Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:37

Hər 7 uşaqdan 1-i çox çirkli hava udur


Foto illüstrasiya
Foto illüstrasiya

Dünyada 300 milyon uşaq ətraf mühitin son dərəcə zəhərli olduğu zonalarda, beynəlxalq normalardan azı 6 dəfə çirkli yerlərdə yaşayır. BMT-nin Uşaq Fondu olan UNICEF-in yeni hesabatında belə deyilir.

Hesabatın hazırlanması zamanı ilk dəfə olaraq süni peyklərdən çəkilmiş şəkillərdən istifadə olunub. Məhz bu şəkillərdə 2 milyarda qədər uşağın Ümumdünya Səhiyyə Təşkilatının normalarını aşmış, nəqliyyatın, yanacaqdan aşırı istifadənin, zibillərin yandırılmasının çirkləndirdiyi mühitdə yaşadığı görünür.

ASTMA XƏSTƏLİYİ ÇİRKLİ YERLƏRDƏ YAYILIB

Mütəxəssislər bildirirlər ki, uşaqların orqanizmi çirkli havaya böyüklərdən daha həssasdır. Çünki körpələrin ciyərləri, beyni, immun sistemi tam formalaşmış deyil, hələ inkişaf etməkdədir. Üstəlik, uşaqlar böyüklərdən sürətlə nəfəs aldığından daha çox hava udur, beləliklə, həddən artıq çirkli hava onların tənəffüs yollarına daha tez nüfuz edir.

Hesabatda deyilir ki, həm bayırda, həm də qapalı məkanda havanın çirklənməsi pnevmoniya və başqa respirator xəstəliklərlə nəticələnir. Yaşı 5-dən aşağı uşaqlarda ölüm hallarının 10-dan 1-nə səbəb məhz bu xəstəliklərdir. Məsələn, yaşı, əsasən, 10-dan aşağı uşaqlarda astma xəstəliyi havanın çirkli olduğu yerlərdə daha çox yayılıb. Belə bölgələrdə astmadan əziyyət çəkən uşaqlar həkimə daha tez-tez müraciət edir və daha artıq dərman qəbul edirlər.

Havanın həddən artıq çirklənməsi ildə 600 min uşağın ölümünə səbəb olan əsas faktorlardan biridir və hələ milyonlarla uşağı bu təhlükə gözləyir.

Kömür sobası
Kömür sobası

ÇİRKLİ VƏ KASIB BÖLGƏLƏR

Hesabat çirkli mühitdən əziyyət çəkən uşaqların sayı ilə kasıb bölgələr arasında birbaşa əlaqəni üzə çıxarıb.

Xüsusilə gəlirlərin aşağı olduğu kənd yerlərində uşaqlar qapalı məkanda da havanın çirklənməsindən əziyyət çəkir. Çünki belə yerlərdə evləri qızdırmaq, yemək hazırlamaqdan ötrü yanacaq vasitəsi kimi kömürdən və ağacdan istifadə olunur.

Həm də açıq hava ilə müqayisədə qapalı məkanda havanın çirklənməsi daha çox uşağın ölümünə səbəb olur. Afrika və Asiya bu problemin ən çox qabardığı bölgələrdir.

Qaçqın və miqrant düşərgələrində də çadırlarda qalan uşaqlar odun tüstüsündən əziyyət çəkir, gecə-gündüz zəhərli hava ilə nəfəs almaqla gələcək həyatlarının təhlükədə olduğundan xəbərsiz yaşayırlar.

ASİYANIN CƏNUB BÖLGƏSİ BİRİNCİDİR

Şəhər yerlərində isə açıq hava təhlükəyə çevrilib, uşaqlar sənaye obyektlərinə, yanacaq vasitəsi olaraq peyinlə işləyən elektrik generatorlarına, zibilliyin tüstüsünə yaxın yerlərdə yaşayırlarsa, zəhərlənirlər.

Çirkli mühitdə yaşayan uşaqların sayına görə Asiyanın cənub bölgəsi birinci yerdədir. Burada 620 milyon, Afrikada isə 520 milyon, Şərqi Asiyada və Sakit okean regionunda 450 milyon uşaq həddən artıq çirkli mühitdə qalır. Üstəlik, çirkli bölgələrin ərazisi genişlənməkdədir.

«Dünya əhalisi çoxalmaqdadır… Ölkələr sürətli sənayeləşmə nəticəsində inkişaf edir… Şəhərlərin və şəhər əhalisinin sayı artır və indi hərəkətə keçməsək, ekspertlər bu rəqəmlərin də durmadan artacağını proqnozlaşdırırlar». UNICEF-in icraçı direktoru Anthony Lake belə deyib.

Bir həftədən sonra Mərakeşdə BMT-nin iqlim dəyişikliyinə həsr edilmiş konfransı keçiriləcək. UNICEF dünya liderlərini ölkələrində ətraf mühitin çirklənməsinə qarşı ciddi tədbir görməyə çağırıb.

XS
SM
MD
LG