MTN generalı, nazirliyin Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarov deyir ki, təqsirsizdir.
O, mayın 25-də Bakı Apellyasiya Məhkəməsində çıxışında bu barədə danışıb.
12 il azadlıqdan məhrum edilməsinə dair hökmün əsassız olduğunu deyən Çovdarovun sözlərinə görə, zərərçəkmiş qismində tanınıb onun üzünə duranların özləri dələduzluqla məşğul olub.
Çovdarov çıxışının sonunda haqqındakı hökmün ləğv olunmasını və ona bəraət verilməsini istəyib.
Prokuror da çıxış edib. O deyib ki, Çovdarov və keçmiş işçiləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanov haqqında hökmün ləğvi üçün heç bir əsas yoxdur.
Dövlət ittihamçısı apellyasiya şikayətlərinin təmin olunmamasını, Çovdarovun 12, Səlim Məmmədovun 11, Akif Əliyevin 5, Orxan Osmanovun isə 4 il azadlıqdan məhrum edilməsinə dair hökmün qüvvədə saxlanmasını istəyib.
Hakimlər qərar vermək üçün müşavirəyə gediblər. Məhkəmənin qərarı mayın 29-da məlum olacaq.
Xatırlatma
Akif Çovdarov və işçiləri 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra həbs olunublar.
Ümumilikdə həbs edilən MTN-çilərin sayı 20-dən artıq olsa da, istintaqın sonunda onlar bir neçə qrupa bölünüb və işləri ayrı-ayrılıqda məhkəməyə göndərilib.
Məhkəmənin oktyabrın 30-da elan etdiyi hökmlə Akif Çovdarov və digərlərinə uzunmüddətli həbs cəzası verilməklə yanaşı, onların hərbi rütbələrdən məhrum edilməsi üçün prezidentə və Dövlət Təhlükəsizliyi Xidmətinə təqdimat göndərilməsi haqda xüsusi qərar da çıxarılıb.
2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.