Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:21

Köləlikdən məktəbə: 25 yaşında 1-ci sinfə gedib


25 yaşlı 1-ci sinif şagirdi
25 yaşlı 1-ci sinif şagirdi

25 yaşlı Qırğızıstan sakini ilk dəfə parta arxasında oturub

“A, B, D, vay, V”, - bəzi hərfləri Andrey hələ də səhv salır. Rus əlifbasındakı “myaqkiy znak”ı isə o, “R” hərfi ilə qarışdırır. Əksər insanlar kimi, onun da həyatında birinci kitab əlifba olub. Ancaq fərq ondadır ki, bu kitabı uşaqlıqda deyil, indi əlinə alıb. Andreyin artıq 25 yaşı var.

Qırğızıstanda yaşayan Andrey Syomkin gələcək planlarını bölüşür:

“Bir aydır burada oxuyuram. İndi gərək oxumağı başa çatdırım ki, sonra harasa qəbul oluna bilim”.

Valideynləri içirmiş

Andrey ölkənin cənub şəhərlərindən birində, yoxsul ailədə böyüyüb. Valideynləri hər gün içirmiş. Oğullarının təhsili ilə məşğul olmaq onların ağlına da gəlməyib.

Andreyin sözlərinə görə, həyat onu hələ uşaq vaxtlarından pul qazanmağa məcbur edib:

“Valideynlərim günahkardır. Onlar çox içirdilər. Heç kim mənimlə məşğul olmurdu. Mən özüm məktəbə getdim, amma ora götürmədilər. Dedilər ki, sənin pulun yoxdur, səni necə götürə bilərik? Məktəbə götürmədilər məni”.

Əsrin dörddə birini ölkəboyu əzab-əziyyət içində, sərgərdan gəzdikdən sonra Andrey Bişkekdəki “bomj”lar – bəli yaşayış yerində qeydiyyatı olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş sığınacağa gəlib çıxır.

Onun kədərli həyat hekayətindən məhdud imkanlı şəxslər üçün mərkəzdə çalışanlar xəbər tuturlar. Bu mərkəzin işçiləri ancaq əlillərlə çalışsalar da, cavan oğlana kömək etmək qərarına gəlirlər.

“Əsas odur attestat alsın”

Reabilitasiya Mərkəzinin direktoru Gülnarə Amankulova deyir:

“O, indi qətiyyətlə təhsil almağa köklənib. Biz, əlbəttə, onu məktəbə hazırlayacağıq. Ola bilər, bu gecə məktəbi olsun. Əsas odur ki, attestat alsın, onun sonrakı taleyi ilə də məşğul olarıq”.

Direktor sözünə davam edir:

25 yaşlı Andrey müəllimi ilə
25 yaşlı Andrey müəllimi ilə

“Bir çox insanlar belə çətin vəziyyətə ona görə düşürlər ki, lazımi anda yanlarında kömək edəcək insanlar olmur. Andreyinsə normal insan olmağa möhkəm iradəsi var”.

Mərkəzdə Andreyə iş də tapıblar – indi dalandar çalışır. O etiraf edir ki, bu iş məşğul olduğu ən asan işdir. Maaşı az olsa da, yaşayışına yetir.

Qul əməyi

Andrey Syomkin başına gələnləri belə danışır:

“Çox yerdə işləmişəm. Məsələn, yükdaşıyan olmuşam. Bəzən, gecələr yük boşaltmışıq: un, qənd, sement, armatur, ağır dəmir. Çobanlıq da etmişəm. Hamı aldadırdı. Çox işləyirdim, istirahət istəyirdim, vermirdilər. Pula gəlincə, aldadırdılar”.

Andreyin dediyinə görə, qonşu şəhərdəki kərpic zavodunun direktoru ona muzdla heyvanlara baxmağı tapşırıb. Direktor gənc oğlanın pasportunu əlindən alıb və 7 ay əməyini istismar edib. İşinə görə ona pul da verməyib. Andrey, çətinliklə də olsa, bu əzabdan qurtara bilib.

Andreyin adi arzuları

İndi o, boş vaxtlarında sevimli kinolarına baxır. DVD-pleyer-i mərkəzdən veriblər. Amma birinci növbədə təhsili haqqında düşünür. Düzdür, hələ də öz adını düz-əməlli yaza bilmir.

Andrey avtomexanik olmağın xəyalını qurub. O ümid edir ki, xeyirxah insanların köməyi ilə təhsil alacaq və cəmiyyətin tamhüquqlu üzvü olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG