Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:59

Xanım bank müdirinə 10 il həbs istənildi


"Dəmirbank" ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətliyə 10 il həbs cəzası istənilib. İyunun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Dövlət ittihamçısı deyib ki, 32 yaşlı Fərəh Rəşadətlinin təxminən 3.5 milyon manatlıq əmanəti mənimsəməsi məhkəmədə sübuta yetirilib.

Sabiq filial müdiri ilə birlikdə mühakimə olunan şəxslərdən xəzinədar Tamamgül Xanlarovaya 2 il islah işləri, bankın əməkdaşı Fariz Qarayevə isə bir il həbs cəzası verilməsi təklif olunub.

"Dəmirbank"ın nümayəndəsi də məhkəmədə mülki iddia qaldıraraq, banka dəyən maddi və mənəvi ziyana görə təqsirləndirilən şəxslərin 100 min manat ödəməsini tələb edib.

Məhkəmə iyunun 8-də davam edəcək. Təqsirləndirilən şəxslərin vəkilləri çıxış edəcək, özləri isə son sözlərini deyəcəklər.

Cinayət işinin materiallarında yazılıb ki, Fərəh Rəşadətli rəhbərlik etdiyi filiala qoyulmuş təxminən 3, 5 milyon manatlıq vəsaiti mənimsəyib. Əmanətlər müştəridən alınsa da, banka qoyulmayıb.

Əmanətçilər bir-biriylə quda olan iki ailənin üzvləridir. Bunlardan biri Təhsil Nazirliyinin sifarişi ilə dərsliklər çap edən "Təhsil" nəşriyyatının mərhum rəhbəri Bəhruz Axundov, onun həyat yoldaşı və gəlinləridir. Digər ailə isə Xalq şairi Xəlil Rza Ulutürkün gəlini və nəvələridir.

İttihama görə, mərhum Bəhruz Axundovun 800 min, həyat yoldaşı Əzizə Axundovanın 1 milyon 225 min, gəlini Gülnur Axundovanın 300 min manatı mənimsənilib.

Digər əmanətçilərin hər birinə dəymiş ziyanın 100 min dollardan 400 min manata qədər olduğu bildirilir.

Fərəh Rəşadətli istintaq dövründə həbsdə olmayıb. Amma məhkəmənin ilk iclasında zalda həbs edilib. Digər iki təqsirləndirilən şəxs həbsdə deyil.

Onlar özlərini qismən təqsirli biliblər.

XS
SM
MD
LG