Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:46

Azərbaycanda yenidən bahalaşma gözlənir?


Məscid
Məscid

-

Sivilizasiyalararası münasibətlər, ölkənin iqtisadi vəziyyəti, əhalinin banklardan narazılığı və yenidən bahalaşma gözləntiləri bu gün medianın aparıcı mövzusudur.

MULTİKULTURALİZMİN ƏN MÜKƏMMƏL ÖRNƏYİ...

«Azərbaycan» qəzetində «Sivilizasiyaların toqquşmasından əməkdaşlığa doğru» adlı məqalə dərc edilib.

Məqalə gələn həftə keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Bakı Qlobal Forumuna həsr edilib. Yazının müəllifinin düşüncəsinə görə, hazırda dünyada sivilizasiyaların toqquşduğu bir zamanda Azərbaycan belə bir problemlə üzləşmir. «Əksinə, Azərbaycan fəal əməkdaşlıq və sıx dialoqun, sağlam təmasın mövcud olduğu az saylı ölkələrdəndir. Fərqli dinlər, mədəniyyətlər daşıyıcısı olan xalqların, etnik qrupların tarixin bütün dövrlərində mehribanlıq şəraitində yaşadığı respublikamız bu gün dünya miqyasında tolerantlığın və multikulturalizmin ən mükəmməl örnəyini yaradıb. Bu örnəyin, modelin müəllifi Azərbaycan xalqıdır, dövlətidir. Bunu həyata keçirən siyasətin - Prezident İlham Əliyevin kursunun əsas məğzini isə belə ümumiləşdirmək olar: dini, milli, mədəni müxtəliflik Azərbaycanda ayrı-seçkilik yaratmır. Əksinə, fərqlilik Azərbaycan cəmiyyətini zənginləşdirir»,-deyə İxtiyar Hüseynli adlı müəllif yazır.

Nemət Əliyev
Nemət Əliyev

YA BAHALAŞMA, YA DA…

«Azadlıq» qəzeti ölkədəki iqtisadi vəziyyəti ekspertlərlə müzakirə edib.

İqtisadçı Nemət Əliyev qəzetə deyib ki, hazırkı şərtlər daxilində ticarət şəbəkələrinin çoxu fəaliyyətinin dayandıracaq: «Növbəti bahalaşma qapının ağzındadır. Ona görə də, ticarət sistemi rəhbərləri nazirliklərə müraciət edirlər».
N.Əliyev deyir ki, indiki halda ya növbəti bahalaşma olmalı, ya da vergi dərəcələri aşağı salınmalıdır. Ekspert hər iki halın mümkün nəticələrindən bəhs edir: «Bu yollardan biri- bahalaşma əhalini daha da müflis edəcək. Digəri isə sosial, iqtisadi, infrastruktur layihələrinin həyata keçirilməsini məhdudlaşdıracaq».

Başqa bir iqtisadçı Samir Əliyev də təqribən oxşar proqnoz verir. Onun fikrincə, ölkənin ticarət sistemi neftin dəyərinin yüksək olduğu vaxtlarda kifayət qədər vergidən yayınıb. İndi isə onlar Əlavə Dəyər Vergisindən yaxa qurtarmaq istəyirlər.

S.Əliyev də çıxış yolunu vergi dərəcələrini azaltmaqda görür.

Bakıda supermarket
Bakıda supermarket

İQTİSADİ İNKİŞAF «DALANA» DİRƏNİB

«Novoye Vremya» qəzeti də bir sıra supermarket rəhbərlərinin iqtisadiyyat naziri Şahin Mustafayevə müraciəti fonunda ölkədə sahibkarlığın problemlərinə diqqət çəkib.

«Qəlb harayı eşidildimi?» sərlövhəli məqalədə oxuyuruq: «Belə görüşlər problemi köklü şəkildə həll edə bilməz. Ən yaxşı halda durumu müəyyən müddətə gərginlikdən qurtarar».

Məqalədə qeyd edilir ki, iş adamlarının şikayətlərinin dinlənilməsi üçün apellyasiya şuraları yaradılıb. Amma indiki halda bu qurum özünü göstərmir. Müəllif çıxış yolunu çevik idarəetmədə və təcili islahatlarda görür: «İqtisadiyyatın inkişafı neftin qiymətinin yüksəlməsindən çox, ölkənin siyasi sisteminin modernləşdirilməsindən asılıdır. Bunsuz ölkə iqtisadiyyatında köklü islahatlar mümkün deyil».

Müəllifin düşüncəsinə görə, ölkədə müstəqil məhkəmə olsaydı, nazirə müraciətə ehtiyac yox idi. Müstəqil məhkəmə inhisarçıların da, korrupsionerlərin də öhdəsindən gələrdi: «Hakimiyyətin iqtisadi islahatları konkret addımlara dönmədikcə, belə müraciətlər çox olacaq. Bu isə iqtisadi inkişafın dalana dirəndiyini göstərir. Nazirlər isə yanğınsöndürənlər kimi ictimai narazılıq ocaqlarını söndürməli olacaqlar. İndi irimiqyaslı iqtisadi islahatların vaxtıdır».

Əkrəm Həsənov
Əkrəm Həsənov

CƏZASIZLIQ SOYĞUNÇULUĞUN ƏSASIDIR…

«Azərbaycanın Mülki Məcəlləsində deyilir ki, banklar kreditlərlə bağlı faizləri ildə bir dəfə tutmalıdır. Amma Azərbaycan bankları bu qaydaya əməl etmir».
Hüquqşünas Əkrəm Həsənov bu fikri «Exo» qəzetinə bildirib. «Azərbaycan banklarının qanunsuz əməllərindən müştərilərin 99 faizi əziyyət çəkir» sərlövhəli məqalədə ölkənin bank sektorundakı vəziyyət təhlil edilir.

Ə.Həsənov qəzetə deyib ki, bütün banklar müştəri ilə müqaviləyə aylıq faizlərin silinməsi maddəsini salıb. Bu da müştərilərə ciddi problemlər yaradır: «Bununla da borclular bir neçə dəfə artıq pul ödəyir, borcu bağlamaq müddəti isə uzanır».

Hüquqşünas bildirib ki, hazırda bu məsələlərlə bağlı məhkəmə araşdırmaları başlayıb: «Son vaxtlar ölkə vətəndaşları maliyyə məsələlərinə diqqətlə yanaşırlar. Əvvəllər bankların qanunsuz əməllərinə göz yumulurdusa, bu gün artıq situasiya dəyişir».

Ə.Həsənovun düşüncəsinə görə, kommersiya qurumları cəzasız qalacaqlarına əmin olduqlarından əhalini soymaqda davam edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG