Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:48

Vəzifəsini itirən FTB başçısı 2 milyon dollarlıq kitab kontraktı imzalayıb


Britaniya mətbuatı yazır ki, keçmiş FTB direktoru James Comey 2 milyon dollarlıq kitab kontraktı imzalayıb.

Onun yazacağı kitabda hökumət karyerasından, liderlik və qərarlar qəbul etmək texnikasından və əlbəttə, Donald Trump tərəfindən vəzifəsindən qovulmasına səbəb olan siyasi dramadan bəhs olunacaq.

Kitab naşirinin dediyinə görə, Comey bu kitabında həmçinin FTB-nin Hillary Clinton-un emaillləri və Trump-la Rusiya arasında iddia olunan əlaqələrlə bağlı qalmaqalları necə araşdırdığından söhbət açacaq.

Donald Trump Comey-ni FTB direktoru vəzifəsindən ötən may ayında azad edib.

Bunun ardınca prezident NBC News kanalına demişdi ki, onun bu qərarı FTB-nin “Rusiya əlaqələrini” araşdırmasından qəzəblənməsi ilə bağlı olub.

Comey Konqres dinləməsində verdiyi ifadədə iddia etmişdi ki, Trump onun milli təhlükəsizlik müşaviri Michael Flynn-ə dair təhqiqatı dayandırmasını istəyib.

Kitabın hüquqlarını almış Flatiron nəşriyyatı bildirir ki, Comey bu kitabda son iki onillikdə ABŞ hökumətində baş vermiş “ən maraqlı hadisələrin” nümunələrinin olacağını vəd edib.

Comey kitabda vəzifəsindən çıxarılmasına səbəb olmuş siyasi dramadan bəhs edəcək
Comey kitabda vəzifəsindən çıxarılmasına səbəb olmuş siyasi dramadan bəhs edəcək

Kitab hazırda adsızdır və gələn yazda çap olunması planlaşdırılıb.

Flatironun bəyanatında deyilir ki, “özünün karyerası boyunca ölkəmizə xidmət edən Comey bir çətin qərarın ardınca başqasını qəbul etməli olub”.

“Direktor Comey bizə hakimiyyət dəhlizlərinə misilsiz giriş verəcək və liderlik dərsi keçəcək” – deyilir annotasiyada.

Kitab kontraktının danışıqları ilə tanış mənbələr bildiriblər ki, kitabın nəşri üçün hərraca bir neçə nəşriyyat qoşulmuşdu və nəticədə qiymət 2 milyon dollara çatıb.

Son 20 ildə Comey həm demokratlar, həm də respublikaçılar tərəfindən həm tənqid, həm də tərif olunub.

O 2004-cü ildə George W Bush administrasiyasının vətəndaşların izlənməsi proqramına sanksiya verilməsi üçün baş prokuror John Ashcroft-a təzyiq göstərməsinə etiraz əlaməti olaraq Ədliyyə Nazirliyindən istefa verəcəyi ilə hədələyən rəsmilərdən biri olmuşdu.

2016-cı ilin seçki kampaniyası zamanı Comey Hillary Clinton-un şəxsi emailləri ilə bağlı bir-birinə zidd iki bəyanat verməklə xəbər başlıqlarına çıxmışdı.

Hillary Clinton sonralar məğlubiyyətinin əsas baiskarı kimi Comey-nin adını çəkirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG