Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 02:22

Deputat keçmiş həmkarını müsahibəsinə görə məhkəməyə verib


Deputat Çingiz Qənizadə

Deputat Çingiz Qənizadə Milli Məclisdəki keçmiş həmkarı Qalib Salahzadənin cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Bu məqsədlə də Salahzadəyə qarşı xüsusi ittiham qaydasında iddia ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə çəkişməsinə səbəb Salahzadənin mətbuata müsahibəsində Qənizadə haqqında söylədiyi fikirlərdir. Çingiz Qənizadə keçmiş deputatın onun haqqında dediklərini böhtan adlandırıb.

Buna da bax:​ Mehriban Əliyevanı 'ən fəal deputat' seçdilər

Mübahisə Q.Salahzadənin oğlunun həbsinə görə Baş prokuror Zakir Qaralovu günahlandırdığı müsahibəsi ilə başlayıb. Keçmiş deputat deyib ki, vaxtilə Zakir Qaralov Sabunçu rayonunun prokuroru olanda ondan Binə qəsəbəsində torpaq sahəsini istəyib, amma o, verməkdən imtina edib. Salahzadənin sözlərinə görə, bundan sonra Qaralovun onunla ədavəti başlayıb və oğlu da bu düşmənçiliyin güdazına gedib.

Ardınca deputatı Çingiz Qənizadə mediaya açıqlamasında səsləndirdiyi fikirlərə görə keçmiş həmkarını tənqid edib. Deyib ki, bu adam hər zaman məntiqə uyğun oldu-olmadı, ağlına nə gəlirsə, onu danışır. Qaralov baş prokuror təyin olunandan sonra prokurorluq orqanlarında neqativ halların tam aradan qaldırıldığını iddia edən Qənizadə deyib ki, onun sıravi adamla ədavət aparmasını söyləmək gülüncdür.

Ardınca Q.Salahzadə yenidən müsahibə verib və Ç.Qənizadəni “dəfələrlə siyasi əqidəsini dəyişmiş, satılmış adam” adlandırıb. Onun Baş prokuroru müdafiə etməsini isə Qənizadənin oğlunun hazırda Binəqədi Rayon prokurorunun müavini olmasıyla əlaqələndirib: “Çingiz Qənizadə mənim əleyhimə danışmaqla oğlunun vəzifəsini böyütməyə çalışır. Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir. Onu tanıyan hamı bilir ki, Çingiz Qənizadənin necə utancverici keçmişi var. Onu dilə gətirmək belə ayıbdır. Onu desəm, inanın ki, heç kəs ona salam verməz”.

Buna da bax: Keçmiş deputatın oğlunun şikayəti təmin edilməyib

Salahzadə həmçinin iddia edib ki, Qənizadə vaxtilə Bakı şəhər prokuroru işləyəndə ondan 30 min dollar rüşvət alıb: “Həmin pulun qarşılığında məni həbsdən azad edəcəkdi. Ancaq dövran elə oldu ki, AXC-Müsavat hakimiyyətdən getdi və Çingiz Qənizadə də ortada tək qaldı. Mən də pullarımı geri almaq üçün Çingiz Qənizadənin iş yerinə, evinə gedib neçə gün onu izlədim. Məndən qaçıb gizlənirdi. Axırda işdən çıxanda onun qabağını kəsib pullarımı tələb etdim və ona vaxt qoydum. Dedim ki, əgər pulum axşam saat 18:00-dək gətirilməsə, ayrı cür hərəkət edəcəm. Həmin günü dediyim vaxtda da Çingiz Qənizadə 30 min dolları gətirib qaytardı”.

Bundan sonra Ç.Qənizadə keçmiş həmkarının onun haqqında söylədiklərinin, o cümlədən 30 min dollar rüşvət almasına dair iddiaların yalan olduğunu bildirərək, məhkəməyə müraciət edəcəyini demişdi.

Buna da bax:​ Adamları diri-diri yandıran kreditlər...

Q.Salahzadə Milli Məclisin keçmiş üzvü olmaqla yanaşı, həm də Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır. Onun oğlu Əlihüseyn Salahzadə sentyabrın 13-də həbs olunub. Sabiq deputatın oğlu CM-nin 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddəsi ilə ittiham olunur.

“Sentyabrın 4-də oğlum Əlihüseyn Salahzadə evində oturub Qurban Bayramını qeyd edirmiş. Həmin gün qapı döyülür, qapını açan zaman “Azərsu” ASC-nin əməkdaşı Elbəyi Mirzəliyev adlı şəxs oğlumun yoldaşını təhqir edir. Bunu görən kimi oğlum Elbəyinin çənəsinə sillə vurur. Yəni oğlumun yerində kim olsaydı, eyni addımı atardı. Sonradan həmin Elbəyi oğluma qarşı şikayətini də geri götürüb, barışıblar və mətbuata da açıqlama verib. Bütün bunlara baxmayaraq, sentyabrın 13-də oğlumu həbs ediblər”, – Q.Salahzadə belə deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG