Keçid linkləri

2017, 23 İyun, Cümə, Bakı vaxtı 05:36

London 'ən gülməli övladını' yada saldı


Charlie Chaplin

Britaniya mətbuatı yazır ki, Londonun cənubundakı Brikston məhəlləsinin gur küçələrindən birindəki köhnə binaya əfsanəvi Charlie Chaplin-in xatirə lövhəsi vurulub.

The Guardian” birinci mərtəbəsində qəzet və baqqal dükanı yerləşən bu binanı Charlie-nin uşaqlıq evi yox, “uşaqlıqdan salamat qurtardığı ev” adlandırır.

İngilis Mədəni İrsi Cəmiyyətinin mavi xatirə lövhəsinin açılışını Britaniyanın komediya aktyorlarından Paul Merton aparıb.

Chaplin-in mavi xatirə lövhəsi
Chaplin-in mavi xatirə lövhəsi

Merton açılış mərasimində deyib ki, 20-ci əsrin ən böyük komediya dühalarından birinın ağır uşaqlıq illəri bu nimdaş binanaın mənzillərindən birində keçib.

Charlie və qardaşı Sidney bu evin mebelinə öz büdcələrindən 15 funt da artıq – 40 funr sterlinq vermişdilər. İndi ucuz bir divanın qiyməti hardasa 500 funt edir.

Merton bunu da əlavə edib ki, Chaplin-in erkən filmlərinin müəlliflik hüququ bitib, ona görə də “hər yerindən duran” bu filmlərin fraqmentlərindən “ağlına gələn kimi” istifadə edir.

Halbuki Chaplin-in bəzi qohumları və törəmələri bu gün də London sakinidirlər.

Chaplin-ın kötükcəsi, müğənni Kathleen lövhənin açılışına 7 yaşlı oğlu Jaydn-la gəlmişdi. Balaca Jaydn əlindəki iPhone-la ətrafı çəkir və deyirdi ki, onun ulu babası yaman gülməli adam olub.

İsveç komediya aktyoru Christer Jonsson bu mərasimə Chaplin-in qiyafəsində gəlmişdi.

Chaplinin doğum şəhadətnaməsi olmayıb, amma belə düşünülür ki, o, 1889-cu ildə Londonun Volvort (Walworth) adlanan məhəlləsində doğulub.

Artıq 1908-ci ildə o və qardaşı yetim idilər. Charlie-nin atası, Sydney-in isə atalığı əyyaşlıqdan ölmüşdü. Anası oğlanlarını iki dəfə yerli fabrikə işə göndərmişdi. Bir neçə ildən sonra anaları ruhi xəstəxanaya düşmüşdü. Sonralar həyatının bu dövrünü Charlie “puç olmuş uşaqlıq” adlandıracaq.

Amma 1908-ci ildə Charlie-nin bəxti gətirmişdi. Sydney onu özü ilə məşhur məzhəkəçi Fred Karnonun yanına aparmışdı. Sydney-i artıq burada işə götürmüşdülər. Charlie kiçik fasilələrdə adamları güldürməliydi.

Teatr impressariosunun “bu cılız, solğun bənizli, utancaq uşaqdan” ağlı bir şey kəsməsə də, Charlie dərhal səhnənin balaca ulduzuna çevrilmiş və Karno onunla elə həmin axşam kontrakt bağlamışdı.

Böyük diktator filmindən fraqment
Böyük diktator filmindən fraqment

Əslində, bu Charlie-nin ilk səhnə çıxışı deyildi. Onun valideynləri səyyar məzhəkə truppasında çalışmışdlar və onda aktyorluğa həvəsi anası Hannah oyatmışdı.

1910-cu ildə Charlie qardaşı Sydney-lə vidalaşmaq əvəzinə ona kiçik bir məktub qoyub Amerikaya yola düşmüşdü.

Burada o ssenarilər yazacaq, “Bizim çağlar”, “Böyük diktator” və “Şəhər işıqları” kimi filmlər çəkəcək, musiqilər bəstələyəcək və 20-ci əsrin ən böyük ulduzuna çevriləcəkdi.

Lakin İngilis Mədəni İrsi Cəmiyyətinin üzvü, qocaman jurnalist Greg Dyke demişkən, “London Chaplin-in bioqrafiyasında həmişəlik olaraq onun insanları ilk dəfə güldürdüyü şəhər kimi qalıb”.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG