailəmiz 11 baş idi. Atam fəhlə, anam evdar qadın. Ac-yalavac böyümüşük, müharibə vaxtı çox çətinliklər çəkmişik. Amma ailəmizdən iki professor çıxıb, bir elmlər namizədi, bir baş həkim, bir mühəndis. Bax, mən uşaqlıqda bağçaya gedirdim. İndi də Bülbülə kəndinin uşaqları ora gedir, indi lap qəşəngləşib, 1945-ci il deyil. Heç də məcburi deyil ki, Azərbaycanda iki milyon uşaq varsa, hamısı bağçada olsun. Başa düşmədim, bəs bu evdə tərbiyə hara getdi?

Buna da bax:​ E.Məmmədyarov: 'Azərbaycan öhdəliklərinə sadiqdir'

– Ancaq uşaqların 18 faizi də aşağı rəqəmdir, axı. Bunun 50 faizi bağçaya getsin, heç olmasa, 50 faizi ev tərbiyəsi görsün, elə deyilmi?

– İstənilən ölkəyə get, uşaqların heç də hamısı bağçaya getmir, heç istəmirlər də, ata-ana deyir ki, özüm tərbiyə edirəm. Atam deyirdi ki, uşaq bağçaya getməsin, özüm yanımda aparacam işə. Ailə tərbiyəsi lazımdır. Biz bütün uşaqları bağçaya versək, istədiyimiz kimi böyüdə bilməyəcəyik. Mümkün olan qədər bağçamız da var, ödənişlisi də var, ödənişsizi də. Yadınızdan çıxarmayın ki, cəmisi 25 ildir müstəqil ölkəyik. Siz niyə özümüzü 250 illik ABŞ-la müqayisə edirsiniz? İcazə verin Azərbaycan, Heydər Əliyev günəş kimi doğsun, isti versin, işıq salsın aləmə, öz vətəndaşlarına.

– Prezident İlham Əliyev həmişə deyir ki, Azərbaycan analoqu olmayan ölkədir, iqtisadi inkişafına, ÜDM-ə görə bir çox ölkələri qabaqlayır, hətta böhrandan daha tez çıxa bildi və s. Bu halda, Azərbaycanı aparıcı ölkələrlə müqayisə etmək normal deyilmi?

– Yaxşı da. İstənilən halda müqayisə aparanda... Biz müharibə vəziyyətində olan ölkəyik. Bizim nə qədər hərbiyə pulumuz gedir. Hər şeyi vətəndən tələb etmək olmaz, əvvəlcə deyin, siz vətənə neyləmisiniz?

Buna da bax: '100 il sonra ölkədə bolşevik eksperimenti təkrarlanır'

– Bir qədər əvvəl dediniz ki, uşaqların hamısını bağçaya vermək lazım deyil. Bir neçə il öncə də Azərbaycanda uşaq müəssisələrində, internatda yaşayan uşaqların ailələrə verilməsiylə bağlı proqram qəbul olundu, amma indi ekspertlər hesab edirlər ki, bu sənəd kağız üzərində qaldı. Bu gün də internatlar fəaliyyətdədir, kimsəsiz uşaqlar ora verilir.

– İnkişaf qanunu var, bir plan qurursan, bunu yoxlayırsan, görürsən alınmadı, keçirsən başqa proqrama, deyilən hər söz düz çıxır guya? Vaxt gələr buna da keçərik. Amma indi yeri deyil, hələ tezdir, tələsmişik, nə baş verib ki?

– Demək istəyirsiniz ki, Azərbaycan hələ buna hazır deyil?

– Cəmiyyət də hazır deyil. İkincisi də vaxt gələr ki... Bir söz deyim. Bu gün proqram qəbul olundu, sabah nəticə olmalıdır? Proqram qəbul olunur, iki-üç ilə də nəticə ortaya qoyulur. Amma siz deyirsiz ki, dərhal nəticə olsun...

– Proqram 10 ildən çoxdur qəbul edilib.

– Düzələcək, tələsməyin.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG