Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 03:39

Yeni rəy sorğusu Çinin dünyanın ən nikbin ölkəsi olduğunu üzə çıxarıb. Rəyi soruşulanların 87 faizi ölkələrinin düz yolda olduğunu düşünür.

7 ÖLKƏDƏ NİKBİNLİK BÖYÜKDÜR

«Ipsos Public Affairs» qurumunun keçirdiyi sorğu göstərib ki, sorğu keçirilən 27 ölkənin yeddisində əhalinin yarıdan çoxu öz ölkələrinin tutduğu yola müsbət yanaşır. Çin də həmin yeddi ölkədən biridir. Çindən sonra Hindistan (74 faiz), Səudiyyə Ərəbistanı (71 faiz), Cənubi Koreya (66 faiz), Kanada (58 faiz), Rusiya (57 faiz) və Serbiya (51 faiz) gəlir.

Sonuncu yeri Meksika tutub. Əhalinin cəmi 8 faizi ölkənin düzgün yolda olduğunu düşünür.

Birləşmiş Ştatlar 43 faizlə 10-cu yerdədir. Ancaq almanlara (42%) və israillilərə (41%) baxanda, amerikalıların durumu yaxşıdır.

Toplum halında götürdükdə isə dünya əhalisi elə də nikbin əhvalda deyil. Dünya əhalisinin cəmi 40 faizi ölkələrinin tutduğu kurs barədə müsbət fikirdədir. Avropa ölkələrinin bir neçəsi – Fransa (35%), İsveç (32%) və Britaniya (28%) nikbinliyə görə siyahının ortasından aşağı yerləri tutub.

NARAHATLIQ SƏBƏBLƏRİ

Narahatlığın əsas səbəbi iqtisadiyyatla bağlıdır. Üç əsas narahatlıq işsizlik, maliyyə/siyasi korrupsiya, yoxsulluq və sosial bərabərsizlikdir. Cinayətkarlıq və səhiyyə narahatlıq doğuran dördüncü və beşinci səbəblər kimi sadalanır.

Ancaq əsas narahatlıq səbəbləri ölkələr üzrə fərqlənir. Məsələn, macarıstanlıların əksəriyyəti – 70 faizi deyib ki, tibbi xidmətə çıxış onları əndişələndirən əsas məsələdir. Meksikalıların 67 faizi isə cinayətkarlıq və zorakılığı göstərib.

Dünyada yalnız dörd ölkə səhiyyənin əsas problem olduğunu dilə gətiriblər. Bunlar Macarıstan, Polşa, Birləşmiş Ştatlar və Kanadadır.

İspaniya, Cənubi Koreya və İtaliya əhalisinin 60 faizindən çoxu isə işsizliyi ən böyük problem sayır.

Mənəviyyat sarıdan ən çox əndişələnən ölkə dünyanın həm də ən nikbin ölkəsidir: Çində rəyi soruşulanların 47 faizi mənəvi aşınmanı ən böyük problem sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG