Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:36

Baku Crystal Hall-un sirləri


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Baku Crystal Hall"un açılışında. 7 may 2012-ci il.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Baku Crystal Hall"un açılışında. 7 may 2012-ci il.

-

"BAKU CRYSTAL HALL"U PREZIDENTIN AILƏSINƏ YAXIN ŞIRKƏT TIKIR?

Bir neçə gündən sonra qırxdan çox Avropa ölkəsinin ictimai kanalları Xəzər dənizinin sahilində yenicə inşa olunmuş – "Baku Crystal hall"dan qitənin ən böyük mahnı yarışmasını canlı yayacaq.

"Eurovision 2012" mahnı yarışmasının keçiriləcəyi "Crystal Hall"un tikintisinə Azərbaycan prezidenti ölkənin keçən ilki qalibiyyətindən bir neçə gün sonra - iyulun 8-də sərəncam verib.

Ötən bir ilə yaxın vaxt ərzində həm prezident, həm də onun "Eurovision 2012" Müsabiqəsinin Təşkilat Komitəsinə rəhbərlik edən xanımı Mehriban Əliyeva dəfələrlə tikinti sahəsində olub, işlərin gedişi ilə maraqlanıb. Amma OCCRP və AzadlıqRadiosunun əldə etdiyi sənədlərə görə prezidentin və birinci ledinin "Crystal Hall"un inşasına aidiyyətləri təkcə sadalananlarla bitmir…

ALMAN ŞİRKƏTİ AZENCO-NU SUBPODRATÇI SEÇİB

"Crystal Hall"un inşaatının Almaniyanın “Alpine Bau Deutchland AG” şirkəti tərəfindən aparıldığı elan edilib. Amma tikinti meydançasında üzərində AZENCO

Baku Crystal Hall-da işləyən Azenco-nun maşınlarından biri.
Baku Crystal Hall-da işləyən Azenco-nun maşınlarından biri.

yazılan texnika gözə dəyir.

Azərbaycan büdcəsinə ən azı 105 milyon manata başa gələn bu tikilinin inşasında Azenco şirkətinin subpodratçı olduğunu şirkətin Bakıdakı nümayəndəsi Rolf Herr təsdiqləyib.

Amma cənab Herr detallara varmaqdan imtina edib. Alpine Bau-nun baş ofisinə - mətbuat xidmətinə yazdığımız məktubu aldıqlarını təsdiqləsələr də, cavab verməkdən imtina ediblər.

Şirkət niyə məhz bu podratçını seçdikləri və Azenco-nun kimə məxsus olduğu ilə bağlı sualları cavabsız saxlayıb.

AZENCO-NUN PREZİDENT AİLƏSİNƏ YAXINLIĞI BARƏDƏ SƏNƏDLƏR

Azenco-nun rəsmi məlumatlarında göstərilir ki, onun payının 97,5 faizinin sahibi İnterenerji şirkətidir. Interenerjinin əsas – 70 faizlik payının sahibi isə Ador MMC-dir.

Ador MMC Bakıda Səməd Vurğun küçəçi 7 ünvanında qeydiyyatdan keçib. Bir müddət öncəyə qədər həmin ünvanda 3 seçici qeydə alınmışdı – Mehriban Arif qızı Əliyeva, Leyla İlham qızı Əliyeva, Arzu İlham qızı Əliyeva.

ADOR MMC həm də Express bankın təsisçisidir. Bankın illik hesabatlarında da bu şirkətin ünvanı Səməd Vurğun küçəsi 7 olaraq göstərilir.

Azadlıq Radiosunun 2010-cu ildə apardığı araşdırma S.Vurğun küçəsi 7 ünvanın sakinlərindən birinin – Arzu Əliyevanın dövlətə məxsus Azalbankı qeyri-qanununi özəlləşdirdiyini üzə çıxarmışdı. Azərbaycan prezidentinin sözçüsü Azər Qasımov həmin ünvanda qeydiyyatdan keçmiş və Silkwaybank-ın səhmlərinin sahibi Arzu Əliyevanın Azərbaycan prezidenti İlham Əliyevin övladı olduğunu təsdiqləmişdi.

Contact.az saytında dərc olunmuş başqa bir araşdırma isə ölkədə bir neçə bankın eyni ünvanla bağlılığını üzə çıxarmışdı.

Əliyevlərin Azenco-dakı marağı və büdcədən maliyyələşən böyük layihələrdə bu şirkətin iştirakı ilə əlaqədar maraq konflikti barədə suallarımızı prezidentin sözçüsünə ünvanlasaq da, cavab ala bilməmişik.

“CRYSTAL HALL”U EUROVISION-2012-YƏ GÖRƏ TİKMƏYİBLƏR?

Eurovision-2012 tədbirinin koordinatoru Sietse Bakker isə sorğumuza cavab olaraq bildirib ki, “Crystal Hall”un Eurovisiona aidiyyatı yoxdur. Onun iddiasına

Crystal Hall-un tikintisindən kadr.
Crystal Hall-un tikintisindən kadr.

görə, hökumətin bu zalı müsabiqə Bakıda keçirilməsə də tikmək planı var idi. Yeni idman-konsert kompleksinin inşası barədə sərəncamın tarixinin məhz Eurovision qələbəsindən sonraya təsadüf etməsi Sietse Bakker üçün tutarlı arqument deyil:

“Bu cür işlərin planlaşdırılması üçün adətən daha uzun müddət tələb olunur. Digər tərəfdən, bu layihəni Almaniya və Avstriyanın Alpine Bau və Nüssli şirkətləri həyata keçirir. Yerdəki subpodratçıları da onlar seçirlər.

Onu da nəzərə alın ki, “Baku Crystal Hall” həm də 2020 Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi üçün təklif paketinin tərkib hissəsidir”.

Birinci ledinin rəsmi səhifəsinə ünvanlanan sorğumuz da cavabsız qalır.

“CRYSTAL HALL” AZENCO-NUN YEGANƏ LAYİHƏSİ DEYİL

Hərçənd ki, “Crystal Hall” Azenconun maraq konflikti ilə bağlı şübhə doğuran yeganə layihəsi deyil. Bu şirkət həm də Crystal Holl-un yaxınlığında Azərbaycanın son illərdə ən çox müzakirə olunan daha bir layihəsində – Dövlət Bayrağı Meydanının tikintisində çalışıb.

Bayraq Meydanı dünyanın ən uca bayraq dirəyi ilə Ginnesin Rekordlar kitabında yalnız bir neçə ay qala bildi. Mərkəzi Asiyanın ən kasıb ölkəsi Tacikistan daha uca bayraq dirəyi inşa edənə qədər. Bu bir neçə aylıq birincilik isə Azərbaycan büdcəsinə azı 30 milyon manata başa gəlib.

Bu məbləğin 20 milyon manatı prezidentin 532 (26 oktyabr 2009) və 1052 (3 avqust 2010) saylı sərəncamları ilə dövlət başçısının Ehtiyat Fondundan, 10 milyon manatı isə birbaşa 2011-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinin 260 S (25 avqust 2011) saylı sərəncamı ilə ayrılıb.

Nazirlər Kabinetinin sözçüsü Akif Əli ayrılan məbləğin hansı hissəsinin dirəyin layihəsini vermiş Trident Support şirkətinə, hansı hissəsinin Azenco-ya çatdığı, niyə məhz Azenconun partnyor olaraq seçildiyi barədə sulları cavablandırmaqdan imtina etdi. Dəfələrlə etdiyimiz telefon zənglərinə özü cavab verməyib, köməkçisi isə sualımızı və telefon nömrəmizi qeydə alsa da, heç bir cavab almamışıq.

Azenco-nun dövlət xərclərində iştirakı bununla bitmir.

Ölkənin müxtəlif yerlərində üzərində Azenco simvolu olan avadanlıqları iş başında görmək olar. Dövlət Satınalmalar Agentliyinin qeydlərinə əsasən, təkcə 2011-ci ildə bu şirkət dövlət büdcəsindən təqribən 62 milyon manatlıq müxtəlif sifarişlər (cədvələ bax) alıb. Qeyd edək ki, Satınalmalar üzrə Dövlət Agentliyinin qeydiyyat bazası heç də bütün dövlət sifarişlərini əhatə etmir.


CƏDVƏL. Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi məlumatına əsasən Azenco-nun aldığı dövlət sifarişlərinin bəziləri.

Sıra nömrəsi Sifarişçi
Sifariş
Podratçı şirkət
Kontraktın həcmi
13819 "Azərenerji" ASC-nin "Azərbaycan Elmi-Tədqiqat və layihə-Axtarış Energetika İnstitutu" MMCMühəndis-geoloji və hidrogeoloji qazma işlə-rini yerinə yetirmək üçün qazma maşınları-nın satın alınması"Azenco"2935000
10515 "Azərenerji" ASC-nin "Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu" MMCGeoloji cihazların satın alınması"Azenco"34077.11
1539"Azərenerji" ASCCari təmir işlərinin satın alınması"Azenco"49000.12
1383"Azərenerji" ASC Asiya İnkişaf Bankının dövlət zəmanətli krediti hesabına "220 kV Zabrat yarımstansiyasının və Hövsan-Şimal ES-Zabrat-Sənaye Qovşağı elektrik verilişi xətlərinin (220 kV Şimal xətləri-nin) tikintisi" layihəsi üzrə işlərin satın alınması"Azenco"58950728.64
Cəmi: 61968805.87


AZENCO-NUN TARİXÇƏSİ

Ekspertlər Azenco-nun energetika ilə bağlı tikinti sifarişlərini udmasına təəccüblənmirlər. Azenco vaxtilə Azərenerji ASC-nin tikinti qanadı olan Azərenerjitikinti ASC-nin bazasında yaradılıb və bu sahədə böyük təcrübəyə malikdir.

Amma Turan informasiya agentliyinin eksperti Hafiz Babalı böyük potensialı olan tikinti nəhənginin özəl əllərə verilməsində sual doğuran məqamları xatırladır. Onun sözlərinə görə, Azərenerjitikintinin 97,5 faizinin bir şirkətin - İnterenerjinin əlinə keçməsi özəlləşdirmənin açıq hərracda deyil, o qədər də şəffaf olmayan investisiya müsabiqəsi yolu ilə həyata keçirilməsi sayəsində mümkün olub:

“İnvestisiya müsabiqəsində rəqiblərin kim olduğu, hansı təkliflərin verildiyi belə açıqlanmadı”.

Gələcək "Baku Crystal Hall"
Gələcək "Baku Crystal Hall"


İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin direktoru Azər Mehtiyev deyir ki, Azenco ölkədə böyük neft pullarının mənimsənilməsi üçün istifadə olunan sxemin bariz nümunəsidir:

"Böyük neft pullarının gəlişi, dövlət mülkiyyətinin bölünməsi və iqtisadiyyat sahələrinin inhisara alınmasının paralel getməsi sayəsində neft pullarının mənimsənilməsinə şərait yaradan bir sistem qurulub. Neft pulları ilə maliyyələşən böyük infrastruktur layihələri əsasən yüksək vəzifəli məmurlara aid şirkətlər arasında bölüşdürülür və mənimsənilir.

Vergi strukturlarının şirkətlərin sahibləri ilə bağlı məlumatları gizli saxlaması, bir çox hallarda isə dövlət sifarişlərinin ofşor zonalarda yaradılan, sahibi bilinməyən şirkətlərə verilməsi ictimaiyyətin prosesə nəzarətini qeyri-mümkün edir".

Mehtiyevin sözlərinə görə, prezidentin ailəsinin biznes maraqları ilə bağlı məlumatları əldə etmək xüsusilə çətindir.

PREZİDENT ÖZ GƏLİRLƏRİNİ BƏYAN EDİBMİ?

Azərbaycanda 2004-cü ildə qəbul edilən "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə, vəzifəli şəxslər özlərinin və ailə üzvlərinin gəlirlərini və gəlir mənbələrini bəyan etməyə borcludurlar. 2005-ci il avqustun 9-da (278 saylı fərman) prezident fərman verərək Nazirlər Kabinetinə tapşırıb ki, iki ay müddətində bəyannamə formasını hazırlasın. Amma indiyə qədər, nə forma hazırlanıb, nə də prezident də daxil olmaqla, hansısa məmur gəlirlərini bəyan edib.

Seçkilərdən əvvəl bütün namizədlər üçün məcburi olan gəlir bəyannaməsini prezident və onun deputat olan xanımının təqdim edib-etmədiyi bəlli deyil. Mərkəzi Seçki Komissiyası bu barədə sorğulara cavab vermir. Azərbaycan prezidenti 2011-ci ilin əvvəlində ölkədə korrupsiyaya qarşı mübarizədə sərt addımların atılacağını bəyan edib.

Onun özünün və ailə üzvlərinin qeyri-şəffaf özəlləşdirmə və investisiya layihələrindən yararlanması ilə bağlı suallar isə hələ də cavabsız qalır.

-------------
Mayın 7-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva «Eurovision-2012» mahnı müsabiqəsinin keçiriləcəyi «Baku Crystal Hall»un açılışında iştirak edib. Mərasimdən yayılan rəsmi fotolar:

XS
SM
MD
LG